Zəngəzur dəhlizi adlandırılan dəhliz Ermənistanın ərazisindən keçəcək
Zəngəzur dəhlizi adlandırılan dəhliz Ermənistanın ərazisindən keçəcək
Qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın şanlı Qələbəsi ilə regionda yeni reallıqlar yarandı, Cənubi Qafqaz tarixin yeni mərhələsinə qədəm qoydu. İkinci Qarabağ müharibəsindən sonra ən çox müzakirə olunan məsələlərdən biri də regionda sülhün, əməkdaşlığın və təhlükəsizliyin bərpa olunmasında mühüm rol oynayacaq Zəngəzur dəhlizidir. Bu dəhlizin reallaşması regionun inkişafı, bütövlükdə türk coğrafiyası üçün mühüm əhəmiyyətə malik layihələrdən biri kimi dəyərləndirilir. Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru yolun bərpasına şərait yaratmaqla yanaşı, eyni zamanda, region ölkələrinin bu layihədən faydalanmasına geniş imkanlar yaradacaq. Zəngəzur dəhlizinin reallaşması region dövlətləri üçün də iqtisadi baxımdan faydalıdır. Yəni, altılıq formatında Ermənistan da bu dəhlizdən faydalana biləcək. İlk növbədə, bütün regional layihələrdən kənarda qalan bu ölkə logistik dalandan çıxacaq. Ermənistan, həmçinin Zəngəzur dəhlizi vasitəsi ilə Azərbaycan üzərindən keçməklə Şimal-Cənub, Şərq-Qərb magistrallarına da qovuşa bilər. Bu dəhliz Ermənistana xarici investisiyaların cəlbi, yeni iş yerlərinin açılması və sənaye müəssisələrinin bərpası üçün yeni imkanlar yaradacaq. Zəngəzur dəhlizi Ermənistanın region iqtisadiyyatına inteqrasiyasına da kömək edəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2021-ci il oktyabrın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun- Zəngəzur dəhlizinin təməlinin qoyulması mühüm tarixi əhəmiyyətə malikdir. Belə ki, Zəngəzur dəhlizinin açılması bütün türk dünyasının coğrafi birləşməsidir. Bu baxımdan dəhlizin əhəmiyyətini dövlətimizin başçısı 2009-cu il 3 oktyabr tarixində Naxçıvanda keçirilmiş Zirvə görüşündə açıqlamışdı. Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Beləliklə, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasını birləşdirən körpü rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr, o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacaq.
Elvin Xəlilov-Zərdab rayonu, Əlvənd kənd tam orta məktəbin direktoru
Şərh yazılmayıb.