Huquqaz.com

Azərbaycan Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur

27.03.2023
1.845
Azərbaycan Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur

Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur.

Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib.

Zirvə görüşünün Ankarada keçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşıb. Belə ki, daha əvvəl Zirvə görüşünün Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir. Fövqəladə Zirvə görüşünün çağırılması dövlətimizin başçısının qeyd etdiyimiz bəyanatlarının davamıdır. Qardaş Türkiyədə baş vermiş son zəlzələlər ilə bağlı Azərbaycan Türkiyəyə ən çox dəstək göstərən ölkələrdən biri olmuşdur. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır. Bu, Azərbaycan-Türkiyə qardaşlığının növbəti bariz təzahürüdür. Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq. Cənab İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyənin bu zəlzələnin nəticələrini uğurla aradan qaldıracağını vurğulamışdır. Həmçinin Prezident İlham Əliyev Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi də dilə gətirmişdir. Cənab Prezident İlham Əliyev qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələdə həlak olanların ailələrinə, yaxınlarına, Türkiyə xalqına Azərbaycan xalqı adından başsağlığı diləmişdir.

Əsmər Əliyeva

Saatlı Tarix diyarşünaslıq muzeyinin əməkdaşı

Şərhlər

Şərh yazılmayıb.