Huquqaz.com

Azərbaycanın liderliyi ilə yeni geosiyasi nizam yaranır

21.02.2023
1.820
Azərbaycanın liderliyi ilə yeni geosiyasi nizam yaranır

Münhen Təhlükəsizlik Konfransı dünya siyasi elitasının regional və beynəlxalq məsələləri müzakirə etdiyi mötəbər platformadır. Bu səbəbdən konfransda səsləndirilən fikirlər ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərinin gələcəyini müəyyən edir, münasibətlərin inkişafına mühüm töhfə verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mütəmadi olaraq təşkil edilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində önəmli görüşlər keçirir, reallıqları diqqətə çatdırır, ölkəmizin strateji maraqlarının qorunmasını təmin edir. Builki konfransda da cənab Prezident bir sıra vacib görüşlər keçirdi, Azərbaycanın xarici siyasəti, dost və tərəfdaş ölkələrlə münasibətləri, Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olunması kimi məsələlərlə əlaqədar prinsipial mövqeyini növbəti dəfə qətiyyətlə ifadə etdi.

Münxen Təhlükəsizlik Konfransında səsləndirilən fikirlər bir sıra əhəmiyyətli nüansların üzərinə işıq saldı:

Azərbaycan güc mərkəzləri üçün vacib, etibarlı və perspektivli tərəfdaşdır. Ölkəmizlə münasibətlərin inkişafı və əməkdaşlığın dərinləşdirilməsi strateji önəm daşıyır.

Beynəlxalq ictimaiyyət postmüharibə dövrünün reallıqlarını məhz Azərbaycanın haqlı mövqeyi fonunda dəyərləndirir, Bakının təklif və təşəbbüsləri əsas götürülür. Xüsusilə də, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması kimi məsələlərdə ölkəmizin təqdim etdiyi təkliflər baza prinsipləri kimi qəbul edilir, çünki beş prinsip beynəlxalq hüquq normalarına və sivil dəyərlərə əsaslanır. Yekun saziş ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsiplərinə əsaslanmalıdır. İki dövlət məhz Azərbaycanın təklif və təqdim etdiyi prinsiplər əsasında nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər.

Azərbaycan qətiyyətli mövqeyindən bir addım da geri çəkilmək niyyətində deyil və strateji hədəflərinə doğru inamla addımlayır. Bu isə Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və təhlükəsizlik, qarşılıqlı faydalı əməkdaşlıq mühitini təmin etmək üçün mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev növbəti dəfə siyasi sabotaj və manipulyasiya cəhdlərinin qarşısını aldı. Bir daha qətiyyətlə bəyan edildi ki, Azərbaycan öz hərbi-siyasi gücü ilə yeni reallıq yaradıb. “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur, Qarabağ və Şərqi Zəngəzur var. Qarabağ aranlı-dağlı Azərbaycanın ərazisidir. Azərbaycan dövləti Qarabağda yaşayan erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin olunması ilə əlaqədar aydın və konkret mövqe ortaya qoyur. Sülh danışıqlarında isə Qarabağ mövzusu yoxdur. Qarabağ Azərbaycanın daxili işidir.

Münxen Təhlükəsizlik Konfransının ümumi mənzərəsi Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi-diplomatik müstəvidə möhkəmləndirildiyini göstərir.

Regionda Azərbaycanın liderliyi ilə yeni geosiyasi nizam yaranır. Ölkəmizin strateji seçimləri, yanaşması, iradəsi və mövqeyi bəllidir. Atdığımız addımlar milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanır, sülhə və təhlükəsizliyə xidmət edir. Prezident İlham Əliyevin cəsarətli addımları, qətiyyətli mövqeyi qarşıda duran bütün strateji hədəflərə çatmağa imkan verəcək. Ermənistanın və havadarlarının isə yeni reallıqlarla barışaraq konstruktiv mövqe sərgiləməkdən və sülh prosesinə töhfə verməkdən başqa şansları yoxdur.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

Şərhlər

Şərh yazılmayıb.