Huquqaz.com

Xalqın nicatı

19.06.2022
1.979
Xalqın nicatı

Xalqın nicatı

Bəşər tarixi həm ziddiyyətli, həm də qanunauyğun, zəruri və məşəqqətli hadisələrlə zəngindir. Hər xalqın həyatında özünün iradəsi əsas yer tutur. Bəzən bu iradə müəyyən səbəblərdən baş tutmur, bəzən isə xalqın iradəsi özünü doğruldur. Azərbaycan xalqının 1993-cü ilin yayında öz müdrik oğlu Heydər Əliyevi yenidən hakimiyyətə gətirməsi onun iradəsinin təntənəsi idi. Keçmiş mənəviyyatsız dövlət başçılarının ayaqlar altına salıb tapdaladıqları hüquqlarımızın və haqqın, ədalətin qələbəsiydi. Kim bilir, həmin dövrdə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, xalqımız daha hansı müsibət və bəlalarla üzləşməli olacaqdı. Ulu Öndər Azərbaycanımızı bütün dünyaya tanıtdırdı, xalqımızı vətəndaş müharibəsi təhlükəsindən sovuşdurdu.

Dövlətçiliyimizə qarşı baş qaldıranları səbirlə, uzaqgörənliklə otuzdura bildi. Ümummilli lider Heydər Əliyevi əsl xalq qəhrəmanı, tariximizin sərkərdəsi, nüfuzlu dövlət başçısı, XX əsr Azərbaycanın peşəkar diplomatiyasının banisi adlandırmaq olar. O, 1993-cü ilin ortalarında hakimiyyətə gələndən sonra əvvəllər respublikamızda yaranmış hərc-mərcliyə,xaosa son qoydu. Ulu Öndərin rəhbərlik səriştəsi, natiqlik məharəti, dözümlülük və iradə təcəssümü, siyasət dünyasının dahisi olması hamıya məlumdur.

Azərbaycan xalqı bütün zamanlarda müdrik rəhbərə ehtiyac duyub. Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi, haqqın ədalətin bərpası deməkdir. Bu böyük və zəngin bir tarixdir ki, bunu Heydər Əliyev öz əliylə və qələminin bitib tükənməyən hərarəti ilə yazmışdır. Sovetlər İttifaqı dağıldıqdan sonra müstəqilliyini əldə etmiş respublikaya dövləti idarə etməkdə heç bir təcrübəsi olmayan, şəxsi mənafeyi ümümxalq mövqeyindən üstün tutan adamların rəhbərliyə gəlməsi çıxılmaz vəziyyət yaradaraq cəmiyyət üzvlərində sabaha inamı və ümidi itirdi. Bax, belə xaotik, siyasi və sosial gərginlik məqamında xalqımız daha doğru yol seçərək, Heydər Əliyevi hakimiyyət kürsüsünə gətirdi.

10 oktyabr 1993-cü il Bakı, Respublika Sarayı… Heydər Əliyev:

“Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb,faciəli dövrünü yaşayır.Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq,xalqın ümidlərini doğrultmaq işinə sərf edəcəyəm.”Bu, xalq tərəfindən seçilmiş liderin öz prezidentlik vəzifəsinin icrasına başlaması üçün keçirilən adicə andiçmə mərasimi deyildi.Bu illərdən bəri əzab-əziyyətə, məhrumiyyət və məşəqqətlərə düçar olmuş bir millətin, nəhayət, seçərək öz taleyini tapşırdığı liderinə göstərdiyi qayğı,liderin isə canından artıq sevdiyi Vətənə,Dövlətə və Xalqa açıqladığı nicat proqramı idi.

 

Çinarə Fərəcova

Zərdab şəhər 1 saylı məktəb-liseyin müəllimi

Şərhlər

Şərh yazılmayıb.