Enerji potensialı
Enerji potensialı
Hazırda Azərbaycan özünün enerji siyasətinin yeni mərhələsinə qədəm qoyub. Bu mərhələ bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalını, onun istehlakını və ixracını əhatə edir. Azərbaycanda külək və günəş enerjisi mənbələrinin potensialı 200 qiqavata yaxındır. Həmin mənbələrdən enerji istehsalı xarici şirkətlərlə əməkdaşlıq şəraitində həyata keçirilir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanda elektrik enerjisi ilə bağlı mövcud daxili qiymətlər xarici sərmayədarlar üçün sərfəlidir. Hazırda “Masdar” və “ACWA Power” şirkətləri ilə iki layihənin icra olunduğunu qeyd edən Prezident cənab İlham Əliyev vurğulayıb: “Bunlar iki qlobal enerji şirkətidir və onlar bərpaolunan enerjiyə böyük sərmayələr yatırırlar. Bu iki müqavilə icra olunmaqdadır. Ümumi həcmi 470 meqavatdır. Bundan əlavə, ümid edirəm, bu yaxınlarda BP ilə təməlqoyma mərasimi olacaq. Bu, əlavə 240 meqavat təşkil edəcək. Beləliklə, üç əsas enerji şirkəti hesab edir ki, Azərbaycanda bərpaolunan enerji sahəsində qiymətlər, tənzimləyici qaydalar və biznes mühiti münasibdir. Belə olmasa, onlar sərmayə yatırmazdılar”.
Azərbaycanın bərpa olunan enerji mənbələrinin coğrafiyası kifayət qədər genişdir. Ölkəmizin Abşeron yarımadası, Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da yaşıl enerji zonasına çevirmək planları var. Naxçıvanda su elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur. Bu yaxınlarda orada ekspertizanın da aparıldığını bildirən dövlətimizin başçısı deyib: “Ola bilsin, yaxın vaxtlarda 500 meqavatlıq günəş elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı bəzi addımlarımız olsun. Eyni zamanda, Naxçıvanda ənənəvi elektrik stansiyaları da çox münasibdir. Çünki Naxçıvanın böyük ixrac potensialı mövcuddur, onun Türkiyə və İranla sərhədi var. Hər iki ölkədə elektrik enerjisinə artan tələbat var”. İstehsalın artması fonunda elektrik enerjisinin ötürülmə imkanlarının genişləndirilməsi zərurəti də gündəmədir.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc
Şərh yazılmayıb.