Huquqaz.com

Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı

13.11.2022
1.892
Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı

Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı.

2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Elə həmin gün Prezident cənab İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib. Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürüb.
Belə ki, noyabrın 7-də ordumuz şəhərin qayalıqlarına dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir çox istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüblər. Əlavə olaraq, bir dəstə, Ermənistan tərəfi şəhərə əlavə dəstək göndərməsin deyə, Laçın dəhlizinin qarşısını almış, başqa bir dəstə isə Daşaltını işğaldan azad etdikdən sonra Şuşaya daxil olan qüvvələri atəş dəstəyi ilə təmin etmişdir. Azərbaycanın xüsusi təyinatlıları şəhərə girəndə müdafiə olunan ermənilərlə yaxın məsafədə ağır küçə döyüşlərinə başladılar. Şanlı Azərbaycan ordusunun əsgərləri Şuşa şəhərinə daxil olduğu vaxt ərazidə hava dumanlı idi. Bu, Azərbaycan tərəfinin havadan kəşfiyyat aparmaq imkanlarını, eləcə də hava zərbə vasitələrindən istifadəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırdı. Əlverişsiz hava şəraiti, həmçinin, “TB2 Bayraktar” pilotsuz uçan aparatlarından istifadəyə də mane olurdu. Belə bir şəraitdə Ermənistan qüvvələri zirehli maşınlarından – T-72 tanklarından və BMP-2 piyadaların döyüş maşınlarından maksimum istifadəni təmin etdi Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən “İsgəndər” ballistik raketləri də atılmışdı. Raketin hədəfi isə azərbaycanlı hərbçilər olub. Buna baxmayaraq, Müzəffər Azərbaycan Ordusu tezliklə erməni qoşunlarını məhv edərək şəhərdən qovub və noyabrın 8-də Şuşa şəhəri düşməndən azad olunub.

Rauf Məlikov- Zərdab şəhər sakini, Zərdab Peşə liseyinin direktoru

Şərhlər

Şərh yazılmayıb.