Müstəqil Azərbaycanın inkişafında önəmli tarix
Müstəqil Azərbaycanın inkişafında önəmli tarix.
Hər xalqın dirçəlişi, dünya arenasında öz sözünü deməsi, XXI əsrin sürətlə qloballaşan dinamik strukturuna hansı dərəcədə adaptasiya olunmasından xeyli dərəcədə asılıdır. Bu zaman əsas məsələ millətin bütün təbəqələrinə xitab edən inteqrativ ideyanın, yəni əsl milli məfkurənin mövcudluğu və dayanıqlılığı mühüm əhəmiyyət kəsb edir.
Yaxın tarixi təcrübəmiz real şəkildə sübut etdi ki, əgər müstəqillik həqiqi mənada xalqa xidmət edirsə millətə öz milli həyatını sərbəst, özünəməxsus şəkildə qurmaq imkanı verirsə, yalnız bu halda o, milli inkişafın ən müqəddəm şərti hesab olunur. Ümummilli lider Heydər Əliyevin vaxtilə söylədiyi “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun yalnız və yalnız Azərbaycan Resspublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” deyimini bu gün də həyəcansız xatırlamaq mümkün deyil. Ulu öndərin bu həyat manifesti bizdə ölçüyəgəlməz qürur hissi doğurur, çünki bu optimizimdə onun rəhbərliyi ilə milli varlığımızın taleyüklü problemlərinin həlli yolunda atılan uğurlu addımları, milli tərəqqiyə mane olan neqativ əyintiləri vaxtında təmkin və qətiyyətlə aradan qaldırmaq əzmi və bacarığı, elin qüdrətindən mayalanan milli təfəkkürün yaradıcı potensial təcəssümünü tapmışdır. Məhz buna görə Heydər Əliyevin müstəqillik konsepsiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar fonunda xüsusi aktuallıqla səslənir. Ümummilli lider Heydər Əliyev özünün bütün siyasi karyearsı boyu xalqımızın müstəqilliyə yetmək istəyini dərindən duymuş və müdafiə etmiş, bu taleyüklü milli problemin məzmun və mahiyyətinə dərindən nüfuz etmiş, bu amalı özünün fəaliyyət kredosuna çevirmişdir. O, istər dərin məzmunlu çıxışlarında, istərsə də xalqla keçirdiyi görüşlərdə səsləndirdiyi ideyalarla müstəqillik konsepsiyasının nəzəri-praktiki əsaslarını yaratmışdır. Bu konsepsiyada milli dövlətçilik ideyaları ilə həmin ideyaları həyata keçirən müdrik siyasətin obrazının dialektik vəhdətini görürük. Şablon düşüncə tərzini hər zaman kəskin tənqid edən Heydər Əliyevin müstəqillik konsepsiyası mühüm nəzəri-praktik model kimi milli reallıqlarımızın və bu reallıqların xarici faktorlarla şərtlənməsinin analitik, yaradıcı dərkinin məhsuludur.
Azərbaycan 70 illik əsarətdən qurtularaq 1991-ci il oktyabrın 18-də müstəqilliyini yenidən rəsmən elan etdi. XX əsrdə Şərqin ilk demokratik respublikası Azərbaycan Demokratik Respublikası olsa da, təəssüf ki, qısa ömür yaşamışdı. Sovet imperiyasının dağılmasından sonra dövləti yenidən qurmaq istiqamətində mühüm qərarlar qəbulu olunmalı idi. Ölkədə siyasi, sosial və iqtisadi cəhətdən dağınıqlıq hökm sürürdü. Bu qarışıqlıqdan yaranmış problemlər vəziyyəti gərginləşdirirdi. Belə bir vəziyyətdə atılacaq ilk mühüm addım müstəqil dövlətin qanunlarını, yəni Konstitusiyasının qəbulu idi.
Azərbaycan Demokratik Respublikası qısa ömür sürmə səbəbindən o zaman müstəqil dövlətin Konstitusiyası hazırlanmamışdı. Müstəqil Azərbaycan Respublikasının ilk yeni Konstitusiya layihəsi Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə komissiya tərəfindən hazırlanmışdır. Müstəqil Azərbaycan Respublikasının ilk yeni Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) qəbul edilərək noyabrın 27-dən qüvvəyə minmişdir.
“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktında ölkənin müstəqilliyini, suverenliyini, təhlükəsizliyini, elm və təhsilini, humanizm və insanpərvərlik prinsiplərini qoruyacaq bütün maddələr əksini tapmışdır. Azərbaycan Konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. Burada ölkənin demokratik yolla idarə edilməsinə dair bütün müddəalar daxil edilmişdir. Qəbul edilmiş Konstitusiyaya əsasən, Azərbaycanda Respublikası demokratik, hüquqi, dünyəvi dövlətdir. Burada din dövlətdən ayrıdır. Ərazidə yaşayan əhalinin etiqadına hörmətlə yanaşılır. Təhsil müəssisələrində dünyəvi biliklər tədris olunur. Qəbul edildiyi vaxtdan Azərbaycan Konstitusiyasına üç dəfə referendum yolu ilə dəyişiklik olmuşdur. 2002-ci il avqust ayının 24-də, 2009-cu il mart ayının 18-də və 2016-cı il sentyabr ayının 26-da ümumxalq səsverməsində (referendumda) bu dəyişikliklər qəbul edilmişdir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur ulu öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür. Onun 2003-cü ildə prezidentlik fəaliyyətinə başlaması Azərbaycanın tərəqqi və inkişaf yolu ilə irəliləməsində yeni mərhələ olmuşdur. Həmin il müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ölkədə sabit siyasi sistemin, çoxukladlı iqtisadi strukturun intensiv formalaşması ili oldu. Məhz o vaxtdan başlayaraq respublikada demokratikləşmə prosesləri genişlənmiş, ölkəmizin dünyaya transformasiya proseslərinə inteqrasiyası daha intensiv xarakter kəsb etmiş, milli iqtisadiyyatın daha da inkişafı üçün mühüm sosial-siyasi baza yaranmışdır. Heydər Əliyevin siyasət məktəbinin layiqli yetirməsi olan İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar sayəsində Azərbaycanda təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələr olmuş, səmərəli intensiv islahatlar aparılmışdır. 15 oktyabr 2008-ci ildə Azərbaycanda keçirilən Prezident seçkilərinə xalqın, milli elitanın və beynəlxalq müşahidəçilərin verdiyi yüksək qiymət deyilənləri bir daha sübut etdi. Prezident İlham Əliyev demişdir: “Bizim təcrübəmiz onu göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. İqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir, ölkəmiz üçün çox lazım olan sabitliyi möhkəmləndirir, ictimai-siyasi vəziyyətə müsbət təsir göstərir. Ona görə də siyasi və iqtisadi islahatların davam etdirilməsi zamanın tələbidir. Əgər biz doğrudan da müasir, güclü ölkə yaratmaq istəyiriksə bunu etməliyik. Bu işdə dövlətin üzərinə böyük vəzifələr düşür. Biz buna birlikdə nail olmalıyıq”.
Ulu öndərin xalqımızın, cəmiyyətimizin milli inkişafına yönəlmiş müstəqillik konsepsiyasını yaradıcılıqla davam etdirən Prezident İlham Əliyevin milli inkişaf konsepsiyasının başlıca qayəsi ölkədə demokratik transformasiya proseslərini ən yaxın müddətdə başa çatdırmaq, vətəndaş cəmiyyəti strukturlarının və təsisatlarının formalaşmasına başlamaq səyləri ilə həyata keçirilən “sabitlikdən inkişafa doğru” ideyasıdır. Ölkə Prezidentinin əzmkar fəaliyyətini qeyd edərkən ulu öndərin bu müdrik sözləri yada düşür: “Sizi əmin edirəm ki, Azərbaycan xalqı indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində duracaq və bu müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır”.
Hüseyn Eynullayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı
Şərh yazılmayıb.