Huquqaz.com

Qubadlı şəhəri haqqında

24.10.2022
1.810
Qubadlı şəhəri haqqında

Tarixi Zəngəzur bölgəsinin qapısı sayılan Qubadlı rayonu Qarabağ silsiləsinin cənub-şərqində Bərgüşad və Həkəri çayları hövzəsində yerləşir. Inzibati cəhətdən 94 yaşayış məntəqəsindən, o cümlədən 1 şəhər və 93 kənddən ibarətdir. Qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir.

Qubadlı rayonu 1988-ci il noyabrın 24-də ilk şəhidini verdiyi gündən 1993-cü il avqustun 31-də erməni işğalına məruz qaldığı tarixədək 1737 gün düşmənə qarşı qəhrəmancasına mübarizə aparıb. 1993-cü il avqust ayının sonunda ermənilər atəşkəs vədi versələr də, qəfildən hücuma keçərək rayon ərazisini tamamilə işğal etdilər. İşğaldan əvvəl Qubadlı rayonunda 21 orta, 26 səkkizillik, 15 ibtidai məktəb, 300 yerlik 4 xəstəxana və 33 səhiyyə müəssisəsi, 111 mədəni maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi, 28 klub, 6 avtoklub, 23 kino qurğusu fəaliyyət göstərirdi. 125 ticarət, 96 ictimai-iaşə, 25 məişət xidməti, 21 rabitə müəssisəsi vardı.

Qubadlı rayonunda mineral maddələrlə zəngin olan 600-dən çox bulaq var. Onlardan Məmər kəndindəki “Şirin bulaq”, “İmamzadə”, Göyyal kəndindəki “Turşsu”, digər ərazilərdə “Sobu”, “Kəklik”, “Söyüdlü Əli”, “Çimli”, “Çayzəmi” və başqalarını qeyd etmək olar. Ərazisi təbii dərman bitkiləri ilə zəngin olan Qubadlı rayonunun eyni zamanda ,Hacılı kəndində mişar daşı yatağı ,Əliquluuşağı kəndinin 500 metr cənub şərqində mərmərləşmiş əhəng daşı yatağı , Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı var idi. Qubadlıda bundan başqa mərmər karxanası da var idi.

Qubadlı Azərbaycan tarixinə görkəmli şəxsiyyətlər vermişdir. Biz fəxr edirik ki, Qubadlıda Qaçaq Nəbidən, Əliyar Əliyevdən başlanan qəhrəmanlıq yolu bu gün Şükür Həmidov və digərləri tərəfindən davam etdirilir. Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edildi. Bununla da Qubadlı rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. Bununla əlaqədar, 2020-ci il noyabrın 26-da “ Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildilər.

Qeyd etmək lazımdır ki, müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Azərbaycan Respublikasının bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı. Bütün bunlara görə, Ali Baş Komandan, böyük sərkərdə, bu Qələbənin bizə yaşadan cənab İlham Əliyevə borcluyuq. 30 ildən çoxdur məcburi köçkünlük həyatı yaşayan insanlarımız öz doğma yurd yerlərinə qayıdıb yaşayacaqlar. Azərbaycanın həmin guşələri yenidən dirçələcək, yurd yerlərimiz, işğaldan azad olunmuş ərazilərimiz yenidən qaynar həyatına dönəcək.

 

Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktor əvəzi- Kəmalə Məmişova

Şərhlər

Şərh yazılmayıb.