Huquqaz.com

Erməni vandalizmin fəsadları, dağıdılmış tarixi və dini memarlıq abidələri

19.10.2022
1.800
Erməni vandalizmin fəsadları, dağıdılmış tarixi və dini memarlıq abidələri

İki əsrdən artıqdır ki, Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələr, müqəddəs ocaqlar və məbədlərdir. Tarixi-dini abidələr xalqımızın milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini və adət-ənənələrini özündə təcəssüm etdirən, onun ruhani yaddaşını hifz edən müqəddəs məkanlardır. Buna görə də Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən maddi-mədəniyyət nümunələrini, o cümlədən tarixi-dini abidələri məhv etmək Ermənistanın təcavüzkar siyasətinin tərkib hissələrindən biridir. Məlum olduğu kimi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqına məxsus çoxəsrlik qədim tarixi-dini abidələr dağıdılaraq yerlə yeksan edilmiş, onların bir qismi isə saxtalaşdırılaraq erməniləşdirilmişdir. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi bizim minilliklər ərzində yaşadığımız torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etməkdir. Ermənistan Azərbaycan xalqına məxsus tarixi-dini abidələrə qarşı təcavüzünü müxtəlif istiqamətlərdə aparır. Belə ki, milli mənsubiyyəti və dini ənənələri özündə əks etdirən abidələr tamamilə dağıdılmış və ya erməniləşdirilməsinə, özgələşdirilib dəyişdirilməsinə cəhdlər edilmişdir. İşğal altındakı müsəlman dini kimliyinə aid olan abidələr, o cümlədən digər mədəniyyət nümunələri dağıdılmaqla yanaşı, həm də təhqir olunur. Son illərdə məscidlərdə mal-qara və digər heyvanların saxlanılması faktı Qərb ölkələrinin fotomüxbirləri tərəfindən də lentə alınmış və bütün dünya ictimaiyyəti bu kadrlarla tanış olmuşdur. Qeyd edilən faktlar bir daha erməni vandalizmini ifşa etməklə onların mənfur xislətini təcəssüm etdirir.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Kamal Xəlilov

Şərhlər

Şərh yazılmayıb.