Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır
Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır
Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad etməklə Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarix yazdı. Müzəffər Ali Baş Komandanı, Prezident cənab İlham Əliyev bu şanlı tarixin əbədi olacağını və Azərbaycan xalqının, gələcək nəsillərin şanlı Qələbəmiz ilə fəxr edəcəklərlərini bildirdi. Qarabağın tacı olan Şuşanı işğaldan azad etmək müharibənin son məqsədi idi. Çünki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir. Məhz Şuşanın işğaldan azad olunması müharibənin taleyini həll etdi. Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır. Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedir, 44 gün ərzində bir gün də geri addım atmadan dağlardan, meşələrdən, dərələrdən, cığırlardan uzun məsafə qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşdı. Qəhrəman əsgər və zabitlərimiz sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovdular və üçrəngli bayrağımızı Şuşada qaldırdılar. Şuşanın azad edilməsi Ermənistan ordusunun belini qırdı. Şuşaya qədər bir çox şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edilmişdir.
Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev Vətən müharibəsində ölkəmizin parlaq Zəfərinin əsasını təşkil edən digər bir amilin isə milli həmrəylik, xalq-iqtidar birliyi olduğunu öz çıxışında qeyd etdi. İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi, ölkəmizi gücləndirdi. Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda yekdil birlik nünayiş etdirdilər. Bu məsələdə vətənpərvərlik, gənclərin vətənpərvər ruhda yetişdirilməsi mühüm əhəmiyyət kəsb edir. İkinci Qarabağ müharibəsi göstərdi ki, Azərbaycan gəncləri vətənpərvərdir, Vətənə bağlıdır. Azərbaycan gənclərinin vətənpərvər ruhda tərbiyə edilməsində Prezident cənab İlham Əliyevin çox mühüm rolu və fəal siyasəti olmuşdur. Ümumiyyətlə, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biridir və daxili sabitlik, milli birlik, milli həmrəylik, xalq-iqtidar birliyi, bütün bunlar ölkəmizdə aparılan dövlət siyasətinin əsas nəticəsidir.
Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal
Şərh yazılmayıb.