Huquqaz.com

Ermənistan təkcə məscidlərimizi dağıtmayıb, onların içərisində donuz və inək saxlayıb

21.02.2023
2.672
Ermənistan təkcə məscidlərimizi dağıtmayıb, onların içərisində donuz və inək saxlayıb

Ermənistan təkcə məscidlərimizi dağıtmayıb, onların içərisində donuz və inək saxlayıb

Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda Ermənistanın baş naziri Paşinyan növbəti dəfə saxtakarlıq edərək Azərbaycan həqiqətlərini təhrif etməyə, Azərbaycanı günahlandırmağa çalışdı. Prezident İlham Əliyev isə Paşinyanın ittihamlarına tutarlı cavablar verdi.

Paşinyanın çıxışında Azərbaycanı keçmiş Qarabağ münaqişəsini dini zəmində münaqişə kimi təqdim etməkdə günahlandırmağa çalışdı. Əslində isə Qərbdə Qarabağ münaqişəsini dini zəmində münaqişə kimi təqdim etməyə çalışan məhz Ermənistandır. Uzun illərdir Ermənistan Qərbdə xristian ölkəsi olduğu üçün bölgədə müsəlman Azərbaycanlıların təqibinə məruz qaldığını iddia edir və bununla xristian Qərb dövlətlərinin və həmin ölkələrin xristian əhalisinin dəstəyini qazanmağa çalışır. Ermənistanın Azərbaycanı bu məsələdə günahlandırması növbəti riyakarlıqdır.

Prezident İlham Əliyev Konfransda ermənilərin Qarabağda 67 məscidi barbarcasına dağıtması faktlarını səsləndirdi. Paşinyan isə bu məsələyə cavabında  hər zamanki kimi riyakarlığa yol verərək məscid və kilsələrin sovet dövründə dağıdıldığını, Ermənistanda müsəlman azlıqlar üçün şərait yaradıldığını iddia etdi.

Əslində isə reallıq ondan ibarətdir ki, Ermənistan təkcə məscidlərimizi dağıtmayıb, onların içərisində donuz və inək saxlayıb. Ermənilər təkcə məscidləri deyil, alban kilsələrini də vəhşicəsinə dağıdıblar. Beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün isə Şuşada və İrəvanda bir Azərbaycan məscidini təmir edərək dünyaya fars məscidi kimi təqdim etməyə çalışıb. Bakının mərkəzində isə bu gün erməni kilsəsi Azərbaycan dövləti tərəfindən içərisində 5000 ədəbiyyatla mühafizə olunur.  Paşinyan nə deməyindən asılı olmayaraq reallıq bundan ibarətdir.

Qeyd edək ki, Prezident İlham Əliyev növbəti dəfə beynəlxalq platformada Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırdı, erməni yalanlarını ifşa etdi.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

Şərhlər

Şərh yazılmayıb.