Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə
Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə
Ümummilli lider Heydər Əliyevin elektrik enerjisi sisteminin özünəməxsus uzaqgörənliklə müəyyənləşdirdiyi mükəmməl strateji xəttin uğurla həyata keçirilməsi və hazırda Prezident cənab İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilməsi ölkəmizi regionun aparıcı dövlətinə, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevirmişdir. Ötən dövr ərzində bu sahədə dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində respublikanın elektrik enerjisi sistemində generasiya gücü yüksək səviyyədə artmışdır. Hazırda iqtisadiyyatı gündən-günə inkişaf edən, elektrik enerjisi sisteminin dayanıqlığı təmin olunmuş Azərbaycanda yeni generasiya güclərinin tikilib istifadəyə verilməsi nəticəsində respublikamız qonşu dövlətlərin elektrik enerjisi təhlükəsizliyində də mühüm rol oynayır. Azərbaycanın milli maraqlar üzərində qurulan siyasətində enerji amili xüsusi yer tutur. Bu da onunla bağlıdır ki, respublikamız karbohidrogen ehtiyatları ilə zəngin olan bir diyardır. Azərbaycanda neft və qaz hasilatının tarixi çox qədimdir. Ancaq xalqımız özünün təbii sərvətlərinin faydasını yalnız son üç onilliyi əhatə edən müstəqillik illərində görüb. Enerji sektorundan gələn gəlirlər müstəqillik dövründə ölkəmizdə qeyri-neft iqtisadiyyatının qurulması, inkişafa zəmin yaradan müasir infrastruktur obyektlərinin inşası, vətəndaşların rifah halının yaxşılaşdırılması, insan kapitalının formalaşdırılması kimi strateji sahələrə yönəldilib.
Eyni zamanda, Azərbaycan özünün enerji siyasətində ədalətli yanaşma sərgiləyir. Ölkəmiz daim o mövqedən çıxış edir ki, enerji amili heç bir halda istehlakçı dövlətlərə qarşı təzyiq vasitəsinə çevrilməməlidir, reallaşdırılan birgə layihələrdən bütün tərəfdaşlar fayda götürməlidirlər. Prezident cənab İlham Əliyev çıxışlarında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artmasına diqqət çəkərək bildirib: “Əlbəttə ki, Cənub Qaz Dəhlizinin başa çatdırılması Avropa İttifaqı ilə əməkdaşlığımız üçün yeni imkanlar açır. Çünki Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi məsələlərində artıq mühüm rol oynamağa başlayıb”. Azərbaycandan Avropaya yeni nəql marşrutunun – Cənub Qaz Dəhlizinin yaradılması bütün nöqteyi-nəzərlərdən böyük bir çağırış idi. Azərbaycan müstəqillik illərində öz tərəfdaşları ilə reallaşdırdığı bir sıra layihələr sayəsində bütövlükdə Avropanın enerji xəritəsini yeniləyib, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Azərbaycanın təşəbbüsü və liderliyi ilə yaradılan Cənub Qaz Dəhlizi isə qoca qitənin “mavi yanacaq” təchizatında keyfiyyətcə yeni bir mərhələnin başlanması kimi dəyərləndirilir.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc
Şərh yazılmayıb.