Huquqaz.com

İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir

27.09.2024
2.136
İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir

İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. İqtisadi artım 4,3 faiz təşkil edib.

Cari ilin sentyabrın 26-da keçirilən iqtisadi məsələlərə həsr olunan müşavirədə dövlət başçısı cənab İlham Əliyev bir daha diqqəti əsas hədəfimiz olan dayanıqlı inkişaf modelinin təkmilləşdirilməsinə yönəltdi. Bildirdi ki, ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. «İlin əvvəlində mən bu ilin iqtisadi sahədə uğurlu olub-olmaması haqqında danışanda qeyd etmişdim ki, tam əminəm, bu il iqtisadiyyatımız üçün uğurlu olacaq. İlin əvvəlindən əldə edilmiş nəticələr və iqtisadi göstəricilər mənim sözlərimi təsdiqləyir» söyləyən cənab İlham Əliyev diqqəti cari ilin ötən dövrünün əsas iqtisadi göstəricilərinə yönəltdi. Belə ki, iqtisadi artım 4,3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda  bu, çox müsbət göstəricidir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir. Xüsusi əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artıb. Bu da onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir. Qeyd etdiyimiz kimi, azad edilmiş torpaqlarımızda görülən işlər iqtisadi imkanlarımıza işıq salır.Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə VII çağırış Milli Məclisin ilk iclasında «Əgər mən İkinci Qarabağ müharibəsindən sonra görülmüş işləri sadalamağa başlasam, onda gərək bir neçə saat sizin qarşınızda çıxış edim» söyləyərək bəzi rəqəmləri diqqətə çatdırdı. Müharibədən sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Eyni zamanda, keçmiş köçkünlərin qaytarılması üçün də işlər görülür və səkkiz mindən çox keçmiş köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib. Hər ay, hər il onların sayının artacağı bildirildi. İnfrastruktur layihələri çox geniş miqyas alıb. 3 min kilometr avtomobil yolu inşa edilib. Ümumi layihələrin sırasında 45 tunel nəzərdə tutulur. Bu tunellərin uzunluğu 70 kilometrdir.O dağlarda tunel açmaq, yol salmaq asan məsələ deyil.  450 körpünün inşası nəzərdə tutulur.Dəmir yolları, iki Beynəlxalq Hava Limanı istifadəyə verildi. Enerji potensialı gücləndirilir və son üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları istismara verildi və bu proses davam etdirilir. Məktəblər, xəstəxanalar, sosial obyektlər, kəndlər salınır. Bir sözlə, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır. «Bilmirəm, tarixdə buna oxşar bərpa işləri hansısa ölkədə aparılmışdır, ya yox. Ancaq bu fakt bir də onu göstərir ki, bu, bizim üçün həmişə ən vacib məsələ olub, – həm işğal dövründə məcburi köçkünlər üçün yeni qəsəbələr salınırdı və xüsusilə indiki şəraitdə» bildirən cənab İlham Əliyev, eyni zamanda, diqqəti  mədəni, tarixi irsimizin qorunması üçün görülən işlərə yönəltdi. Tarixi abidələr bərpa edilir. Ermənilər tərəfindən dağılmış yeddi məscid yenidən qurulub. Səkkiz məscidin inşası davam edir: «Zəfər muzeyləri, işğal muzeyləri, zəfər parkları, – yəni bu coğrafiyada belə genişmiqyaslı işləri aparmaq, bir daha deyirəm, doğrudan da xalqımızın böyük imkanlarını göstərir və burada söhbət təkcə maliyyə vəsaitindən getmir. Bizim qurduğumuz dövlət, eyni zamanda, texniki imkanlara malikdir. Kadr hazırlığı da yerindədir. Çünki bu işləri görmək – üç min metrdən yuxarı hündürlüyü olan dağlarda qış vaxtında elektrik xətləri çəkmək, doğrudan da böyük peşəkarlıq tələb edir. Yəni, ölkəmizin potensialı budur. Biz buna hazırıq. Biz torpaqları azad edən kimi dərhal buna başlamışıq. Hətta onu da  deyim ki, hələ 44 günlük İkinci Qarabağ müharibəsi bitməmişdi, biz Ağdərə rayonunda artıq yol infrastrukturunu inşa etməyə başlamışdıq. Əlbəttə ki, gələcək illərdə işlər daha sürətlə gedəcək. Yaxın vaxtlarda gələn ilin büdcəsi məclisdə müzakirə ediləcək. Əminəm ki, deputatlar hökumətin Qarabağ və Şərqi Zəngəzur üçün nəzərdə tutulan planlarını təsdiq edəcəklər və biz bunu təmin edəcəyik.

Zərdab Gənclər evi SXM-in psixoloqu – Cəvahir Murtuzayeva.

Şərhlər

Şərh yazılmayıb.