Huquqaz.com

Birinci Qarabağ müharibəsində məğlubiyyət labüd idi

13.11.2022
2.797
Birinci Qarabağ müharibəsində məğlubiyyət labüd idi

Birinci Qarabağ müharibəsində məğlubiyyət labüd idi.

44 günlük Vətən mühəribəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir. Şuşa şəhərində çıxışı zamanı əsgər və zabitlərmizin şücaətindən bəhs edən Müzəffər Ali Baş Komandan vurğuladı ki, hərbçilərimiz ölümə gedirdilər, “öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə gedirdilər, bir nəfər də olsun fərari olmamışdır. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir. Ermənistan ordusunda  isə 10 mindən çox fərari olmuşdur. Azərbaycanın Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin səbəbləri haqqında danışan Prezident cənab İlham Əliyev bildirdi ki, o vaxt antimilli ünsürlər hakimiyyəti zəbt etmişdilər, hakimiyyət uğrunda mübarizə aparmışdılar, hakimiyyətə gəlmək üçün Şuşa kimi alınmaz qalanı faktiki olaraq Ermənistana, ermənilərə təslim etmişdilər. Şuşa və Laçın işğala məruz qalandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəldi. Onlar bu faciə üzərində, tökülən bu qan üzərində, milli rəzalət üzərində hakimiyyətə gəldilər və hakimiyyətdə qaldıqları bir il ərzində ölkəmizi bərbad vəziyyətə qoydular, vətəndaş müharibəsinə start verdilər, öz əsgərlərini əsir götürdülər. Torpaqlar əldən gedirdi, onlar isə talançılıq, soyğunçuluqla məşğul olurdular. Hakimiyyəti möhkəmləndirmək üçün bütün səylərini səfərbər etmişdilər. Belə olan halda, Birinci Qarabağ müharibəsində məğlubiyyət labüd idi. Çünki antimilli hakimiyyət müharibədə qələbə qazana bilməz.
İşğal dövründə Ermənistanın rəsmi təbliğatı, onların havadarlarının media resursları bir fikri bütün dünyaya, eyni zamanda, Azərbaycan xalqına bildirməyə çalışırdı ki, Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt müharibə yolu ilə bərpa edə bilməz. Lakin Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Müharibəyə gedən yolun bir çox istiqamətlərdən keçdiyini bildirən Prezident cənab İlham Əliyev güclü iqtisadiyyatın olmasını ən əsas şərt kimi diqqətə çatdırdı. Müstəqillik əldə edəndə Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti çox ağır idi. Ona görə güclü iqtisadiyyatın yaradılması müharibədə qələbənin qazanılması işində önəmli amil kimi nəzərə alınmış və ölkədə güclü iqtisadiyyat yaradılmışdır. Bu gün dünyada müxtəlif yerlərdə gedən iqtisadi proseslər, çətinliklər, böhranlar da onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Ağır müharibədən çıxmış ölkəmiz azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır. Bütün bu işlərin də maliyyə mənbəyi Azərbaycan büdcəsidir.

Vüqar Rəhimov – Zərdab şəhər sakini, “Qanunla.Az” İnformasiya Agentliyinin Baş redaktor müavini

Şərhlər

Şərh yazılmayıb.