Huquqaz.com

“Özəlləşdirmə çekləri yenidən tədavülə buraxılmasa,…” – Politoloqlardan çağırış

04.05.2023
2.945
“Özəlləşdirmə çekləri yenidən tədavülə buraxılmasa,…” – Politoloqlardan çağırış

Özəlləşdirmə çekləri ilə bağlı problem hələ də davam etməkdədir. Məsələnin həllinə çalışan çek sahibləri isə müxtəlif müraciətlərlə haqqlarının bərpasına çalışırlar. Belə ki, özəlləşdirmə çeklərinin hazırkı dəyəri ictimai nüfuzlu şəxslərlə yanaşı, sıravi vətəndaşları da qane edir. Bununla yanaşı, özəlləşdirmə haqqında qanunda və özəlləşdirmə prosesinin özündə də xeyli qüsurların olduğu deyilir. Hətta bu fonda ölkə başçısı İlham Əliyevə Açıq Məktub da ünvanlayıblar. Məktubda qeyd edilib ki, bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Belə ki, özəlləşdirmə çeklərinin üzərində yazılıb: “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir”. Qeyd etmək lazımdır ki, bu çeklərin hər birinin dəyəri eynidir. Özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda infilyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Açıq Məktubun tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133
Hamı bilməlidir ki, ulu öndər Heydər Əliyev tərəfindən verilən Miras Özəlləşdirmə Payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Çekləri – QANUNLA verilib!

Heydər Əliyevin “Özəlləşdirmə qanunu”nun icrası üçün verdiyi və imzaladığı 450-li Fərman qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək ücün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Vətəndaşların hüququnun bərpasının əhəmiyyətli olduğunu qeyd edən politoloq Yusif Bağırzadə Huquqaz.com-a açıqlamasında bildirib ki, çeklərin tədavül müddəti yenidən artırılmalıdır:

“Bu gün vətəndaşlarımızın əlində kifayət qədər istifadə edilməmiş çeklər var. Statistikaya görə, dövriyyəyə buraxılmış çeklərin 20 faizi hələ də əllərdədir və vətəndaşlar bu çeklərin bir gün istifadəyə yararlı olacağını düşünərək ümidlə saxlayırlar. Əgər yüzminlərlə vətəndaş hələ də çeklərini qoruyub saxlayırlarsa, deməli, prosesin məntiqi davamı olmalıdır. Müvafiq qurumlar və səlahiyyətli şəxslər problemin aktuallığını nəzərə alaraq, vətəndaşların hüquqlarının bərpasına şərait yaratmalıdır. Əgər çeklərin yenidən tədavülə buraxılması mümkün deyilsə, bu halda çek sahiblərinə kompensasiya ödənməlidir. Çünki özəlləşdirmə çeklərindən yararlanmaq vətəndaşların halal haqqıdır”.

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə də özəlləşdirmə çeklərinin yararsız kimi təqdim olunmasının doğru yanaşma olduğunu vurğulayıb:

“O vaxtı qanunla vətəndaşlara verilən özəlləşdirmə çekləri bu gün də qiymətli kağızlar hesab olunur. Sadəcə olaraq bəzi şəxslər vətəndaşların haqqına göz dikərək yanlış məlumatlarla çekləri dəyərdən salmağa çalışdılar. Bu gün vətəndaşların böyük əksəriyyəti vauçerlərin əhəmiyyəti barədə məlumatlıdırlar. Bu baxımdan hələ də çek sahibi olan insanlar hüquqlarının bərpasına can atırlar. Fikrimcə, çeklərin yenidən tədavülə buraxılması sosial vəziyyətin yaxşılaşmasına müsbət təsir edəcək. İstər sosial, istər iqtisadi, istərsə də hüquqi baxımdan çeklərin istifadəyə yararlı olması arzuolunandır”.

Özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılmasının vətəndaşın dövlətə inamına təsirsiz ötüşməyəcəyini bildirən politoloq Turan Rzayevə görə, vətəndaşların mövqeyi və gözləntiləri başadüşüləndir:

“Özəlləşdirmə çeklərinin bir neçə il öncə təkrar dövriyyəyə buraxılmasına baxmayaraq, bu imkandan yararlana bilməyən vətəndaşlar hələ də qalmaqdadır. Həmin vətəndaşlar səbirli davranaraq, daha çox səmərə əldə etməyə çalışırdılar. Təəssüf ki, onların istəkləri baş tutmadı və bu gün vauçerlərdən istifadə edə bilmirlər. Bütün hallarda özəlləşdirmə çekləri vətəndaşlara dövlət tərəfindən qanunla verilib. Vauçerlərindən istifadə edə bilməyən vətəndaşlar üçün şərait yaradılmalıdır. Ən pis halda vətəndaşlara kompensasiya ödənməsi vacibdir”.

Sonda onu da qeyd edək ki, bir müddət öncə internet üzərindən yayımlanan “Canlı Polemika” verilişində də yenidən vauçerlərlə bağlı problemə toxunulub.

 

Şərhlər

Şərh yazılmayıb.