Huquqaz.com

“Laçın” Nəzarət-Buraxılış Məntəqəsi

18.09.2024
2.396
“Laçın” Nəzarət-Buraxılış Məntəqəsi

“Laçın” Nəzarət-Buraxılış Məntəqəsi

İkinci Qarabağ müharibəsi  və ya “Dəmir Yumruq” əməliyyatı Dağlıq Qarabağda atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Azərbaycan 44 günlük vətən müharibəsi zamanı Ermənistan üzərində hərbi-siyasi qələbə qazandı. Tarixi ərazilərimiz düşmən işğalından azad olundu. İşğaldan azad olunan ərazilərdə bərpa işləri həyata keçirilir, erməni vandalizmi nəticəsində talan edilən, xarabaya çevrilən, minalarla zəhərlənən torpaqlarda nəhəng quruculuq işləri görülür, evlər, məktəblər, xəstəxanalar, hava limanları tikilir, yollar çəkilir, kəndlər şəhərlər salınır. Ermənistan isə qazanılmış bu hərbi-siyasi qələbə nəticəsində regionda yaranmış yeni hərbi-siyasi reallıqla barışa bilmir, ölkəmizə  qarşı ərazi iddialarından əl çəkmir, üçtərəfli bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmir, qeyd olunan müddəaları kobud şəkildə pozmağa davam edirdi. Ermənistan “Laçın” dəhlizindən də öz çirkin əməllərini həyata keçirmək üçün istifadə edirdi. Ermənistan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələri üçün silah-sursat, canlı qüvvə, mina daşıyırdı. Ermənistan tərəfindən həyata keçirilən bu qanunsuz əməllər, Azərbaycan tərəfinin bir tədbir görməsini zəruri etdi. Beləliklə,  Azərbaycan 2023-cü il 23 aprel tarixində Laçın-Xankəndi yolunun başlanğıcında Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  tapşırığına əsasən, fəxarət rəmzimiz olan 3 rəngli bayrağımız Həkəri çayının üzərindəki körpünün üstündə dalğalandırılıb və Azərbaycan sərhədlərinin bütövlüyü tam təmin olunub. “Laçın Nəzarət-Buraxılış Məntəqəsinin” yaradılması çox böyük hadisə idi, bu o demək olurdu ki, artıq bütün sərhədlərimizə tam nəzarəti təmin edə bilərik.  Laçın yolunun başlanğıcında sərhəd-nəzarət mexanizminin təmin edilməsi nəticəsində, yoldan hərəkət üzrə şəffaflıq, hərəkətin təhlükəsizliyi təmin ediləcək.  “Laçın Nəzarət-Buraxılış Məntəqəsi” Azərbaycan ərazisində qeyri-qanuni silah-sursat, mina, xarici terrorçuların daşınmasının, təbii sərvətlərin çıxarılmasının qarşısını almağa imkan verir. Ermənistan  bu məntəqənin qanunsuz olması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edir, lakin bu Azərbaycanın öz suveren və legitim hüququdur.

Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində 2023-cü ilin sentyabrında bir günlük antiterror tədbirləri həyata keçirildi. Bu antiterror əməliyyatı nəticəsində silahlı terrorçular zərərsizləşdirildi və bölgəni bütünlüklə tərk etdilər. “Laçın Nəzarət-Buraxılış Məntəqəsi” Azərbaycanda separatizmin təchizat kanallarını blokladı, izolyasiyaya düşən separatçılar küncə qısnanmış vəziyyətdə qaldılar. Azərbaycan daim ədalətin tərafdarı olmuş, öz torpaqlarını qorumaq uğrunda mübarizə aparmışdır.

Babək Mikayılov – Zərdab Peşə Liseyinin direktoru

 

 

Hərbi əməliyyatlar 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatla başa çatdı.

2020-ci ilin noyabrın ayının 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalanıb. 10 Noyabr ölkəmiz üçün tarixi bir gündür.  İmzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtəni qoydu.  Hansı ki, bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri imzalamışlar. Bu bəyanat bizim şanlı qələbəmizdir.

2020-ci il sentyabrın 27-sində başlayan 44 günlük Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir. Ağdam, Laçın və Kəlbəcər şəhərləri isə bir güllə atılmadan azad edilmişdir.

Son illər biz xalqımızda güclü iradə gördük, yenilməzlik gördük, dövlətə sədaqət gördük, eyni zamanda onların gözlərində nisgil, həsrət gördük. Bunların hamısına bu bəyannamə ilə son qoyulub.  Əlbəttə ki, bu yerə gəlib çatmaq asan olmadı, amma mübariz xalqın əzmkarlığı ilə biz bunu bacardıq. Hazırda bundan böyük xoşbəxtlik yoxdur ki, Azərbaycan bütöv Azərbaycandır. Onun üçün də bu tarix şərəfli, qürurla qeyd olunacaq bir tarixdir.

Tükəz Lətifli –  Zərdab rayonu Çallı kənd tam orta məktəbinin müəllimi

Şərhlər

Şərh yazılmayıb.