Uzun illər ərzində apardığımız uğurlu siyasət əməkdaşlıq üçün çox güclü zəmin yaratdı
Uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratdı.
Bir neçə gün əvvəl Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri iki dost və tərəfdaş ölkə olan Macarıstan və Azərbaycan münasibətlərinin inkişafına dəyərli töhfə oldu.
Bu gün Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya məkanı üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər bir daha bunu sübut edir.
Səfər çərçivəsində Prezident İlham Əliyev yanvarın 30-da Budapeştdə mətbuata verdiyi bəyanatda bildirdi ki, uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratdı. Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır.
Bu gün ölkəmizin enerji sahəsində perspektiv planlarından danışarkən qeyd etmək yerinə düşərdi ki, keçən il Avropa Komissiyası ilə imzalanmış sənədə əsasən, Azərbaycan qaz təchizatını iki dəfə, bəlkə daha çox artırmağı planlaşdırır. Bunun üçün bütün lazımi amillər mövcuddur.
Cənab Prezident onu da qeyd etdi ki, vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini biz yenidən canlandırmışıq. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək.
Bu gün Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Çünki enerji təhlükəsizliyi məsələləri müasir dünyada xüsusi əhəmiyyət daşıyır və Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun.
Bundan başqa, yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır. Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək. Keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq.
Bununla yanaşı, Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, burada Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilmək üçün böyük imkanlar var. Nəqliyyat sahəsində əməkdaşlığa dair çox böyük planlar mövcuddur. Dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlamışıq. Bu layihənin də böyük potensialı var. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi 75 faiz artıb.
Vurğulamaq lazımdır ki, iki ölkə arasında təhsil sahəsində aparılan əməkdaşlığın da çox yaxşı nəticələri var. Hazırda 200 Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə (tələbə təqaüdləri) Macarıstanda təhsil alır və onlar Vətənə qayıtdıqdan sonra Azərbaycanda kadr potensialının yaradılmasına öz töhfələrini verəcəklər.
Minatəmizləmə sahəsi də əməkdaşlığın vacib istiqamətlərindən biridir və bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq, əməkdaşlıq üçün yaxşı imkanlarımız var.
Cənab Prezident bəyanatında onu da vurğuladı ki, yaxın vaxtlarda biz konkret layihələrin müzakirəsinə başlayacağıq. Azərbaycan şəhərsalma istiqamətində böyük təcrübəsi olan Macarıstanla bu sahədə əməkdaşlıq etməyə maraqlıdır. Macar şirkətləri azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında da fəaliyyət göstərəcəklər.
Ələddin Zeynalov
Saatlı Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşı
Şərh yazılmayıb.