Huquqaz.com

“Yaşıl enerji zonası”

21.12.2022
1.883
“Yaşıl enerji zonası”

“Yaşıl enerji zonası”

Azərbaycan, özünün zəngin resurslarına istinad etməklə elektrik enerjisi istehsalı mənbələrini şaxələndirmək yolu tutub. Belə ki, respublikamızda enerji müstəqilliyinin bərpa olunan enerji mənbələri hesabına möhkəmləndirilməsinə güclü siyasi iradə göstərilir, eyni zamanda, bu istiqamətdə praktiki müstəvidə zəruri tədbirlər görülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. İşğaldan azad edilmiş ərazilərdə mövcud olan yüksək bərpa olunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və ekoloji cəhətdən təmiz və enerji səmərəliliyinə malik yaşıl texnologiyalar üçün müxtəlif ssenarilər tətbiq edilməklə ərazilərin enerji tələbatı modelləri hazırlanmışdır. Yaşıl Enerji Zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, ağıllı enerji idarəetmə texnologiyalarıının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi tədbirlər nəzərdə tutulmuşdur. Azərbaycanda, xüsusilə düşməndən təmizlənən ərazilərdə “Yaşıl enerji” zonasının yaradılmasına mühüm önəm verilməsi təsadüfi deyil. Çünki hazırda bütün dünyada elektrik enerjisi istehsalının dominant mənbəyi ənənəvi enerji mənbələridir. Ölkəmizdə enerjinin bu növünün istehsalı diqqət mərkəzində saxlanılır. “Yaşıl enerji” zonası layihəsinin Qarabağ və ətraf rayonlarda reallaşdırılmasını potensial imkanlarla bərabər, digər amillər də şərtləndirir. Bu gün dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəldildiyindən, Qarabağın bərpa-yenidənqurma məsələlərində də bu istiqamət əsas götürülür və “yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağın dünyanın ən müasir yaşayış məskənlərindən biri olaraq yenidən qurulmasına xüsusi əhəmiyyət verilir.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

Şərhlər

Şərh yazılmayıb.