Qarşılıqlı maraqlar əsasında qurulmuş əməkdaşlıq
Qarşılıqlı maraqlar əsasında qurulmuş əməkdaşlıq.
Azərbaycanla tərəfdaşlıq münasibətləri daim yüksələn xətlə inkişaf edən Rumıniya Avropanın sayılıb seçilən ölkələrindən biridir. Bunu həm də o amil təsdiqləyir ki, bu ölkə ardıcıl və məqsədyönlü siyasəti sayəsində həm Avropa İttifaqı, həm NATO kimi nüfuzlu qurumlarda önəmli söz sahiblərindən birinə çevrilib. Dost Rumıniyanın iqtisadiyyatı çoxvektorludur. Burada ayrı-ayrı infrastruktur sahələrinin, bərpa olunan enerji seqmenti də daxil olmaqla enerji sektorunun, eləcə də kənd təsərrüfatının, avtomobil, aerokosmik, bio-sənaye və iqtisadiyyatın digər istiqamətlərinin geniş inkişaf perspektivləri var. Təbii ki, bu perspektiv uzun illər ərzində formalaşan ənənələrə, iqtisadi potensiala əsaslanır. Ölkədə yaradıcı əmək, bilik iqtisadiyyatı güclü şəkildə təşviq olunur. Azərbaycan-Rumıniya əlaqələri tarixdən gələn münasibətlərə söykənir. Mənbələrdə xalqlarımız arasında əlaqələrin təməlinin orta əsrlərdə qoyulduğu bildirlir. Tarixin müxtəlif dönəmlərində enən və yüksələn bu əlaqələr daim xoş mərama əsaslanıb. Azərbaycan ötən əsrin əvvəllərində dövlət müstəqilliyini bərpa etdikdən sonra isə ikitərəfli münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Rumıniya Azərbaycanın müstəqilliyini 11 dekabr 1991-ci ildə tanıyıb. Rumıniya respublikamızın müstəqilliyini tanıyan dünyada ikinci (qardaş Türkiyədən sonra), Avropa İttifaqına üzv dövlətlərin arasında isə ilk ölkədir. Ölkələrimiz arasında 19 iyun 1992-ci il tarixində diplomatik əlaqələr qurulub. 1998-ci il noyabrın 3-də Rumıniyanın Azərbaycanda, 2001-ci ilin 19 may tarixində isə Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi təsis edilib. Prezident İlham Əliyev 2 fevral tarixində Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri zamanı verdiyi bəyanatda diqqətə çatdırdı ki, Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir. Cənab Prezident bildirdi ki, ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atılacaqdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan artır. Energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Təbii qazın Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş əməkdaşlığın yeni perspektivlərini müəyyən edir. Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir. Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır. İki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsi uğurla icra edilmişdir. Azərbaycan qaz ixracatını sürətlə artırır. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə Strateji Tərəfdaşlıq Memorandumu artımın göstəricisidir. Azərbaycanın Buxarestdəki əsas tədbiri yaşıl enerji ilə bağlı idi. Yaşıl enerji istiqaməti sahəsində çox önəmli addım atılmışdır. Bu çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, habelə bir neçə ölkəni, iki dənizi birləşdirən layihədir. Prioritet əməkdaşlıq istiqamətlərindən biri nəqliyyat sahəsidir. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var.
Aygün İsmayılova
Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı
Şərh yazılmayıb.