Huquqaz.com

Ölkəmizin nəqliyyat sahəsi ixracı şaxələndirməyə imkan verəcəkdir

22.01.2023
2.028
Ölkəmizin nəqliyyat sahəsi ixracı şaxələndirməyə imkan verəcəkdir

Ölkəmizin nəqliyyat sahəsi ixracı şaxələndirməyə imkan verəcəkdir

19 yanvar 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda keçirilən panel iclasında iştirak etmişdir.

Ölkə başçısı Orta dəhlizin regionun inkişafı baxımından vacibliyi, dəhlizin inkişafı istiqamətində görülən işlər, regional proseslər, post müharibə dövründə sülh quruculuğu və yenidənqurma işləri barədə iştirakçılara məlumat vermişdir:“ Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. Hesab edirəm ki, istənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Çünki biz siz qeyd etdiyiniz səbəblərdən, mövcud və ənənəvi Şimal marşrutu vasitəsilə daşımalarda çətinliyə görə yük həcminin artmasını gözləyirik. Biz artıq Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsini müşahidə edirik və bu, sadəcə, başlanğıcdır. Həmçinin əlavə etmək istərdim ki, biz bu ildən etibarən artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq və bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur. Buna görə düşünürəm ki, bu və ya digər mənada “vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır. Çünki biz bu marşrutu digər marşrutların olmaması nöqteyi-nəzərindən yox, kommersiya baxımından cəlbedici etməliyik. Yeri gəlmişkən görüşümüzə başlayanda mən bizim boru kəmərinin istiqaməti üzrə əyləşdiyimizi gördüm”.
Prezident əlavə edərək xüsusilə qeyd etmişdir ki, “Azərbaycan ilə Avropa İttifaqı arasında yayda imzalanmış anlaşma memorandumuna əsasən, 2027-ci ilədək biz təchizatını iki dəfə artıracağıq.

Dövlət başçımız həmçinin bildirmişdir ki, “Ermənistan bizim çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifimizə cavab verməyib. Ermənistanın Forumda olmamasının səbəbi odur ki, bizim üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı Gürcüstanla birgə etdiyimiz təklif Ermənistan tərəfindən rədd edilib. Azərbaycanın təklifi liderlərin Gürcüstanda görüşməsindən ibarət idi. Çünki Gürcüstan hər zaman tarixən bütün qonşuların görüşdüyü yer olub, lakin Ermənistan buna hazır deyil. Bu, potensial risklərdən biridir, çünki əgər 3 Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar.”

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edib. Dövlətimizin başçısı panel iclasının moderatorunun suallarını cavablandırıb: Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. İstənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq.Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsi müşahidə olunur. “Vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır. Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacaq. Qlobal miqyasda ən mehriban mühitlərdən biri Azərbaycanla Gürcüstan arasında, Azərbaycanla Türkiyə arasında, Gürcüstan və Türkiyə arasında münasibətlər və üçtərəfli əlaqələrdir. Artıq bir neçə üçtərəfli əməkdaşlıq formatı var. Xarici işlər, müdafiə, iqtisadiyyat nazirləri səviyyəsində, həmçinin liderlər sammiti olub.Azərbaycan Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malikdir. Türkmənistan, Qazaxıstan, Azərbaycan, Mərkəzi Asiya ölkələri arasında yaxşı dəmir yolu bağlantıları yoxdur. Təbii qazla bağlı Avropa Komissiyasından müraciət daxil olan kimi dərhal müxtəlif istiqamətlər üzrə işlərin görülməsi prosesi başlandı. Birincisi, hasilatın fiziki artımını, sonra səmərəliliyi, itkilərin azaldılmasını və daxildə istifadə etdiyimiz qaza harada qənaət edə biləcəyimizi və onun Avropa bazarına ötürülməsi kimi işlər görüldü. 2021-ci ildə Avropa bazarına ixracımız təqribən 8 milyard kubmetrdən çox idi. Bu il ixrac ən azı 11,6 milyard kubmetr olacaq. Artım çox sürətlidir. Ümumi həcm isə 24 milyard kubmetrdir.Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda bizim 2027-ci ilə qədər təchizatı iki dəfə artıracağımız nəzərdə tutulur. Avropa İttifaqına təchizat minimum 20 milyard kubmetr səviyyəsində olacaq. Bunun üçün Avropada daha çox interkonnektorlar olmalıdır. Onlardan biri – Yunanıstan-Bolqarıstan interkonnektoru keçən ilin sonlarında açılmışdır. Bu, bizə Bolqarıstana və bu ildən etibarən Rumıniyaya təbii qazı təchiz etməyə başlamaq imkanını verdi.TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ı isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirməliyik. TAP yalnız iki il bundan əvvəl açılmışdır. Lakin indi biz həcmi genişləndirməliyik. Beləliklə, əlavə maliyyələşmə tələb olunacaq və biz buna hazırıq.Xəzər dənizinin külək potensialı 157 qiqavatdır.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

Azərbaycan etibarlı tranzit ölkəsi olduğunu təsdiqləyir

Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirakı, Forum çərçivəsində keçirdiyi görüşlər kifayət qədər uğurludur. Davos Forumu Azərbaycanın inkişafını, imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platformadır. Forumun proqramı dünyanın ən aktual problemlərinin həlli üçün dövlət və özəl sektoru tərəfdaşlığa, dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır. Budəfəki forumda müdafiə tədbirlərini proaktiv, uzaqgörən siyasətlərə və biznes strategiyalarına çevirmək yollarının tapılması diqqət mərkəzindədir. Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Dünya İqtisadi Forumuna Prezident İlham Əliyevin növbəti dəfə dəvət olunması dövlətimizin başçısının beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir.

Panel iclasındakı çıxışında Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq.

Böyük tranzit imkanları olan ölkə kimi Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yaxın gələcəkdə yükaşırma qabiliyyəti 15 milyon ton olan Ələt Dəniz limanı 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Bununla əlaqədar hazırda Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsi müşahidə olunur. Bu ildən etibarən neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlanılıb.

Bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır. Bu səbəbdən Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi üzərində ciddi iş gedir. Xüsusilə nəqliyyat sahəsinin genişlənməsi ölkənin ixrac imkanlarını şaxələndirməyə imkan verəcəkdir. Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacaqdır. Prezident xüsusi olaraq vurğulayıb ki, ölkədə biznes mühitinin təkmilləşdirilməsi uğurun əsas amillərindən biridir və bu istiqamətdə ciddi işlər aparılır. Bu gün Azərbaycan Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malikdir.
işğaldan azad etdiyimiz ərazilərdə 10 qiqavat potensial mövcuddur. Ölkənin ümumu potensialı isə 200 qiqavata yaxındır.

Keçən ilin dekabrında Gürcüstandan Rumıniyaya sualtı kabel xəttini çəkmək üçün Buxarestdə müqavilə imzalanıb. Bu xəttin gücü 4 qiqavatdır. Hazırda texniki-iqtisadi əsaslandırma işləri aparılır. “Masdar”la imzalanmış razılaşma külək və günəş enerjisi hasilatını 2027-ci ilədək 4 qiqavat və 2037-ci ilədək 6 qiqavat artıracaq. “Fortescue FutureIndustries”lə imzalanmış Anlaşma Memorandumuna əsasən 12 qiqavatadək hasilat üçün Azərbaycana investisiya yatırılacaq. Bu istiqamətdə işlər davam edir və ölkəmiz üçün yeni perspektivlər açılır.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

 

Davos Forumunda iştirak Azərbaycan üçün xüsusi fürsət oldu

Prezident İlham Əliyevin İsveçrə səfəri və orada keçirilən görüşlər bir çox aspektdən xüsusi önəm daşıyır. Bu, öncə Prezident İlham Əliyevin dünya liderləri arasında özünəməxsus yeri olduğunu, ona böyük etimadın olduğunu göstərir. Nəzərə almaq lazımdır ki, Davos Forumuna bütün dövlət başçıları dəvət edilməyib. Azərbaycan bu tədbirə dəvət olunan azsaylı ölkələrdəndir.

Azərbycanın Davos Forumuna dəvət olunması ölkəmizin artan nüfuzunun, dövlətimizə olan diqqətin göstəricisidir.        Biz cənab Prezidentin müxtəlif dövlətlərin təşəbbüsü ilə bir sıra mühüm görüşlərlərin keçirdiyinin şahidi olduq. Onu da qeyd edək ki, Avropa ölkələri və böyük şirkətlərin rəhbərləri də bu görüşlərdə fəal iştirak edir, mövqe və yanaşmalarını ortaya qoyurlar. Prezident İlham Əliyev bu görüşdə bir çox vacib məsələləri qaldırdı. Bu görüşlərin həm siyasi, həm də iqtisadi əhəmiyyəti var.

Forumun digər əhəmiyyəti ondan ibarətdir ki, oradakı görüşlərdə iştirak edən media nümayəndələri, ayrı-ayrı ölkə başçıları, beynəlxalq qurumların rəhbərləri Laçın-Xankəndi yolunda baş verən hadisələr barədə geniş məlumatlandırıldı.

Prezident görüşlərdə Ermənistanın çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı Azərbaycanın təklifinə cavab vermədiyini vurğuladı. Ermənistanın Forumda olmamasının səbəbi odur ki, bizim üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı Gürcüstanla birgə etdiyimiz təklif Ermənistan tərəfindən rədd edilib. Azərbaycanın təklifi liderlərin Gürcüstanda görüşməsindən ibarət idi. Çünki Gürcüstan hər zaman tarixən bütün qonşuların görüşdüyü yer olub, lakin Ermənistan buna hazır deyil. Bu, potensial risklərdən biridir, çünki əgər 3 Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar. Ancaq Ermənistan bu fürsəti də dəyərləndirmədi.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

Davos Forumu Azərbaycanın imkanlarının dünyaya təqdim edilməsi üçün önəmli platformadır

Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirakı, Forum çərçivəsində keçirdiyi görüşlər kifayət qədər uğurludur. Davos Forumu Azərbaycanın inkişafını, imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platformadır. Dövlətimizin başçısı Forum çərçivəsində bir sıra ölkələrin prezidentləri, eləcə də dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparıb.

Builki Forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət başçısı iştirak edir. Dünya İqtisadi Forumu  16-20 yanvar tarixlərində “Parçalanmış dünyada əməkdaşlıq” mövzusunda keçirilir. Forumun proqramı dünyanın ən aktual problemlərinin həlli üçün dövlət və özəl sektoru tərəfdaşlığa, dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır. Budəfəki forumda müdafiə tədbirlərini proaktiv, uzaqgörən siyasətlərə və biznes strategiyalarına çevirmək yollarının tapılması diqqət mərkəzindədir. Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Dünya İqtisadi Forumuna Prezident İlham Əliyevin növbəti dəfə dəvət olunması dövlətimizin başçısının beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir.

İqtisadi xarakter daşımasına baxmayaraq, Forum dünya siyasətində, beynəlxalq münasibətlərdə ciddi təsirə malikdir. Bu tədbir dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında önəmli rol oynayır. Burada təqdim edilən müasir texnologiyalar, irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, on milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Forum həm də ölkələrin özlərini dünyaya yaxından tanıtması, təşviq etməsi baxımından mühüm platformadır.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Azərbaycan bütün dövlətlərlə münasibətlərini qarşılıqlı etimad əsasında qurmağa müvəffəq olub

Baş verən indiki ziddiyyətli proseslər, qlobal güclər arasında münasibətlərin gərginləşməsi dünyanın enerji xəritəsinin əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb olur. Azərbaycan belə bir mürəkkəb dövrdə Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən etibarlı tərəfdaş kimi çıxış edir.

Davos İqtisadi Forumunda müzakirə olunan məsələlərin məzmunu enerji sahəsində əməkdaşlığın əhəmiyyətinin artdığını göstərir.

Azərbaycan Prezidenti Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasda çıxışında Avropa İttifaqına təchizatın minimum 20 milyard kubmetr səviyyəsində olacağını vurğulayıb. Bu, ümumilikdə Avropanın enerji tələbatının ödənilməsində çox mühüm rol oynayacaq. Prezident TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsinin nəzərdə tutulduğunu qeyd edib. Bu, Azərbaycanın xüsusilə indiki mürəkkəb dövrdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edə biləcəyini təsdiqləyir. Hesab edirəm ki, ümumilikdə ölkəmizin beynəlxalq münasibətlər sistemində rolunun da artmasına səbəb olacaq.

Azərbaycan regionda nəqliyyat şəbəkəsinin genişlənməsində də fəal rol oynayır. Azərbaycan Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malik ölkə kimi tanınır. Prezident İlham Əliyev tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışının da anonsunu verdi. Azərbaycanın uğurunu şərtləndirən əsas amillərdən biri bundan ibarətdir ki, bütün dövlətlərlə münasibətlərini qarşılıqlı etimad əsasında qurmağa müvəffəq olub. Eyni zamanda, təbii ki, ölkəmizin iqtisadi imkanları, maliyyə resursları da qlobal əhəmiyyətli iqtisadi layihələrdə ciddi tərəfdaş kimi qəbul edilməsinin əsas səbəblərindəndir.

Dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxsin, o cümlədən 52 dövlət və hökumət başçısının iştirak etdiyi Davos İqtisadi Forumunda əsasən iqtisadi məsələlər müzakirə olunsa da, bu tədbir dünya siyasətinin ən mühüm problemlərinin həllinə də ciddi təsir göstərir.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

Artıq bütün dünya bilir ki, Azərbaycan investisiya yatırılması üçün əlverişli şəraitə və mənbəyə malikdir

Davos Forumu dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərinin, böyük şirkətlərin rəhbərlərinin, biznes sektorunun aparıcı nümayəndələrinin təmsil olunduğu qlobal Forumdur. Davos Forumunun məqsədi dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenləri səmərəli dialoqa və əməkdaşlığa cəlb etmək, onların arasında əlaqə yaratmaq və yaranmış iqtisadi problemlərin birgə aradan qaldırılmasına nail olmaq, bu istiqamətdə müzakirələr aparmaqdır.

Prezident İlham Əliyev Davosa budəfəki səfəri çərçivəsində də çoxsaylı səmərəli görüşlər keçirib, iclaslarda iştirak edib. On beşinci dəfədir ki, Davos Forumunda iştirak edən Prezident İlham Əliyevin budəfəki İsveçrə səfəri də çoxsaylı yüksək səviyyəli görüşlərlə yadda qaldı. Heç şübhəsiz ki, bu görüşlərin təşəbbüskarları bir qayda olaraq qarşı tərəf olur. Bu, bir tərəfdən Prezident İlham Əliyevin şəxsiyyətinə marağın və rəğbətin göstəricisi, digər tərəfdən isə ölkəmizdə xarici investisiyalar üçün yaradılmış münbit şəraitin bariz sübutudur. Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev 8 qlobal şirkətin rəhbər şəxsləri, Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti, BMT-nin Məskunlaşma proqramının icraçı direktoru ilə görüşüb. Bununla yanaşı, dövlət başçımızın Latviya, Litva, Xorvatiya, Monteneqro və Niderlandın dövlət və hökumət başçıları ilə də görüşləri olub. Bu görüşlər əsnasında Prezident İlham Əliyev tərəf müqabillərinə həm də regional vəziyyət haqqında ətraflı məlumat verib. Xüsusilə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, bu məsələdə Ermənistanın destruktiv mövqeyi, Azərbaycanla sülh müqaviləsinin imzalanmasına mane olan müxtəlif bəhanələri və danışıqlar prosesindən yayınmaq cəhdləri geniş müzakirə mövzusu olub. Prezident İlham Əliyev keçirdiyi bütün görüşlərdə Laçın yolu ətrafında yaranmış vəziyyət, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimizin talan edilməsinə qarşı etiraz aksiyasından danışıb. Bu aksiyanın legitim əsaslara söykəndiyi vurğulanıb. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində kriminal qruplaşmaların mövcudluğu, Laçın yolundan uzun müddət minaların daşınması üçün istifadə edildiyi diqqətə çatdırılıb. Bir sözlə, Davos Forumu həm də Ermənistanın iddialarının və yalanlarının ifşası baxımdan xüsusi əhəmiyyət kəsb etdi.

İstər görüşlər, istər də sessiyalarda aparılan müzakirələr əsasən Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində artan mühüm rolundan, dünya ticarət sisteminin nəqliyyat və logistika sektorunda Azərbaycanın əhəmiyyətindən, ölkəmizin Avropa qitəsinə ixrac edəcəyi bərpaolunan enerji potensialından və başqa qlobal məsələlərdən ibarət olub: “Yüksək səviyyəli görüşlərin və müzakirələrin keçirilməsi, əlbəttə ki, Azərbaycana olan maraqdan irəli gəlir. Forum çərçivəsində gedən müzakirələrin nəticələri bir daha Azərbaycanın uğurlarının, inkişafının, onun dünya miqyasında əhəmiyyətinin göstəricisi olduğunu isbatlayır. Artıq bütün dünya bilir ki, Azərbaycan həm siyasi, həm iqtisadi baxımından riskli ölkə deyil, eyni zamanda, investisiya yatırılması üçün əlverişli şəraitə və mənbəyə malikdir.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

Prezidentin Davos səfəri Azərbaycana geniş iqtisadi perspektivlər yaradacaq

2022-ci ildə dünyanın enerji sistemində Azərbaycanın roluna baxsaq, Avropanın dayanıqlı və etibarlı enerji təchizatında ölkəmizin mövqeyi daha da yüksəlib. Avropa liderlərinin özlərinin də qeyd etdiyi kimi, Azərbaycanın Avropa üçün və ümumən dünya üçün iqtisadi önəmi getdikcə artır. Müzəffər Ali Baş Komandan, etibarlı iqtisadi tərəfdaş kimi Prezidentimizin Davos Forumunda iştirakı Qarabağ ilə bağlı postmüharibə dövründəki həqiqətləri, obyektiv yanaşmanı dünya ictimaiyyətinə çatdırmaq baxımından da unikal bir platformadır. 30 illik müstəqillik tarixinə baxsaq, Azərbaycan qurucu, inkişaf mahiyyətli bir siyasət həyata keçirib. Daim yeni iqtisadi əlaqələrin qurulmasına, yerləşdiyi regionun inkişafına təkan verən layihələrin təməlini qoyub, iqtisadi inkişafı hədəf seçib. Ermənistan 30 illik işğal dövründə Qarabağda ancaq talançılıqla məşğul olduğu halda, Azərbaycan işğaldan azad etdiyi ötən iki ildə böyük quruculuq işləri həyata keçirir. Müdrik Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Qarabağa investisiyalar yatırılır, vətəndaşlarımızın öz doğma yurdlarına böyük qayıdışını təmin etmək üçün ən yaxşı infrastruktur yaradılır.

Məlumdur ki, dünyada investisiyalar həmişə münbit, sabit, dayanıqlı “adalar” axtarışındadır. Dünyanın ən böyük iqtisadi forumu olan Davos Azərbaycanı bu istiqamətdə önə çıxartmaq üçün ən yaxşı platformadır və öz səlis, arqumentlərə əsaslanan çıxışları, iqtisadi baxışları ilə seçilən dövlətimizin başçısı məhsuldar görüşlər keçirir. Azərbaycanın bütün sahibkarları bu görüşləri çox böyük diqqətlə izləyir, gələcəkdə geniş iqtisadi perspektivlər yaradacağına inanırlar.

Şərq-Qərb nəqliyyat dəhlizi kontekstində Azərbaycan ərazisindən keçən Orta Dəhlizin xüsusi əhəmiyyəti, neft-kimya, dağ-mədən, metallurgiya sənayesi, Azərbaycanın enerji layihələrinin yeni mərhələyə keçidi, qaz həcminin artırılması, bərpaolunan enerji layihələri, “ağıllı kənd”, “ağıllı şəhər” və digər sahələr üzrə dünyanın ən məşhur şirkət rəhbərlərinin Prezidentimizlə keçirdiyi görüşlər ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır. CİSCO kimi qlobal informasiya texnologiyaları şirkətlərinin ölkəmizə marağı, eyni zamanda Qarabağda yaradılan ağıllı kənd layihələrinə maraqları ümumilikdə iqtisadi inkişaf, xarici sərmayələrin cəlb edilməsi baxımından geniş imkanlar yaradır. Regional və qlobal layihələrdə dayanıqlı, uzunmüddətli tərəfdaş kimi müsbət imicə malik olan Azərbaycan artan iqtisadi gücü, güclü siyasi lideri sayəsində öz gücünü və nüfuzunu bütün dünyaya göstərəcək.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

Davos Forumu Qarabağa yeni investisiyaların cəlbinə mühüm təsirlər göstərəcək

Ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyini gücləndirməsi, dünya üçün alternativ ixrac imkanları yaratması, eyni zamanda, geosiyasi mərkəzə çevrilməsi hazırda Azərbaycanın qlobal siyasi güc kimi nüfuzunun hər gün daha çox artmasına səbəb olur.

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) tarixi səfəri fonunda ölkəmizin bərpaolunan enerji sahəsində potensialına verilən qiymət, Türkdilli Dövlətlər Təşkilatında, Qoşulmama Hərəkatında Azərbaycanın önəmli güc olması Davosda bütün diqqətləri ölkəmizə yönəltdi.

Davos Forumunda dünyanın aparıcı ölkələrinin liderləri, ən tanınmış şirkətlərinin və kooperasiyalarının təmsilçiləri iştirak edirlər. Onlar qlobal iqtisadi proseslər və maliyyə, enerji, ətraf mühit, makroiqtisadiyyatla bağlı iqtisadi təhlillər aparırlar. Gələcəyin iqtisadi mənzərəsinin, qlobal siyasi nizamının formalaşdırılmasında Davos Forumunun müstəsna əhəmiyyəti mövcuddur.

Qərbin enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rolun daha da artması ölkəmizin potensialı baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan işğaldan azad olunan torpaqları heç kimdən maliyyə yardımı almadan bərpa edir. Davos Forumu Qarabağa və Şərqi Zəngəzura yeni investisiyaların cəlbinə mühüm təsirlər göstərəcək.

Davos İqtisadi Forumunun əhəmiyyəti daha çox onun iştirakçılarının və orada müzakirə olunan dünyəvi problemlərin dairəsinin tərkibi ilə bağlıdır. İyirmi beş il ərzində Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlıq əlaqələri uğurla inkişaf edib. Əlaqələrin belə yüksək səviyyəyə çatması Prezident İlham Əliyevin uğurlu siyasət kursu nəticəsində baş verib. Davos iştirakçılarına yaxşı bəllidir ki, ümumi kapital qoyuluşu 40 milyard ABŞ dolları olan “Cənub Qaz Dəhlizi” layihəsinə daxil olan “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu boru kəməri və Trans-Adriatik boru kəməri layihələri müxtəlif maraqlı tərəfləri, o cümlədən 7 dövləti və 11 şirkəti özündə birləşdirir. Bütün bu layihələrin reallaşdırılması, əlbəttə ki, Avrasiyanın müxtəlif ölkələri arasında regional əməkdaşlığa, geniş işbirliyinə yol açır və Azərbaycan bu prosesdə açar rolunu oynayır.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

Şərhlər

Şərh yazılmayıb.