Huquqaz.com

Qanlı Yanvar hadisələri milli kimliyin formalaşmasına təsir göstərdi

18.01.2023
2.294
Qanlı Yanvar hadisələri milli kimliyin formalaşmasına təsir göstərdi

Qanlı Yanvar hadisələri milli kimliyin formalaşmasına təsir göstərdi

20 Yanvar faciəsinin 33-cü ildönümü yaxınlaşır. 33 il keçsə də, xalqımız o faciənin ağırlığını unutmur, eyni hüznlə, ehtiramla hər il şəhidlərin xatirəsini yad edirlər. 33 il öncə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Təəssüf ki, faciənin qarşısını almaq mümükün olmadı, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi.

20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, o, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda – yanvarın 25-də Neftçalada, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.

Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirildi.

20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.

Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərdi. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü.

Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin “20 Yanvar” əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”, – deyən Ulu Öndər Heydər Əliyev Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlama tələb etdi.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Ulu Öndər Heydər Əliyevin 20 Yanvar həqiqətlərinin ifşa olunmasına xidmət edən fəaliyyəti danılmazdır

1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.

Ulu Öndər Heydər Əliyevin 20 Yanvar həqiqətlərinin ifşa olunmasına xidmət edən fəaliyyəti danılmazdır. Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. O dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib.

Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir (hal-hazırda bu məbləğ 600 manat təşkil edir). Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.

Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. 20 Yanvar Şəhidlərinin xatirəsini hər birimiz ehtiramla yad edirik. İllər keçəcək, şəhidlərə ehtiram davam edəcək. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

20 Yanvar faciəsi İmperiyanın sonunun başlanğıcı oldu

Mahiyyəti etibarilə SSRİ xalqlar həbsxanası idi. İmperiyanın rəyi, qərarı olmadan heç yerdə daş üstə daş qoyula bilməzdi. Müttəfiq respublikalar arasında münasibətlər də az qala Moskvanın hökmü ilə tənzimlənirdi. Hansısa mürəkkəb texnologiya ilə başa gələsi məmulatın hissələri müxtəlif şə­hər­lər­də hazırlanırdı. Niyə? – respublikaların bir-birindən iqtisadi asılılığı onların Mərkəzdən asılı­lı­ğına vasitə olurdu.

SSRİ adlanma etibarilə müttəfiq respublikalar birliyi olsa da ögey-doğmalıq da vardı və bu, bəzən açıq səviyyəyə çatırdı (çatdırılırdı). Bu ayrıseçkilik özünü kadr siyasətində də büruzə verirdi. Kadrların əksəriyyəti təmsil etdiyi xalqın mənafeyinin gizlin rezidenti olurdu…

Erməni əsilli akademik Aqambekyanın Fransanın “Humanite” qəzetinə verdiyi müsahibə Ermə­nis­tanın gizlin niyyətlərini açırdı: Dağlıq Qarabağ Ermənistana verilsin. Deyən olmadı ki, niyə? De­yən olmadı ki, “Ayağıma yer eləyim, gör bir sənə nə eləyirəm” deyimi erməniliyə görəmi deyilib? Həmin vaxtlarda 1920-ci ilin mayından bu yana Sibir hədəsinə görə, Lefortofa zindanının sıxıntılarına görə xalqımızın mübarizəsi ilk vaxtlar gizlin gedirdi. Xalqın ruhu “Nə yatmısan, Qoca Vulkan!” deyirdi. Xalq “Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram, Qolumdakı zəncirləri gərək qıram, gərək qıram!” harayı gənclərin düşüncələrinin işığı idi. Ermənilər azərbaycanlıları Ermənistandan çıxar­dan­da, azərbaycanlıların növbəti deportasiyasında bu mübarizə kükrədi. İndi Azadlıq meydanı adla­nan meydan bu kükrəyişə darlıq elədi. Milyonların harayı Xəzərin coşqun dalğalarına qarışdı. Onda rus imperiyası qorxuya düşdü. İmperiya bu kükrəyişin dönməz inqilabi hərəkat olduğunu duyurdu. Duyduğuna görə qüdrətinin azalacağı günlərin sızıltısını yaşayırdı.

Milli-azadlıq hərəkatı son on illərdə dünyanın müşahidə etmədiyi səviyyəyə çatmışdı. Bu hə­rə­ka­tın başlıca ruhu azərbaycançılıq idi.

SSRİ hökuməti Azərbaycanda davam edən bu hərəkatı məhv etmək üçün müxtəlif üsullardan is­­tifadə etsə də istəyinə nail ola bilmədi. Onda imperiya xislətindən istifadə etməyə qərar veribmiş. Za­man anlamında dünənəcən yeraltı, yürüstü sərvətlərini mənimsəyən, bu sərvətlər hesabına siyasi nü­fuzunu da, iqtisadi qüdrətini də artırırdı. Azərbaycanda dönməzliklə davam edən milli-azadlıq hə­rə­katını boğmaq üçün Bakıya qoşun yeritdi. Macarıstana qoşun yeritdiyi kimi, Əfqanıstana qoşun yeritdiyi kimi, ABŞ-ın Vyetnama qoşun yeritdiyi kimi, … Bakıda əhaliyə gözlənilən faciənin  bildiril­mə­mə­si üçün göndərilmiş MTN-çi təxribatçılar televiziyanın enerji blokunu partlatdı. Şəhərə yeri­di­lən qoşun qarşısına çıxanları güllələdi, maşınları əzib-keçdi, mənzilinin balkonuna çıxanlara da rəhm eləmədi. Rus İmperiyası müqayisəsi olmayan qırğın törətdi. Yaralıları xəstəxanalara aparan “Təcili yardım” maşınları da iri çaplı silahlarla atəşə tutuldu. Küçə döyüşləri adlandırılan döyüşdə silahsız­lar­la ordu hgissələri döyüşürdü. Bir tərəfdə silahı Vətənə sevgi olanlar, qarşı tərəfdə qadağan olunmuş güllələrlə atış aparan imperiya ordusunun qəddar hərbi qulluqçuları. Bakıya göndərilmiş ordu hissə­lə­rinin tərkibi də bu məqsədlə seçilmişdi: Bakıya rəhmsizlər göndərilmişdi…

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

20 yanvar faciəsi milli-azadlıq hərəkatımızın tarixidir

1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nü­ma­yəndəliyinə gələrək faciəni törədənləri, onların timsalında İmperiyanı qınadı, günahkarların cəza­lan­dırılmasını tələb etdi. Ən böyük günahkar İmperiya xisləti idi. Ulu Öndər ən böyük azərbay­canlı kimi yenə də doğma xalqı ilə həmrəy olduğunu nümayiş et­dirdi: “…Azərbaycanda baş vermiş hadi­sə­ləri mən hüquqa, demokratiyaya zidd, humanizmə və … hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm… Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəh­bər­liyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı …Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”.

Britaniyanın The Guardian” qəzeti 1990-cı il yanvarın 20-də “Bakı küçələri uğrunda savaş” başlığı ilə xəbər dərc etmişdi. Məqalədə deyilir ki, Sovet qoşunları Azərbaycan millətçilərinə qarşı hücuma keçib: “Sovet tankları bu səhər tezdən barrikadaları yararaq üsyankar Bakı şəhərinə daxil olub. Milli hərəkatın nümayəndələrinin bildirdiyinə görə, onlar müqavimət göstərən hər kəsə atəş açıblar. Onların bildirdiyinə görə çoxlu sayda yaralı və ölü var”.

Martın 18-də ABŞ Konqresinin bir qrup deputatı Mixail Qorbaçova müraciət ünvanlayıb. Mək­tubda deyilir: “Sizdən xahiş edirik ki, erməni azlığının qətlə yetirilməsinin, eləcə də regionda digər zora­kı­lıqların qarşısını almaq üçün tədbir görəsiniz. Ümid edirik ki, Sovet rəhbərliyi vətəndaş sülhü ilə yanaşı, vətənlərinə dönmək istəyən ermənilərin təhlükəsizliyini təmin edəcək. Ona da ümid edirik ki, Qarabağın və Ermənistanın iqtisadi mühasirəsini yaracaqsınız. Azərbaycanda dəhşətli zorakılığın baş verməsi Dağlıq Qarabağın 160 minlik erməni əhalisinin Ermənistanla birləşməsinin vacibliyini bir daha təsdiq edir. Azərbaycan hakimiyyəti 70 il ərzində Dağlıq Qarabağ əhalisinin 60 faizini təşkil edən ermənilərin iqtisadi və mədəni hüquqlarını pozub. Sizdən təkidlə xahiş edirik ki, Qarabağ xalqına özünün gələcək siyasi və mədəni mənsubiyyətini müəyyən etmək hüququnu vermək yolu ilə Sovet dövləti çərçivəsində baş verən faciənin qarşısını alasınız”. Bunlar azərbaycanda baş verənlərə bəşəri niyyətlərlə yaşayanların münasibətidir. Bu münasibət həm də İmperiyanın qəddarlığına ünvan olmuş bir dövlətə sevgidir…

Faciənin qurbanları Bakıda, Dağüstü parkda dəfn edildi. Şəhidləri xalq dəfn etdi. İmperiya hərə­kat­dan necə qorxmuşdusa, bu dəfndən də elə çəkinirdi; xalqın qəzəbi İmperiyanın kabusuna çevril­miş­di. Bu hərəkat təsdiqlədi ki, bəşəri niyyətlərlə yaşayan, azadlığı uğrunda mübarizə aparan xalqlar heç zaman məğlub olmur. Azərbaycanlılar kimi!..

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

Qanlı Yanvar hadisəsi xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olundu

1990-cı il yanvar ayının 20-də paytaxt Bakıya və ölkənin bir sıra rayonlarına sovet ordusu hissələrinin cəza məqsədilə qanunsuz yeridilməsi, dinc əhalinin qırılması totalitar sovet rejiminin törətdiyi ən qanlı aktlardan biri, insanlığa qarşı yönəldilmiş ağır cinayət idi. Bu il xalqımız 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünü qeyd edir. Azərbaycan özünün igid oğul və qızlarının fədakarlığını sonsuz məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bu gün paytaxtımızın ən möhtəşəm məkanında müstəqilliyimiz uğrunda canlarını qurban vermiş Vətən övladlarının uyuduğu Şəhidlər xiyabanı  xalqımız üçün müqəddəs and yerinə, milli iradəmizin şərəfli salnamə səhifəsinə çevrilib. Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli kimliyimizin təsdiqinin simvolu kimi bundan sonrakı nəsillərə də hər zaman qürur mənbəyi olaraq qalacaqdır. Təsadüfi deyil ki, 2020-ci ilin noyabr ayında Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də Azərbaycanın tarixi Zəfərlə başa vurduğu Vətən müharibəsində əldə etdiyi ən parlaq qələbənin, qədim Şuşa şəhərinin işğaldan azad olunmasının xəbərini xalqa çatdırmaq üçün məhz bu müqəddəs məkanı, Şəhidlər Xiyabanını seçmişdi. Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün böyük faciə olmaqla yanaşı, eyni zamanda da ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqımızın tarixinə şərəfli bir səhifə kimi yazıldı, müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olundu.

20 Yanvar qırğını həmin dövrdə respublikamızda hakimiyyətdə olan və milli maraqlara zidd addımlar atan iqtidarın istefası tələbini irəli sürdüyünə və qətiyyətlə Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxdığına görə Azərbaycan xalqını cəzalandırmaq üçün SSRİ rəhbərliyi tərəfindən törədilmişdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilib. Tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdi. Məlum olduğu kimi, həmin il hələ yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasosnu” aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdir. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdilər. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirilmişdir

Təhlükələrdən çəkinməyərək Ümummilli Lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Sovet rejiminin bütün qadağalarına rəğmən Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verən Ulu Öndər əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi və Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlamanı tələbini qəti formada irəli sürdü: “Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər – 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır.”

Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider Heydər Əliyev dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı.

1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Ölkə Prezidenti İlham Əliyev tərəfindən indiyədək mühüm addımlar atılmışdır. Dövlət Başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır. Azərbaycan xalqı 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarını unutmur. Hər il yanvarın 20-də, saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Azərbaycan bütün şəhidlərinin xatirəsini hər zaman uca tutur.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

20 Yanvar faciəsi tariximizin həm qanlı, həm də qəhrəmanlıq səhifəsidir

Minilliklərlə yaşanan böyük bir tarix zaman – zaman sübut etmişdir ki, insan şəxsiyyəti üçün ən böyük sərvət onun azadlığıdır. Məhz buna görədə tarixin müxtəlif mərhələlərində, müxtəlif xalqların tarixi özünəməxsus olan azdlıq mübarizələri yadda qalmışdır.

XX əsrin 50 – ci illərindən SSRİ və Kommunist partiyasının diktatura siyasətinə qarşı güclü azadlıq mübarizəsi başlandı. 1956 – cı ildə İmre Nadın rəhbərliyi ilə Macarıstanda başlanan azdlıq mübarizəsi, 1968 – ci ildə Aleksandr Dubçekin rəhbərliyi ilə Çexoslavakiyada “ Praqa baharı ” adlı hadisələrlə dahada genişləndi.

Bu mübarizənin ən yüksək zirvəsi 1990 – cı il yanvarın 19 – dan 20 – nə keçən gecə Bakı şəhərində yaşanan hadisələr olmuşdur. Həmin gecə keçmiş SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin və SSRİ DTK sədrinin müavini Filip Babkovun birbaşa rəhbərliyi ilə “ Bakı əməliyyatı ” həyata keçirilmişdir. Bu əməliyyatda əsas məqsədi: Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq idi. Nəticədə Bakı qarnizonun qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən çıxarılan desant qrupları şəhər üzərinə hücuma keçdi. Ağır hərbi texnika çox asanlıqla barikadaları dağıdaraq kütləvi qətliam törətməyə başladı. Həmin gecə şəhərin küçələri güllələnmiş və yaralanmış insanların – qocaların, qadınların və uşaqların qanına qərq oldu. SSRİ DTK – nin xüsusi qvardiyaları təsadüfü küçələrə çıxanları, yaşayış evlərini, təcilli yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. İnsanları ağır hərbi texnikanın zəcirləri altına salır, əzabla öldürürdülər. Məhz həmin gecə 82 nəfər amansızcasına qətlə yetirildi, 20 nəfər ömürlük şikəst qaldı. Fövqəladə vəziyyət elan olunmadığı rayonlarda – yanvarın 25 – də Neftçalada və yanvarın 26 – da Lənkəranda daha 8 nəfər qətlə yetirildi.

Nəticədə Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycanın digər rayonlarında  146 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər  qanunsuz həps olundu, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcilli yardım maşınları yandırıcı güllərin törətdiyi yanğın nəticəsində məhv edildi. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcilli yardım işçiləri və polislərdə vardı.

Belə ağır günlərdə bu hadisələrə ilk qiyməti Umummilli lider Heydər Əliyev vermişdir. O, bütün çətinliklərə baxmayaraq 1990 – cı il yanvarın 21 – də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin bu cinayətini qətiyyətlə ittiham edən bəyanatla çıxış etmişdir.

Yanvar qırğınları xalqımızın tarixinə acılı və iztirablarla dolu xatirələrlə yazılsada, milli – mənliyinə, milli azadlıq ruhuna qarşı yönəlmiş təcavüz olaraq daxil olsada, amma bu xalqın nə iradəsini, nə də milli ruhunu qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən övladları Azərbaycan tarixinə parlaq səhifə yazdılar.

1990 – cı il, 20 Yanvar qırğınları tarixə bir daha sübut etdi ki, bir xalqı əzmək olar, bir xalqı kütləvi şəkildə qətlə yetirmək olar, amma həmin xalqın nə azadlıq ruhunu, nə də azdlıq eşqini məhv etmək etmək olmaz.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

1990-cı ilin qanlı yanvar gecəsini Azərbaycanda kütləvi qırğınlarımızın, itkilərimizin ilki kimi də qiymətləndirmək mümkündür

70 illik Sovet müstəmləkəsində qalan Azərbaycan bugünkü müstəqilliyini mübarizələrlə, itkilərlə əldə etmişdir. İmperiya daxilində 80-cı illərin sonlarından başlayan etirazlar onu daxildən dağıdırdı və siyasi vəziyyətdə mürəkkəblik artırdı. Belə bir vəziyyətdə hakim qüvvələr kütləni susdurmaq, etirazlatı yatırmaq məqsədilə güc tətbiq etdilər.

1990-cı ilin qanlı yanvar gecəsini Azərbaycanda kütləvi qırğınlarımızın, itkilərimizin ilki kimi də qiymətləndirmək mümkündür. Hər zaman sovetlərin təbliğ etdiyi əminamanlıq, xalqların dostluğu, qardaşlığı, insanlara mərhəmət və bu kimi humanist fikirlərin puç, reallıqla səsləşməyən, respublikaları əldə saxlamaq üçün təbliğat olduğu özünü göstərdi. Etirazçıları susdurarkən dinc sakinlərə belə mərhəmət edilmədiyini, hərbiçilərin odlu silahları döyüş meydanında deyil, adi vətəndaşlara qarşı istifadəsini, təziqlərlə, vəhşiliklərlə üzləşə biləcəyini xalqımız məhz həmin müdhiş gecədə anladı. Yanvarın 19-dan 20-ə keçən gecə tariximizə “Qanlı yanvar” kimi qanla yazıldı.

Həmin dəhşətli gecə Bakıda yenə də sovet imperiyasının əsarətinə etiraz edən mitinqlər keçirilir, etirazlar edilirdi. Xalqın yeganə istəyi ölkənin öz azadlığını qazanması idi. Heç kim düşünməzdi ki, şüarlarla, çıxışlarla bildirilən bu etirazlar qanla susdurulmağa çalışılacaqdı. “Böyük vətən müharibəsi” adlandırılan alman faşizminə qarşı müharibədə şücaətilə hərb tarixinə adlarını yazmış fədakar övladlarımızın vuruşduğu, 70 il şəninə mahnılar oxunulan “Qızıl ordu” insanlığa sığmayan vəhşiliyilə Bakını al qana boyadı. Moskvadan təlimatla göndərilmiş hərbi dəstələr təkcə əliyalın etirazçıları hədəf almadı, eyni zamanda, uşaqların, qadıların, qocaların belə fərqinə varmadan, ətrafa, binalara qadağan olunmuş silahlarla atəş açaraq küçədən keçən, ailəsilə evində oturan dinc sakinləri də qətlə yetirməkdən çəkinmədilər. Beynəlxalq insan hüquqları prinsipləri tamamilə pozuldu.

Həmin dövrdə yeganə televiziya olan Azərbaycan Televiziyasının yayın avadanlığının dağıdılması Bakı ilə bölgələr arasındakı əlaqəni də kəsmişdi. Nəyin baş verdiyini, hansı vəhşiliyin törədildiyindən məlumatsız qalma gərginliyi daha da artırırdı.

Müstəqillik yolu təəssüf ki, qanla, itkilərlə gedilir və qazanılır. Azərbaycan öz müstəqilliyi uğrunda çox çətinliklər yaşamışdır. Yanvar hadisəsini Qarabağda qarşılaşacağımız itkilərin, faciələrin, vəhşiliklərin başlanğıcı saymaq mümkündür. Artıq dövlətimiz 30 illik Qarabağ münaqişəsini 44 müharibə yolu ilə geridə qoymuşdur. Hələ də müəyyən problemlər mövcud olsa da, müstəqil Azərbaycan 90-cı illərin zəif, səriştəsiz idarəetməyə sahib dövləti deyildir. Dünya dövlətləri arasında Azərbaycanın xüsusi nüfuzu vardır. Bu müstəqilliyimizi canlarını fəda etmiş şəhidlərimizə borcluyuq.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

Dövlətimiz və xalqımız 20 Yanvar faciəsinin qurbanlarını hər zaman dərin ehtiramla anır

Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun 30 illik işğala son qoyaraq torpaqlarımızı düşmən işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra müstəqil Azərbaycan tarixi qızıl hərflərlə yazılmış şanlı tarixlər qazanmışdır. Böyük Qələbənin başlanğıcını qoyan 27 sentyabr, Şuşanın işğaldan azad edildiyi 8 noyabr, digər rayonlarımızın azad edildiyi tarixlər, düşmənin kapitulyasiya aktına imza atdığı 10 noyabr tarixi-bu tarixlər bundan sonra xalqımızın hər zaman böyük coşğu, sevinc və qürur hissi ilə qeyd edəcəyi tarixlərdir. Lakin Azərbaycan xalqı, dünya azərbaycanlıları xalqımızın qan yaddaşına həkk olunmuş günləri, tariximizə matəm günləri kimi yazılmış günləri də  heç vaxt unutmamalıdır. Belə tarixlərdən biri bu il 33-cü ildönümünü qeyd etdiyimiz qanlı 20 Yanvar tarixidir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə başqa rayonlarına yeridilmiş,  dinc əhali kütləvi qətlə yetirilmişdir. Qanlı Yanvar qırğının törədilməsinin səbəbi həm Azərbaycanın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına, həm də ümumilikdə ölkədə baş qaldırmış milli azadlıq hərəkatına, xalqın azadlıq və müstəqilliyi bərpa etmək uğrunda mübarizəsinə  görə Azərbaycanı cəzalandırmaq idi.

Həmin gecə fövqəladə vəziyyətin elan edilməsinə baxmayaraq əhali tətbiq edilmiş fövqəladə vəziyyət barədə xəbərdar edilməmişdir. Həmçinin, fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri  artıq yanvarın 19-da saat 21-dən etibarən şəhərə daxil olmuş və fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək 82 nəfər amansızcasına qətlə yetirmişdir. Ümumilikdə Qanlı Yanvar  hadisələri zamanı Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmışdır. Həm də bu qırğınlar xüsusi qəddarlıqla, silahsız və dinc sakinlərə qarşı ağır texnikalardan və müxtəlif silahlardan istifadə etməklə törədilmişdir. Həmin gecə vəfat edənlər arasında uşaqların, qocaların, qadınların olması, əhaliyə köməyə gələn təcili tibbi yardım maşınlarının hədəf seçilməsi, avtomaşınların, dövlət və şəxsi əmlakın vəhşicəsinə məhv edilməsi sovet  ordusunun amansızlığının və qəddarlığının sözlə ifadə edilə bilməyəcək qədər yüksək həddə olduğunun nəticələri idi. Eləcə də xalqa məlumat verilməsinin qarşısını almaq üçün ilk hədəf kimi Azərbaycan Televiziyasının enerji blokunun seçilməsi, enerji blokunun partladılaraq sıradan çıxarılması həmin gecəyə dair unudulmayan hadisələrdən biridir.

Şübhəsiz ki, Qanlı Yanvar hadisələrinin törədilməsində SSRİ rəhbərliyi ilə yanaşı, Azərbaycanın o vaxtki rəhbərliyinin, onların səriştəsizliklərinin, hər vəchlə hakimiyyətdə qalmaq, hakimiyyət mübarizəsini xalqın mənafeyindən üstün tutmaq cəhdlərinin də rolu olmuşdur. Heydər Əliyevin Azərbaycan xalqı arasındakı böyük nüfuzundan narahat olan Azərbaycanın o vaxtkı rəhbərliyi Heydər Əliyevə qarşı böhtan kampaniyasına başlamaqla onu xalqın gözündən salmaq siyasətini həyata keçirmək üçün SSRİ rəhbərliyinə yarınmış və Yanvar hadisələrinin qarşısını almaq üçün ciddi tədbirlər görməmişdir.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

20 Yanvar faciəsi xalqımızın tarixinə ən qanlı günlərdən biri kimi həkk olunmuşdur

20 Yanvar hadisələrinə ilk siyasi-hüquqi qiymət verilməsi də Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər. Ulu Öndər isə öz təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərarın qəbul edilməsinə nail oldu. 1994-cü ilin mart ayının 29-da isə Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. 1998-ci ildə isə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi.

Cənab Prezident İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsini həmişə uca tutmuş, Şəhidlər Xiyabanın təmir və yenidənqurma işlərinə, 20 Yanvar şəhidlərinin ailələrinin və 20 Yanvar əlillərinin sosial müdafiəsinə böyük diqqət ayırmışdır. Cənab Prezidentin tapşırığı ilə 2010-cu ildə, hadisənin 20-ci il dönümündə Yasamal rayonundakı “20 Yanvar” dairəsində 20 yanvar faciəsi qurbanlarının xatirəsinə memorial abidə kompleksi ucaldılmış və abidənin açılışını cənab Prezident şəxsən özü etmişdir. Bu günlərdə isə, daha dəqiq desək 13 yanvar 2023-cü il tarixli Fərmanı ilə cənab Prezident 20 Yanvar şəhidlərinin ailələri üçün təsis edilmiş təqaüdün məbləğinin artırılmasına göstəriş vermişdir.

Şübhəsiz ki, 20 Yanvar faciəsi xalqımızın tarixinə ən qanlı günlərdən biri kimi həkk olunmuşdur.  Lakin, 20 Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, bu tarix həm də bizim üçün şərəfli bir tarixdir, bu tarix öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparan Azərbaycan xalqının bu amal uğrunda hər cür qurban verməyə hazır olduğunu göstərən şanlı tarixdir. 20 Yanvar hadisələrindən sonra sovet imperiyası Azərbaycanda özünün son dayaqlarını da itirdi. Xalqımız başına gətirilmiş bu böyük faciədən sonra daha da sıx birləşdi, xalqın müstəqillik uğrunda apardığı mübarizə daha da dönməz xarakter aldı və Azərbaycanın müstəqilliyini bərpa etməsi qaçılmaz oldu.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.