Huquqaz.com

Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir

22.11.2024
3.172
Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir

Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda əksini tapan müddəalarda Kəlbəcərin, Ağdamın və Laçının boşaldılması ilə bağlı vaxt öz əksini tapmışdı. Ermənilərin Kəlbəcəri 15 noyabr 2020-ci ildə boşaltması sənəddə qeyd edilsə də, əlavə vaxt istədikləri üçün dövlətimiz humanistlik göstərərək 10 gün vaxtı uzatdı. Halbuki, 1993-cü ildə Kəlbəcərin işğalı zamanı Ermənistan dinc əhalinin ərazidən çıxmasına humanitar dəhliz verməmiş, günahsız insanlar pusquya salınaraq kütləvi qətlə yetirilmişdi. Ermənilərin Kəlbəcəri boşaldan zaman törətdikləri vəhşiliklər isə dünyanın gözü qarşısında baş verirdi. Dünya dövlətləri sussalar da, bu barbarlığın fonunda Azərbaycanın uzun illər ərzində necə vəhşi tayfa ilə üz-üzə olduğunun şahidinə çevrildilər. Belə ki, ermənilər apara bildiklərini apardılar, apara bilmədiklərini yandırdılar, ekoloji terror törətdilər. Bütün bunlara vaxmayaraq 2020-ci il noyabrın 25-də Kəlbəcər Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi, diplomatik danışıqlarda da qalib olmasının göstəricisi idi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunmuşdu. İşğal nəticəsində 511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdü. İşğalçılar onlarla tarixi-mədəniyyət abidəsini, 97 məktəbi, 9 uşaq bağçasını, 116 kitabxananı, 43 klubu, 42 mədəniyyət evini, tarix-diyarşünaslıq muzeyini, 9 xəstəxananı, 75 tibb məntəqəsini, 23 ambulatoriyanı, 9 apteki, yüzlərlə inzibati binanı, minlərlə evi, çoxlu sayda texnikanı talan edib, dağıdıb və rayonun milyardlarla manatlıq sərvətini Ermənistana daşıyıblar. İşğaldan azad olunan Kəlbəcərə səfər edən Prezident cənab İlham Əliyev bu barədə danışarkən deyib: “Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar”. Prezident cənab İlham Əliyevin diqqət və nəzarəti altında hazırda azad Kəlbəcərdə kompleks işlər sürətlə həyata keçirilir. İnfrastruktur layihələr gerçəkləşdirilir, yollar, tunellər inşa olunur, su-elektrik stansiyaları qurulur, əhəmiyyətli obyektlərin bünövrələri qoyulur. Bu işlər nəticəsində Kəlbəcər əvvəlki şöhrətini özünə qaytarır.

İsaqbağı kənd tam orta məktəbinin direktoru-Dayangül Vəliyeva.

 

 

Bölgənin tarixi əhəmiyyəti, arxeoloji faktlar.

Düşmən tapdağı altında qalan digər rayonlarımız kimi Kəlbəcər rayonu da 30 ilə yaxın erməni vandalizminə məruz qalaraq sözün əsl mənasında viran qoyulub. Ölkəmizin qədim yaşayış məskənlərindən olan “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun inzibati statusuna gəlincə Kəlbəcərə inzibati rayon statusunun verilməsi 1930-cu ilə təsadüf olunur. İşğala qədər rayonun əhalisi 53 478 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv. km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.  Mənfur qonşumuz Ermənistanın ərazilərimizə təcavüzü zamanı 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu da işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Bu da azmış kimi, BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır. BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsində işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. Torpaqlarımızın azadlığı uğrunda gedən 44 günlük Vətən müharibəsində də Kəlbəcər rayonu böyük strateji əhəmiyyət kəsb edirdi. “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq” – Prezident İlham Əliyev. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verilmişdir. Vətən müharibəsində əldə etdiyimiz  Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib. 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini  dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.

Şıxbağı kənd tam orta məktəbinin direktoru-Sabir Əhmədov.

Şərhlər

Şərh yazılmayıb.