Huquqaz.com

Son illər ərzində əsas infrastruktur layihələri icra edilmişdir

17.04.2024
1.860
Son illər ərzində əsas infrastruktur layihələri icra edilmişdir

Son illər ərzində əsas infrastruktur layihələri icra edilmişdir

Dinamik inkişaf tempinə malik olan Azərbaycanın iqtisadi tərəqqisinin əsasında duran mühüm faktorlardan biri də çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsidir. Məlumdur ki, bu gün paytaxtda olduğu kimi, respublikamızın regionlarında da sosial infrastrukturun inkişafı maksimum diqqətdə saxlanılır.

Regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün reallaşdırılan kompleks tədbirlər ölkəmizin sosial-iqtisadi uğurlarını şərtləndirmişdir. Həyata keçirilmiş məqsədyönlü iqtisadi siyasət hesabına yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı mühüm nəticələr əldə edilmişdir. Bu gün Azərbaycan dünyada iqtisadi inkişaf tempinə görə ən öndə gedən dövlətlər sırasındadır. Ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlar dövlətin sütunlarını gücləndirərək vətəndaşların rifah halının daha da yaxşılaşdırılması üçün əsaslı baza formalaşdırmış, respublikamızın beynəlxalq münasibətlər sistemindəki mövqeyi möhkəmlənmişdir. Görülən işlərin məntiqi yekunu olaraq, Azərbaycan beynəlxalq qurumların hesabatlarında da islahatçı ölkə kimi yerini tutmuşdur. Bu isə onu deməyə əsas verir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan siyasi kurs Azərbaycanı böyük uğurlara aparan ən doğru yoldur. Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatların sürətlənməsi, mühüm infrastruktur layihələrinin reallaşdırılması inkişaf dinamikasının möhkəmlənməsinə səbəb olmuş, iqtisadiyyatın daha da güclənməsi üçün əlverişli imkanlar yaratmışdır.

İnfrastruktur siyasətində enerji təchizatından sonra qazlaşdırma layihələri də çox mühüm əhəmiyyət daşıyır. Son illər bu sahədə bir sıra mühüm tədbirlər reallaşdırılmışdır.

Azərbaycanda, eyni zamanda, içməli su və kanalizasiya layihələri uğurla icra edilir. İnfrastruktur layihələri respublikamızın bütün bölgələrini əhatə etməklə yanaşı, regional xarakter almışdır. Belə ki, mühüm nəqliyyat və kommunikasiya layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin də ərazisini əhatə edir ki, bu da bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin yaradılması deməkdir. İnfrastruktur layihələrinin icrasının sürətləndirilməsi onu göstərir ki, qarşıdakı illərdə də bu layihələrin maliyyə tutumu və miqyası bir qədər də genişləndiriləcəkdir. Ölkə üzrə əhəmiyyətli layihələr bütün bölgələrə öz müsbət təsirini göstərəcəkdir.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev

 

 

İqlim dəyişikliyi ilə bağlı dünyada böyük narahatlıq var, o cümlədən Azərbaycanda

Dünyanı narahat edən qlobal problemlərdən biri də İqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, daşqın hadisələrinin də sayı artıb. Yəni bütün bu təbii fəlakətlərin artımında əsas amil iqlim dəyişmələridir.

Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Son illərdə Azərbaycan ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayı və gücü artmışdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bildirmişdir ki, iqlim dəyişikliyi ilə bağlı dünyada böyük narahatlıq var, o cümlədən Azərbaycanda. Son illər dünyada və ölkəmizdə qlobal iqlim dəyişikliyinin fəsadları özünü göstərir. Bəzən qışda yay havası, yayda payız havası müşahidə edilir. Təbii olaraq bütün bunlar insanı təəccüb içində qoyur. Amma baş verənlər bundan daha təhlükəli bir prosesin başlanğıcı ola bilər.

İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri getdikcə daha çox narahatlıq doğurmaqdadır. Qeyri-sabit hava şəraiti Azərbaycanda da müşahidə olunmaqdadır. Dünyada iqlim dəyişikliyinin qarşısının tam alınması qeyri-mümkündür. Lakin prosesi zəiflətmək və gələcək nəsillərin də həyatını xilas etmək üçün havanın istiliyinin yüksəlməsinin bir dərəcəni belə ötməməsinə nail olunmalıdır.
Bunun üçün isə sənaye və kənd təsərrüfatının inkişafında karbon emissiyasını yüksəldən texnologiya və siyasətdən imtina olunmalıdır. Ətraf mühitin qorunmasının, hava, torpaq və suyun çirklənməsinin qarşısının alınmasının yolu davamlı maarifləndirmədən keçir. Planetimizi qorumaq hər kəsin öhdəliyidir.

Zərdab rayon salahlı kənd tam orta məktəbinin direktoru-Rəşad İsmayılov

 

 

Davamlı inkişafın göstəriciləri.

 Dünya ölkələrinin dinamik inkişafı və ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası tədqiqatçılar qarşısında yeni-yeni problemlər qoyur. Həmin problemlərdən biri də inkişafin dayanıqlılığı, davamlılığı və ya təhlükəsizliyi problemidir. Bu problemin həlli üçün əsas konsepsiyalar və göstəricilər sistemi dəqiqləşdirilir, onların statistikasının təşkili üçün ölkələrin təcrübəsi öyrənilir. Hazırda tədqiqatçılar tərəfindən aparılan ekoloji, iqtisadi, demoqrafik tədqiqatlar tematik xarakter daşıyır ki, bu da kompleks və obyektiv qərarların qəbulu üçün kifayət deyildir.

Bu gün davamlı inkişaf konsepsiyası dünyanın elmi ictimaiyyəti və ümumilikdə, cəmiyyət tərəfindən dəstəklənir, davamlı inkişaf prinsipləri praktikada və biznesdə geniş miqyasda tətbiq olunur. Konsepsiya dayanıqlı inkişafın 3 təməl prinsipi – iqtisadi artım, sosial irəliləyiş və ətraf mühitin dayanıqlılığı üzərində qurulmuş və inkişafa qarşı mövcud maneələri aradan qaldırmaq üçün vahid yanaşmanın əhəmiyyətini xüsusi olaraq vurğulayır. Nəzərə almaq lazımdır ki, davamlı inkişaf cəmiyyətin yalnız iqtisadi və ekoloji təhlükəsizliyi deyil, həmçinin siyasi, sosial inkişafda stabillikdir.

Beləliklə demək olar ki, hazırda bəşəriyyət təbiətlə qarşılıqlı əlaqənin elə səviyəsinə çatmışdır ki, hələ regional və qlobal səviyədə ekoloji dəyişiklikləri saxlamaq mümkündür. Bunun üçün müxtəlif ölkələrin qüvvəsinin birləşdirilməsi, yaranmış vəziyyətin hərtərəfli tədqiqi, davamlı inkişaf strategiyası əsasında vacib olan təcrübi tədbirlərin həyata keçirilməsi lazımdır.

Azərbaycan Respublikası son illər sosial və iqtisadi inkişaf sahələrində kifayət qədər nailiyyətlər əldə etmişdir ki, bu da milli və beynəlxalq sənədlərdə öz əksini tapmışdır. Sosial və iqtisadi sahələrdəki nailiyyətlərin artmasının dayanıqlı olması ölkə tərəfindən əsas prioritet qismində qəbul edilmişdir. Ölkənin ekoloji strategiyası, ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi yolu ilə milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, indiki və gələcək nəsillərin maraqlarını təmin edən ölkənin iqtisadi və insan resurslarının istifadəsində dayanıqlığın təminatına yönəlmişdir. İqtisadi proseslərdə ekoloji funksiyaların mühüm əhəmiyyəti və əhalinin rifahı iqtisadi və ekoloji faktorların qarşılıqlı əlaqəsinin nəticələrinin ölçülməsinə tələbatı şərtləndirən amildir. Bu funksiyalara istehsal və istehlakın təbii resurslarla təminatı, tullantıların təbiət tərəfindən udularaq zərərsizləşdirilməsi və insan həyatı üçün əlverişli şəraitin təmin edilməsi daxildir.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva

Şərhlər

Şərh yazılmayıb.