Huquqaz.com

Azərbaycan sülh razılaşması üzərində çalışmağa başlamağı təklif edir

21.06.2022
2.184
Azərbaycan sülh razılaşması üzərində çalışmağa başlamağı təklif edir

Azərbaycanın Vətən müharibəsində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdiyi gündən artıq bir il yarımdan artıq vaxt keçib. Əldə olunmuş Zəfər Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratdı və bu gün artıq bütün dünya bu reallıqları qəbul edir. İlk növbədə yaranmış yeni reallıqlar regional sülhün, dayanıqlı sülhün bərqərar olunması üçün çox qiymətli bir fürsət kimi dəyərləndirilir. Cənubi Qafqazda sülh və sabitlik isə, həm də Avropanın enerji təhlükəsizliyinin təminatı üçün vacib şərtlərdən biridir. Məhz buna görə, bu gün Azərbaycanı etibarlı tərəfdaş, enerji təhlükəsizliyi məsələlərində rolu getdikcə artan söz sahibi kimi qəbul edən Avropa İttifaqı ölkəmizin regional proseslərdə haqlı mövqeyini getdikcə daha çox dəstəkləyir.

İkinci bir tərəfdən də Azərbaycan hər zaman olduğu kimi, təkcə öz xalqının deyil, həmçinin qonşu ölkə xalqlarının da rifahını düşünür. Rifah yüksəlişi üçün isə, aydındır ki, iqtisadi inkişaf lazımdır. Öz növbəsində iqtisadi inkişaf da yalnız sülh və sabitlik hökm sürən regionlarda gedir. Məhz buna görə, Azərbaycan son bir il yarım ərzində Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün ciddi çalışmalar həyata keçirməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun iyunun 16-da baş tutmuş açılış mərasimində söylədiyi nitqində möhtərəm dövlət başçımız bu məsələyə də toxunaraq Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmaq istiqamətində davamlı olaraq addımlar atdığını vurğuladı. Lakin atılan addımlar qarşılıqlı olmalıdır. Əks halda heç bir müsbət nəticə əldə oluna bilməz. Azərbaycan tərəfindən sülh razılaşması üzrə komissiya artlq yaradılıb və eyni addım Ermənistan tərəfindən də atılan kimi danışıqlara başlanacaqdır.

Azərbaycanın Cənubi Qafqazda sülhün bərqərar olması xüsusunda tutduğu mövqeyin haqlı və ədalətli olduğunu təsdiq edən məqamlardan biri də ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə ehtimallarla bağlıdır. Məlum olduğu kimi, bu qurumun əsas vəzifəsi, daha dəqiq desək, ona verilən mandata görə əsas vəzifəsi Qarabağ münaqişəsinin həllinə yardım etmək olub. Lakin 28 il ərzində Minsk qrupu heç bir əməli iş görə bilmədi. Faktiki olaraq, bu qurumun fəaliyyəti münaqişənin dondurulmasına və Azərbaycanın işğal faktı ilə barışmasının təmin olunmasına yönəlmişdi. Lakin Azərbaycan özü münaqişəni birdəfəlik həll etdi. Artıq Minsk qrupuna heç bir ehtiyac qalmayıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra aydındır ki, Minsk qrupunun üç həmsədr ölkəsi artıq bir araya gələ bilməz və bu qrupun həmsədrlik institutu fəaliyyət göstərməyəcək. Buna görə də Minsk qrupu ilə bağlı Ermənistanda və ya digər ölkələrdə hər hansı xatırlatma tamamilə yersizdir və bu, Azərbaycanda yalnız qıcıq doğurur.

Birmənalı olaraq demək lazımdır ki, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təminatı yalnız Azərbaycanın sülh razılaşmasına dair irəli sürdüyü təkliflər əsasında mümkün ola bilər. Bunun üçün də Ermənistan üzərinə götürdüyü öhdəlikləri, o cümlədən 2020-ci il noyabrın 10-da Moskvada Azərbaycan və Rusiya Prezidentləri, eləcə də Ermənistanın baş naziri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə əməl etməlidir. Məlum olduğu kimi, bu şərtlərdən biri Azərbaycanın əsas ərazilərini Naxçıvan Muxtar Respublikası ilə avtomobil və dəmir yolları ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılmasıdır. Bəyanatın imzalanmasından artıq bir il yarım vaxt keçsə də, Ermənistan hələ də bu nəqliyyat dəhlizinin açılmasını yubadır. Lakin bunun nəticəsi çox ağır ola bilər. Əgər Azərbaycan hətta qalib ölkə olaraq, imzalanmış Bəyanata əsasən üzərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirirsə, bundan məğlub Ermənistanın boyun qaçıra biləcəyini düşünmək belə gülüncdür. Ermənistan bu hərəkətləri ilə regional sülhə yeni təhdidlər yaradır. Lakin bu təhdidlər ilk növbədə Ermənistanın özü üçün böyük təhlükədir. Azərbaycan beynəlxalq Şərq-Qərb nəqliyyat layihəsinin vacib hissəsi olan Zəngəzur dəhlizinin açılması istiqamətində üzərinə düşən işlərin böyük bir hissəsini artıq görüb. İndi növbə Ermənistanındır. Prezident İlham Əliyev bu xüsusda Azərbaycanın qəti və birmənalı mövqeyini Bakı Forumunun açılışında etdiyi çıxışında bir daha ortaya qoyaraq bildirdi ki, Zəngəzur dəhlizinin açılması regional sülhün zəruri şərtidir və bu məsələ ən qısa zamanda öz həllini tapacaq.

 

 

Soltanova Zahidə Cəmilağa qızı

Saatlı rayon Dövlət Rəsm Qalereyasının əməkdaşı

Şərhlər

Şərh yazılmayıb.