Huquqaz.com

Bölgənin tarixi əhəmiyyəti, arxeoloji faktlar

22.11.2024
2.894
Bölgənin tarixi əhəmiyyəti, arxeoloji faktlar

Bölgənin tarixi əhəmiyyəti, arxeoloji faktlar.

“Kəlbəcər” toponimi. “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir.

Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır. Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Kəlbəcərdə “Türk qəbristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Alıbəyli, Kəlbəcər, Zar və başqa kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.

Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır.

BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsində işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi.

İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir.

10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verilmişdir.

Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olub.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

 

 

Yanşaq kəndinin yenidən qurulması və ümumilikdə 421 ailənin məskunlaşdırılması planlaşdırılıb.

Kəlbəcəri Azərbaycanın qala qapısı adlandırırlar. Bu qədim diyarın dörd tərəfi Azərbaycanda, eləcə də Qafqazda tanınan, təkrarolunmaz dağlarla əhatələnib. Təbiətin Kəlbəcərə bəxş etdiyi nemətdən biri də onu dünyaya tanıdan dirilik suyu – İstisudur.
1993-cü ildə erməni qəsbkarları tərəfindən Kəlbəcər işğal olunduqdan sonra bu qədim Azərbaycan diyarı tamamilə dağıdılmış, İstusu sanatoriyası da təcavüz nəticəsində yerlə-yeksan edilmişdir. Şanlı Zəfər qələbəsindən sonra işğaldan azad olunmuş bütün ərazilərimizdə yeni abadlıq-quruculuq və yenidən qurma işlərinə başlanılmışdır və bu gün cənab Prezidentimizin tapşırıqlarına əsasən və şəxsi nəzarəti altında Kəlbəcərdə də iri layihələr həyata keçirilir.

Hazırda Kəlbəcərdə bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, rayon dirçəldilir. Kəlbəcərin Yanşaq kəndində ümumilikdə 421 ailənin məskunlaşması planlaşdırılıb. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 121 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 218 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 218 evin 50-si ikiotaqlı, 112-si üçotaqlı, 41-i dördotaqlı və 15-i beşotaqlı olacaq. Burada, həmçinin 264 şagird yerlik məktəb, 80 yerlik uşaq bağçası tikiləcək. Kəlbəcər rayonunun Zallar kəndində ümumilikdə 487 ailənin məskunlaşması nəzərdə tutulub. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 137 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 350 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 350 evin 100-ü ikiotaqlı, 167-si üçotaqlı, 57-si dördotaqlı, 26-sı isə beşotaqlı olacaq. Burada, həmçinin 360 şagird yerlik məktəb, 120 yerlik uşaq bağçası inşa ediləcək. Kəlbəcər rayonunun ərazisində Tərtər çayının sol qolu olan Meydan çayının üzərində 3,4 meqavatlıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Rayonun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə “Çıraq-1” və 5,3 meqavat gücündə olan “Soyuqbulaq”, Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları “AzərEnerji” ASC tərəfindən tamamilə yenidən qurulub. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. I, II və III texniki dərəcəli yol iki, üç və dörd hərəkət zolağından ibarət olacaq. Bu yolun üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Tunellərin 12,3 kilometrlik hissəsində qazma işləri tamamlanıb. İlk yaşayış məhəlləsi 3,26 hektar ərazidə layihələndirilib. Yaşayış məhəlləsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə icra olunan Baş plan layihəsi çərçivəsində hazırlanıb. Məhəllədə dördmərtəbəli 3 və ikimərtəbəli 10 yaşayış binasının inşası nəzərdə tutulur. Burada 112 mənzildə ümumilikdə 460 nəfərdən çox sakin yaşayacaq. Məhəllədəki məktəbin ətrafında salınacaq yaşıllıq ərazi ictimai məkan funksiyasını yerinə yetirməklə əhalinin asudə vaxtının səmərəli keçirilməsinə xidmət edəcək. Rayonun Zar kəndində ümumilikdə 855 ailənin məskunlaşması planlaşdırılıb. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 243 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 547 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 547 evin 131-i ikiotaqlı, 289-u üçotaqlı, 92-si dördotaqlı, 35-i beşotaqlı olacaq. Burada, həmçinin 528 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası tikiləcək”.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

Şərhlər

Şərh yazılmayıb.