Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır
Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır
Azərbaycanın Şərq Tərəfdaşlığı ölkələri sırasında özünəməxsus yeri var. Eləcə də Avropa İttifaqı ilə əməkdaşlıq dövlətimizin xarici siyasətinin əsas prioritetlərindən biridir. Ümumiyyətlə, Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Yaratdığı mükəmməl əməkdaşlıq və tərəfdaşlıq formatı ölkəmizə ən qlobal layihələri reallaşdırmağa imkan verir.Beynəlxalq və regional təşkilatlarla aparılan ardıcıl və məqsədyönlü iş Azərbaycanın ötən illər ərzində beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilməsində xüsusi rol oynayıb. Nəticədə ölkəmizin BMT və onun qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi nüfuzlu beynəlxalq institutlarla əlaqələri daha da möhkəmlənib.
Prezident İlham Əliyev Sərginin açılış mərasimindəki çıxışında ölkəmizin iqtisadi müstəqilliyinin və təhlükəsizliyinin təmin olunması naminə keçdiyi tarixi yola və bu məqsədlə reallaşdırdığı layihələrə xüsusi diqqət çəkdi. Gürcüstanın Supsa limanına gedən birinci neft boru kəmərinin açılışından tutmuş, 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin açılışına, “Şahdəniz” yatağının kəşfiyyatına qədər geoiqtisadi əhəmiyyətli layihələr tədbir iştirakçılarına bir daha xatırladıldı. Dövlətimizin başçısı bu layihələrin mürəkkəb siyasi şəraitdə reallaşdırıldığını xüsusi olaraq vurğuladı: “Həmçinin bu layihələr çox mürəkkəb siyasi mühittdə həyata keçirilmişdir… Qeyd etmək istəyirəm ki, hasilatın pay bölgüsünə dair 1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir söz belə dəyişdirilməyib”.
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen isə öz növbəsində Anlaşma Memorandumunun xüsusi əhəmiyyət kəsb etdiyinə diqqəti cəlb edərək bildirdi ki, “Biz Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artıracağıq. Bu Memorandum vasitəsilə biz Cənub əQaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərimizə öhdəlik götürürük. Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Biz bir neçə il ərzində onun ötürücülük imkanını 20 milyard kubmetrə çatdıracağıq. Gələn ildən biz 12 milyard kubmetr göstəriciyə çatacağıq, beləliklə Rusiyadan qaz təchizatının həcmini azaldacağıq və Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfə verəcəyik”.
Azərbaycan dünyanın elə bir ölkəsi yoxdur ki, onunla əlaqələr qurmasın, əməkdaşlıq etməsin. Bu əməkdaşlıq böyük miqyaslı və geniş şaxəlidir. Ölkəmiz xarici siyasətində dünya dövlətləri ilə əməkdaşlığını qarşılıqlı maraqlar çərçivəsində inkişaf etdirir. Müxtəlif platformalarda reallaşan əməkdaşlıqda milli mənafelər öndə dayanır.
Bundan başqa, ən önəmlisi coğrafi yaxınlıq olan dövlətlərlə normal əlaqələrin qurulmasıdır ki, Azərbaycan öz qonşuları ilə dostluq və mehriban qonşuluq şəraitində yaşayır. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurqulayıb ki, beynəlxalq məsələlərdə dövlətin prioritetləri yalnız milli maraqlarla müəyyən olunur və Azərbaycan heç bir ölkə ilə hər hansı problem yaşamır.
Bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır.
Bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.
“Çünki mən bunun canlı şahidiyəm ki, müharibədən sonra onsuz da Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı, yəni, bizə olan rəğbət daha da artdı. Çünki dünyanın siyasi elitası yaxşı başa düşür ki, biz bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq. Yəni, müharibə bitsə də, mübarizə hələ davam edir və əminəm ki, biz qalib gələcəyik. Çünki biz haqq yolundayıq və bizim həm hərbi, həm siyasi gücümüz, o cümlədən iqtisadi müstəqilliyimiz gücümüzü əlbəttə ki, artırır”, – dövlət başçısı deyib.
Aygün İsmayılova
Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı
Şərh yazılmayıb.