Huquqaz.com

Əməkdaşlığımızın böyük tarixi əsasları mövcuddur

26.08.2023
2.383
Əməkdaşlığımızın böyük tarixi əsasları mövcuddur

Avqustun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə səfəri bir daha təsdiq edir ki, Mərkəzi Asiyanın  böyük ölkələrindən olan Özbəkistanla Azərbaycanın dostluq münasibətləri onlar arasında iqtisadi əməkdaşlığın genişlənməsini zərurətə çevirib. Şübhəsiz ki, ölkələrimiz arasındakı münasibətlər dərin köklərə söykənir. Elə ona görə də Özbəkistan dövləti  həm Qarabağ münaqişəsi zamanı, həm də postmüharibə dövründə daim ölkəmizə dəstək verib. Bu mənada deyə bilərik ki, Özbəkistan 2008-ci ilin martında BMT Baş Assambleyasında səsverməyə çıxarılmış «Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət» adlı qətnamənin lehinə səs verən yeganə Mərkəzi Asiya ölkəsi olub.

Hazırkı dövrdə iki ölkə arasındakı münasibətlər TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər qurumlar çərçivəsində daha da inkişaf edir. Xüsusi vurğulamaq lazımdır ki, Şavkat Mirziyoyev iyulun 9-da  Özbəkistanda keçirilən Prezident seçkilərində özbək xalqının mütləq çoxluğunun səsini qazanmışdır. Həmin seçkilərdən sonra ilk xarici səfərini Azərbaycana etməsi bir daha göstərir ki, iki ölkə arasındakı dostluq əlaqələri yüksələn xətlə inkişaf edir. Bundan başqa, Prezident İlham Əliyevlə Prezident Şavkat Mirziyoyev arasındakı şəxsi dostluq münasibətləri əlaqələrin genişlənməsinə mühüm töhfələr verir.

Bugünədək iki ölkə arasındakı 160-dan çox saziş imzalanıb. Özbəkistan Prezidentinin Bakı səfərində isə daha geniş sferada iqtisadi- mədəni əlaqələrin  yaradılması nəzərdə tutulub. Belə ki, Özbəkistan və Azərbaycan bir-biri üçün yeni bazarlara çıxışın təmin edilməsində unikal imkanlar yarada bilər. Əlverişli coğrafi mövqelərimiz sayəsində    Azərbaycan Asiya bazarlarına, Özbəkistan isə  Avropa bazarlarına çıxış imkanı əldə edə bilər. Xüsusilə gələcəkdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM) və ya Orta Dəhlizə çıxış Özbəkistana yeni inkişaf imkanları qazandıracaq.

2022-ci ildə Özbəkistanla Azərbaycan arasında qarşılıqlı ticarətin illik həcmi artıb. Belə ki, ötən il bu göstərici 181, 2 milyon dollara çatdırılıb. Bu isə əvvəlki ildəkindən 52,4 faiz çoxdur. Eyni zamanda, son illər ərzində birgə müəssisələrin sayı əhəmiyyətli dərəcədə artıb. 2023-cü il  iyulun-1-nə olan məlumatlara görə, Özbəkistanda Azərbaycan kapitalına malik 204 müəssisə fəaliyyət göstərir ki, bunlardan 67-si birgə, 137-si isə sırf Azərbaycan şirkətdir. Təkcə bu ilin əvvəlində  isə daha 22 birgə müəssisə yaradılıb. Özbəkistanın isə Azərbaycanda 130 –dan çox müəssisəsi fəaliyyət göstəir.

Bu ilin əvvəlində iki ölkə arasında 500 milyon dollarlıq kapitala malik birgə investisiya fondunun yaradılması barədə hökumətlərarası saziş imzalanıb. Fond iqtisadi əməkdaşlığın möhkəmləndirilməsində, yeni birgə investisiya layihələrinin icrasında və yeni əmək məşğulluğu imkanlarının yaradılmasında mühüm rol oynayacaq.

Özbəkistan, həmçinin Azərbaycanın  Qarabağın yenidən qurulması üzrə yardımlarda fəal iştirak edir. Prezident Şavkat Mirziyoyev 2021-ci ilin mart ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə görüşündəki  çıxışında ölkəsinin işğaldan azad olunmuş ərazilərinin bərpası işlərinə töhfə verməyə hazır olduğunu bildirib. Bu töhfə ilk növbədə tarixi abidələrin, məscidlərin, eləcə də mədəniyyət və təhsil ocaqlarının bərpasını nəzərdə tutur. Füzuli şəhərində Özbəkistanın maliyyə dəstəyi ilə inşa edilən 960 şagirdlik tam orta məktəbin inşası başa çatdırılıb və avqustun 23-də hər iki Prezidentin iştirakı ilə təhsil ocağının təntənəli açılış mərasimi keçirilib.

Bütün bunlara rəğmən demək olar ki, Azərbaycanla dost Özbəkistan arasında həm mövcud olan, həm də nəzərdə tutulan birgə inkişaf  layihələri ölkələrimizin iqtisadi gücünə-güc qatmaqla türk dövlətlərinin birliyinə dəyərli töhfələr verəcək.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı – İmanova Xanım

Şərhlər

Şərh yazılmayıb.