Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması dövrünü yaşayırıq
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərə hər səfərləri tarixi hadisə olmaqla yanaşı, Böyük Qayıdışa doğru atılan addım kimi dəyərləndirilir. Artıq Böyük Qayıdışın ilk addımını atdıq. Zəngilanın Ağalı kəndi “ağıllı kənd” layihəsi çərçivəsində yenidən bərpa edilərək sakinlərini qarşıladı.
Prezident İlham Əliyevin bərpa və quruculuq işlərindən bəhs edərkən “Müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı, biz gələcəyə baxmalıyıq. Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq. Əminəm ki, bütün planlarımız, – bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə, – növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik” çağırışı həmin ərazilərdə bugünkü genişmiqyaslı işlərdə öz əksini tapıb. 44 günlük İkinci Qarabağ müharibəsində birliyimiz, həmrəyliyimiz sayəsində tarixi Zəfərimizə necə nail olduqsa, torpaqlarımızı da bu birlik fonunda bərpa edəcək, onlara yeni nəfəs verəcəyik. İnfrastruktur layihələrinin icrası ilə yanaşı, tarixi və dini abidələrimizin bərpası birinci mərhələdə görülən işlər sırasındadır. Heydər Əliyev Fondu bu işləri uğurla həyata keçirir.
Dövlət başçısı sahibinə qovuşmuş torpaqlarımızda ermənilərin törətdikləri vəhşiliklərdən bəhs edərək onu da əlavə etdi ki, bu gün biz yeni çağırışlarla üzləşirik. Ancaq bunlar xoş çağırışlardır – Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması. Bu insanlar buna layiqdirlər: “Onlar uzun illər boyu çətin şəraitdə yaşayıblar. Baxmayaraq ki, biz 300 mindən çox məcburi köçkünü yeni ev və mənzillərlə təmin etmişik, bu mənzillərin açılışı zamanı onlar bizə minnətdarlıqlarını bildirirdilər və hər dəfə qeyd edirdilər ki, bizi öz torpaqlarımıza qaytarın. Mən onlara hər dəfə söz verirdim ki, bunu reallaşdıracağam və mən fəxr edirəm ki, biz bunu reallaşdıra bildik və artıq Böyük Qayıdış proqramı başlayıb.”
Bu ilin mayında Zəngilanın yenidən qurulan Ağalı ilk kəndinə ilk məcburi köçkünlər qayıtdı. Bura təkcə orada yaşayanlar deyil, onların uşaqları və nəvələri də buraya qayıdırlar. Bu ilin sentyabrında Zəngilanda məktəb açıldı və gənc zəngilanlılar artıq bu məktəbdə təhsil alırlar. Onlar bu torpaqları görməyiblər, çünki işğaldan sonra dünyaya göz açıblar: “Ancaq bu, onu göstərir ki, Azərbaycan xalqı öz köklərinə və doğma torpaqlarına bağlıdır. Keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı keçirdiyimiz sorğu əsasında deyə bilərik ki, əksəriyyət insanların həmin torpaqları belə görmədiklərinə baxmayaraq, bu torpaqlara geri qayıtmaq istəyini bildirməsi həqiqətən qürurvericidir.”
Göründüyü kimi, Azərbaycan bütün dünyaya örnək olan inkişaf modeli əsasında işğaldan azad edilmiş ərazilərimizi bərpa edir, gələcəklə bağlı hədəflərin müəyyənləşdirilməsinə geniş imkanlar yaranır. Bu fikri böyük əminliklə qeyd edirik ki, işğaldan azad olunmuş ərazilərimiz nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcək.
Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru
Şərh yazılmayıb.