Huquqaz.com

Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti

22.02.2023
1.786
Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti

Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti

XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Xocalı faciəsinə ilk siyasi qiymət kimi 1994-cü ildə Ümummilli liderimiz Heydər Əliyev xüsusi Fərman vermiş, Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli fərmanı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Təkzib olunmaz sənədlər, dəqiq və düzgün məlumatlar Azərbaycan dövləti, tarixçi alimlərimiz, ziyalılarımız və o dəhşətli hadisələri öz gözləri ilə görmüş, həmin hadisələrin iştirakçısı olmuş şahidlər tərəfindən dünya ictimaiyyətinə çatdırılıb və bu gün də bu iş davam etdirilir. Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident cənab İlham Əliyev Vətən uğrunda şəhid olanların və soyqırımına məruz qalanların xatirəsinin yad edilməsini və hər il anım mərasimlərinin keçirilməsini daim diqqət mərkəzində saxlayır. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası uğurla həyata keçirilir. “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır, bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilir. Artıq  Islam Konfransı Təşkilatına daxil 7 olan ölkələr Xocalı soyqırımını rəsmi olaraq qəbul etmişlər. Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya və Cibuti parlamentləri də Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisində tanımışdır. Habelə ABŞ-ın artıq 21 ştatı – Massaçusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi, Vest Virciniya, İndiana, Yuta, Nebraska, Havay, Montana, Arizona və Aydaho ştatlarının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunmuşdur. Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətinin, habelə Heydər Əliyev Fondunun dünyada apardığı təbliğatın, haqqa-ədalətə çağırışın nəticəsidir. Amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilən Xocalı qətliamı daima təbliğ edilərək gələcək nəsillərə çatdırılmalıdır. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Tarixi qələbə qazanan ordumuz bu qətliamın günahsız qurbanlarının qisasını aldı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu. Bu faciənin dünyada soyqırım kimi tanınmasında və haqq işimizin dünya ictimaiyyətinə çatdırılmasında bütün Azərbaycan Respublikası ictimai-siyasi birliklər, ictimai təşkilatlar, türk-Azərbaycan diaspor təşkilatları, tarixçilər, siyasi xadimlərlə yanaşı hər birimiz bu yolda öz mübarizəmizi yorulmadan davam etdirməliyik.

 

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

 

Şərhlər

Şərh yazılmayıb.