Huquqaz.com

Bəyannamədə diqqətçəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır

16.06.2023
1.964
Bəyannamədə diqqətçəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır

Bəyannamədə diqqətçəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır

Azərbaycan-Türkiyə münasibətlərinin dünəninə baxış əsasında bu gününün və qarşıdakı dövrün hədəflərini özündə ehtiva edən Şuşa Bəyannaməsinin imzalanmasından iki il keçir. Tarixi Zəfərimizdən sonra Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin başlanması atılan addımlarda özünün aydın ifadəsini tapır. Ötən iki ildə dünyaya nümunə olan Azərbaycan-Türkiyə birliyinə, həmrəyliyinə edilən əlavələrə diqqət yetirmək kifayətdir. Ümumilikdə tarixi Zəfərimiz bu qardaşlığın dünyaya təqdimatında öz sözünü dedi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” çağırışı dünyaya mesaj oldu. Sonadək mənəvi və siyasi dəstəyini göstərən qardaş Türkiyə Zəfərimizi Azərbaycan ilə birgə yaşadı. Postmünaqişə dövrünün reallıqlarının qəbul etdirilməsində və həyata keçirilməsində Türkiyə daim Azərbaycanın yanındadır. Azərbaycanın döyünən ürəyi, Qarabağın tacı Şuşanın şahidliyi ilə imzalanan Müttəfiqlik sənədi Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və müttəfiqliyinin gələcək inkişafının təqdimatı oldu. Şuşa Bəyannaməsinin məhz Milli Qurtuluş Gününə – 15 İyun tarixinə, Qarabağ və Zəngəzur üçün çox vacib olan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə yönələn bu sənəd Bakı və Ankaranın rəhbərliyi ilə regionda etimad və inkişaf mühitinin yaradılmasının başlanğıcı oldu.

Bəyannamədə diqqətçəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar. Bəyannamə Ermənistandakı revanşist qüvvələrə mühüm ismarıc oldu. Belə ki, Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Ümumilikdə Azərbaycan və Türkiyə 2021-ci il iyunun 15-də bölgənin geosiyasi mənzərəsini dəyişəcək addımı atdı. Bəyannamə region üçün yeni tarixi gerçəklik kimi dəyərləndirilir.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Qarşılıqlı səfərlər münasibətlərin daha da dərinləşməsində, yeni istiqamətlər üzrə inkişafında əhəmiyyətli rol oynayır

Son iki ildə Azərbaycan və qardaş ölkənin Prezidentinin qarşılıqlı səfərlərinin say tərkibinə diqqət yetirmək kifayətdir. Bir daha sübut olunur ki, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə sevincli, kədərli anlarda bir yerdədir, bir-birinə dəstəkdir. Dünya bu ilin fevral ayında Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Azərbaycan-Türkiyə qardaşlığının növbəti nümunəsinin şahidi oldu. Dünya həm dövlət səviyyəsində, həm də sadə vətəndaşların nümunəsində bu birliyin sarsılmazlığını gördü. “Qardaş Türkiyənin yanındayıq!” çağırışı əməldə öz təsdiqini tapdı.

Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərindən sonra Şimali Kipr Türk Respublikasının ardınca Azərbaycana səfəri münasibətlərimizdə yeni mərhələnin başlanğıcı olacaq. Təbii ki, Şuşa Bəyannaməsinin ikinci ildönümünə təsadüf edən bu səfərdə əlaqələrin hazırkı inkişaf səviyyəsi təhlil ediləcək, yeni hədəflər müəyyənləşdiriləcək. Azərbaycan-Türkiyə birliyinin, həmrəyliyinin daha da möhkəmləndirilməsi üçün bütün imkanlar mövcuddur. Bu birlik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. Postmünaqişə dövrünün mühüm reallıqlarından biri kimi, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın göstərdiyi səylər qardaş Türkiyə tərəfindən təqdir edilir.

Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyinin daimiliyini təmin etdi. Yeni Azərbaycan qurdu. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan 2020-ci ildə tarixi Zəfəri ilə dünyaya səs saldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun dünya hərb tarixinə yazdığı yeni səhifə ölkəmizin hansı imkanlara malik olduğunu beynəlxalq aləmə təqdim etdi. Tarixi Qayıdışdan şanlı Zəfərə qədər böyük yol qət edərək biri-birindən mühüm uğurlara imza atan Azərbaycan hazırda qalibiyyəti, yaratdığı yeni reallıqlar ilə qürurludur. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Tezliklə Böyük Qayıdış proqramı uğurla başa çatacaq. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın qarşısında bütün sahələrdə yeni imkanlar yaranacaq”

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

İki ölkənin qardaşlıq prinsipinə söykənən müttəfiqlik münasibətləri bundan sonra da davam edəcək

Dövlətlər arasında müttəfiqlik əlaqələri fərqli maraqlar üzərində qurulur, siyasi, iqtisadi, təhlükəsizlik kimi sahələri əhatə edir. Bəzən isə tərəfdaşlıq motivləri bu maraqların sərhədlərini aşır, daha böyük anlam kəsb edir. Məsələn, Böyük Britaniya ilə ABŞ arasındakı ittifaq “özəl münasibətlər” kimi tanınır. Bu iki ölkə arasındakı münasibətlərin doğmalığını, istiliyini, siyasətin fövqündə dayandığını ifadə etmək üçün onları bəzən “əmi uşaqları” adlandırırlar. Bu gün isə dünya birliyi Azərbaycan və Türkiyə müttəfiqliyi kontekstində dövlətlərarası əməkdaşlığın yeni bir nümunəsini görür. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan dünyaya “Qardaş dövlət” örnəyini təqdim edirlər. Azərbaycanla Türkiyə arasındakı indiki münasibətlər həm siyasi, iqtisadi, təhlükəsizlik maraqlarını, həm də mənəvi birlik prinsiplərini əhatə edir. Ölkələrimiz bir-birinin həm daxili məsələlərində, həm də beynəlxalq siyasətlərində həmrəylik göstərməklə ciddi nailiyyətlər qazanırlar.

Prezident R.T.Ərdoğanın siyasəti Türkiyəni dünyada söz sahibi olan güc mərkəzlərindən birinə çevirib. Bu gün qardaş ölkə dünyada həm hərbi gücünə, həm də siyasi çəkisinə, qlobal proseslərdə oynadığı rola görə diqqət çəkir. Türkiyə son 21 il ərzində hərbi-siyasi-iqtisadi baxımdan sürətli inkişaf yolu keçərək “Böyük İyirmilik” (G20) sırasına daxil olub. “Böyük İyirmilik”də yer alması Türkiyənin tarix boyu əldə etdiyi ən böyük nailiyyətlərdən biridir. Amma burada vurğulanması vacibdir ki, Türkiyə dünyada müstəqil söz sahibi olan əsas güc mərkəzlərindən birinə çevrilmək üçün Türk Dövlətlər Təşkilatına (TDT) istinad edib. TDT-nin mərkəzində isə bünövrə olaraq Azərbaycan-Türkiyə müttəfiqliyi dayanır. Yəni, Türkiyənin indiki nailiyyətlərinin əldə edilməsində Azərbaycanın töhfələri vardır.

Təbii ki, Azərbaycanın qazandığı son nailiyyətlərdə də Türkiyənin payı vardır. Qırx dörd günlük Vətən müharibəsi dövründə Türkiyənin və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi siyasi dəstək, səsləndirdiyi bəyanatlar unudulmur. Azərbaycan öz hərbi gücü ilə torpaqlarını işğaldan azad etdi. Türkiyənin siyasi və mənəvi dəstəyi isə məkrli qüvvələrin hadisələrin gedişatına kənar müdaxiləsinin qarşısını aldı. Bu baxımdan İkinci Qarabağ müharibəsində əldə edilən Zəfər Azərbaycanla yanaşı, Türkiyə və bütün Türk dünyasının tarixi Qələbəsi kimi qiymətləndirilir. Hazırda dövlətimiz tərəfindən Qarabağda aparılan bərpa-yenidənqurma işlərində Türkiyə də yaxından iştirak edir. Qardaş ölkə bu prosesdə də Azərbaycanla həmrəyliyini nümayiş etdirir.

Şuşa Bəyannaməsi isə iki ölkə arasındaki birliyi daha yüksək səviyyəyə qaldırır. Bu Bəyannamə Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən mühüm sənəddir və tarixi əhəmiyyət daşıyır. İki ölkənin hərbi təhlükəsizliyinə töhfələr verməklə yanaşı, bütövlükdə regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin əsasını qoyur. İki qardaş ölkənin apardığı siyasət bölgədə sabitliyin və sülhün bərqərar olması, xalqların birgə və rahat yaşamasına xidmət edir.

Vurğulanması vacib olan məqamlardan biri də odur ki, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri Türkiyə ilə Azərbaycan əlaqələrini daha da gücləndirir. Eyni zamanda, iki lider arasında səmimi münasibətlər dövlətlərarası əlaqələrə töhfələr verir. Türkiyə və Azərbaycanın mövcud hakimiyyətlərinin tarixi töhfələrindən biri də budur ki, onlar milli-mənəvi birlik əsasında qurulmuş müttəfiqliyi iqtisadi, siyasi, hərbi maraqlarla uzlaşdıraraq ittifaq səviyyəsinə yüksəltməyi bacardılar. Son 20 ildə yüksək səviyyəyə çatdırılan bu müttəfiqlik hər iki ölkəyə yalnız nailiyyətlər gətirib.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

İki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlığın böyük perspektivləri var

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət səfəri tarixi əhəmiyyət kəsb edir. Ötən ay qardaş ölkədə keçirilən prezident seçkilərində inamlı qələbə qazanan Ərdoğan ənənəyə sadiq qalaraq seçkilərdən qısa müddət sonra ölkəmizə səfər etdi. Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyənin dövlət başçısı seçilməsi Azərbaycanda da böyük sevinclə qarşılandı. Bu, bir millətin iki dövləti olan Azərbaycanla Türkiyənin sarsılmaz birliyinin göstəricisidir.

Səfər çərçivəsində prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təkbətək və geniş tərkibdə keçirilən görüşlərində dostluq və qardaşlığımızın səviyyəsindən məmnunluq ifadə olunub. Prezident İlham Əliyev bildirib ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı beynəlxalq amildir, sabitlik, inkişaf və təhlükəsizlik amilidir. Rəcəb Tayyib Ərdoğan isə Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizin bütün sahələrdə inkişaf etdirməkdə qərarlı olduğumuzu vurğulayıb. Ərdoğan Türkiyənin Şuşadakı baş konsulluğunu istənilən vaxt açmağa hazır olduqlarını deyib. Bu da təbii ki, bütün dünyaya bir mesaj olacaq.

2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi münasibətlərimizi ən yüksək zirvəyə qaldırdı. Şuşa Bəyannaməsi hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək üçün mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin dediyi kimi, Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açdı, regional sülhə və təhlükəsizliyə töhfə verdi. Bu gün Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar yaranıb. Qırx dörd günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi dəstək xalqımızı, Ordumuzu daha da ruhlandırdı. Diplomatik cəbhədə Azərbaycanın haqq işinə dəstək verən Türkiyənin siyasi rəhbərləri xaricdən edilən təzyiqləri zərərsizləşdirdilər.

Azərbaycanla Türkiyə qardaş ölkələr olaraq bir-birilərinin sevincini və kədərini bölüşür, xoş və çətin günlərdə həmrəylik nümayiş etdirir. Fevral ayında Türkiyədə güclü zəlzələ baş verdikdə Azərbaycan dövləti gözləmədən öz xilasedici missiyasını təbii fəlakət bölgəsinə göndərdi, vətəndaşlarımız öz yardımlarını əsirgəmədilər. Bu faktlar dünyada Azərbaycan və Türkiyə qədər sıx qardaşlıq bağları olan ölkələrin olmadığını göstərir. Dövlət başçılarının qardaşlıq münasibətləri bu gün xalqlarımız arasındakı əlaqələrdə də özünü göstərir. Tarixin heç bir dönəmində Türkiyə-Azərbaycan münasibətləri indiki qədər yüksək səviyyədə olmayıb. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Türkiyə və Azərbaycan xarici siyasət sahəsində bundan sonra da vahid mövqedən çıxış edəcək. Bizim xarici siyasətlə bağlı apardığımız birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır. Bakı və Ankara qarşıya qoyulan hədəflərə çox sürətlə və birlikdə yaxınlaşırlar.

Səfər zamanı dövlət başçıları Zəngəzur dəhlizi haqında da fikirlərini bölüşdülər. Məlumdur ki, bu dəhliz Azərbaycanın, həmçinin regionun iqtisadi inkişafına böyük töhfələr verəcək. Zəngəzur dəhlizinin ən üstün cəhətlərindən biri ondan ibarətdir ki, Xəzər və Aralıq dənizlərindən başlayaraq Cənub-Şərqi Asiya və Mərkəzi Asiya ilə Avropa arasındakı nəqliyyat-logistika xətti olacaq. Xüsusilə Zəngəzur dəhlizi Azərbaycanı ayrılmaz hissəsi olan Naxçıvanla, həmçinin Türkiyə ilə birləşdirəcək. Bu layihə bütün türk dünyasının coğrafi bağlantısına səbəb olacaq.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

 

 

Türkiyə-Azərbaycan əlaqələrinin yeni inkişaf mərhələsinin əsası daha da möhkəmlənib

Azərbaycan-Türkiyə münasibətlərində bir xalqın yüz illərlə formalaşan qardaşlıq münasibətləri iki dövlətin liderlərinin birgə səyi ilə tarixin zirvə nöqtəsindədir.

Prezident İlham Əliyevlə Türkiyə lideri Ərdoğanın həm siyasi xarizması, həm şəxsiyyətinin gücü, həm də şəxsi dostluq münasibətləri dövlətlərarası əlaqələri müttəfiqlikdən üstün bir səviyyəyə çatdırıb. İki türk lideri arasındakı bu səmimiyyət çağdaş dünyanın siyasi düzənində alternativsiz olmaqla yanaşı, həm də türk dünyasının birliyi üçün ən mühüm faktordur. Bu gün Ərdoğanın qətiyyəti sayəsində dünya gücünə çevrilən Türkiyə Cümhuriyyəti və Prezident İlham Əliyevin mükəmməl daxili-xarici siyasəti nəticəsində regionun lider dövləti kimi Azərbaycanla müttəfiqliyi bütövlükdə Türk-İslam dünyası üçün aparıcı flaqman rolundadır. Bütün bu uğurların nəticəsidir ki, Türkiyə və Azərbaycan vətəndaşları seçkilərdə düzgün seçim edərək çağdaş siyasi düzənin iki böyük siyasətçisini lider kimi görürlər. Türkiyədə keçirilən və dünya üçün demokratiya, xalq inamı örnəyini göstərən son seçkidə Rəcəb Tayyib Ərdoğanın qəti qələbəsi bunu bir daha təsdiq etdi. Seçkidən sonra prezident kimi Ərdoğanın ilk səfərini ölkəmizə etməsi isə Azərbaycan-Türkiyə müttəfiqliyinin daha bir sübutu oldu.

Ərdoğanın ölkəmizə səfərini şərh edən Prezident İlham Əliyev keçirilən görüşlərin həm görülən işlərə yekun vurduğunu, həm də nəzərdə tutulan layihələrlə bağlı yol xəritəsi olduğunu qeyd etdi. Bu səfərin də uğurlu olacağına əminliyini ifadə edən ölkəmizin başçısı Azərbaycan-Türkiyə dostluq və qardaşlığının hər zaman yüksək səviyyədə davam edəcəyini qəti şəkildə bəyan etdi. Türkiyə-Azərbaycan qardaşlığının bütün dünyada qibtə ilə izlənildiyini bildirən Ərdoğan qardaş ölkənin Şuşada baş konsulluğunun açılmasına toxunaraq bunun başda Ermənistan olmaqla, bütün dünyaya bir mesaj kimi diqqətə çatdırdı. Bununla da türk soyuna, dövlətlərinə düşmən kəsilənlərə qarşı milli iradəsini nümayiş etdirmiş oldu.

Ümumiyyətlə, Türkiyə Prezidentinin Azərbaycana son səfəri iki qardaş ölkə arasındakı müttəfiqlik, dostluq münasibətlərində yeni səhifənin başlanğıcı oldu. Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın keçirdiyi görüşlər, verilən bəyanatlar və gələcəyə planlaşdırılan iqtisadi layihələr onu göstərir ki, Türkiyə-Azərbaycan əlaqələrinin yeni inkişaf mərhələsinin əsası daha da möhkəmlənib. Heç şübhəsiz, bu inkişafın memarı iki qardaş ölkə liderlərinin yürütdüyü mükəmməl siyasi kursdur. Beləliklə, bir millətin iki liderinin siyasi qərarları Azərbaycan-Türkiyə müttəfiqliyini yüksəltməklə yekunlaşmır, həm də bu ittifaqın dünya siyasi düzənində hər kəsin hesablaşacağı gücə çevrilməsinə zəmin yaradır. Bu güc bütövlükdə bölgənin inkişaf, tərəqqi və sülh təminatıdır.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Türkiyə-Azərbaycan dostluğu dünya üçün nümunədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımının Bakıya gözlənilən səfəri baş tutdu. Türkiyədə prezident seçkilərindən sonra ölkə rəhbərlərinin xaricə ilk səfərlərini Şimali Kipr və Azərbaycandan başlamaları artıq ənənə halını alıb. Prezident Ərdoğan da bu ənənəyə sadiq qalaraq Şimali Kiprdən Bakıya təşrif buyurdu. Qardaş ölkənin prezidentinin bu jesti Azərbaycan-Türkiyə münasibətlərini yenidən gündəmə gətirir.

Bu, təsadüfi deyildi. Qırx dörd günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi tam dəstəyi xalqımız heç zaman unutmayacaq. Diplomatik cəbhədə Azərbaycan uğurunda mücadilə aparan Türkiyənin siyasi rəhbərləri xaricdən olunan təzyiqlərə sinə gərir, onlara lazımi cavabları verirdilər. Bu mənada Türkiyə-Azərbaycan dostluğu dünya üçün nümunədir. Bu gün iki dövlət arasındakı münasibətlərin analoqu yoxdur. Çünki iki ölkənin dövlət başçıları arasındakı qardaşlıq bu gün xalqları arasında da çox yüksək səviyyədə inkişaf edir. Tarixin heç bir dönəmində Türkiyə-Azərbaycan münasibətləri bu qədər yüksək səviyyədə olmayıb. Bakı və Ankara qarşıya qoyulan hədəflərə çox sürətlə yaxınlaşırlar. Təbii ki, bu əlaqələr, uğurlu nəticələr iki siyasi liderin uzaqgörənliyi və peşəkarlıqlarının sayəsində mümkün olub. Bakı ilə Ankaranın sarsılmaz dostluğu, birgə addımları bir çox xain planları, xaricdən gələn təhdidləri iflasa uğradıb.

Qlobal güc mərkəzinə çevrilən türk dünyasının böyüməsindən, bütövləşməsindən narahat olan kənar qüvvələr qardaş ölkələrin arasında münasibətlərə xələl gətirmək, onları parçalamaq, zəiflətmək üçün gecə-gündüz çalışır, böyük enerji, maliyyə sərf edirlər. Türkiyədə keçirilən prezident və parlament seçkilərində bunun şahidi olduq. Kənarda hazırlanan ssenariyə əsasən Qərbin sözü ilə oturub-duran, ölkəsinin milli maraqlarını arxa plana keçirməyə hazır olan biri hakimiyyətə gəlməli idi. Həmin qüvvə ki, Türk dünyasının birliyinə qarşı plan hazırlamışdı, Azərbaycanı tarixi İpək yolu xəttindən kənarda saxlamaq istəyirdi. Türkiyə və Azərbaycanın siyasi münasibətlərini zədələmək niyyətində olan xarici qüvvələrin planları ürəklərində qaldı. Türkiyə xalqının son qərarı, özləri üçün də ən doğrusu olan Türk dünyası qərarı oldu.

 Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Azərbaycan və Türkiyə iki dost, qardaş ölkə olaraq bir çox hədəflərə çatacaq, yeni zəfərlər əldə edəcəklər

“Türkiyə doğru adamla doğru yola davam edir. Azərbaycan da məhz doğru insanın rəhbərlik etdiyi ölkə ilə qardaşlıq münasibətlərini zirvəyə doğru aparır. İstər Prezident İlham Əliyev, istərsə də Rəcəb Tayyib Ərdoğan iştirak etdikləri platformalarda həm Azərbaycanı, həm də Türkiyəni təmsil etdiklərini dəfələrlə bəyan ediblər. 2014-cü ildə Prezident İlham Əliyevin Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının sammitindəki çıxışı zamanı “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam” deməsi, dünya mediasinda gündəm olmuşdu.

Yaxud da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir” bəyanatı, “…Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdilərsə, biz də bu gün və gələcəkdə bərabər olacağıq…” deməsi, sarsılmaz qardaşlıq münasibətlərinə yeni güc qatdı.

Azərbaycanla Türkiyə arasında münasibətlərin praktik nəticələrini Azərbaycan üçün taleyüklü bir məsələdə – 44 günlük Vətən müharibəsində aydın şəkildə gördük, hiss etdik. Türkiyəyə məxsus qırıcıların hazır vəziyyətdə Azərbaycanda olması bir çox kənar dövlətləri müharibəyə müdaxilə etməkdən çəkindirdi. 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək üçün mühüm əhəmiyyət kəsb etdi. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açdı, regional sülh və təhlükəsizliyə töhfə verdi.

Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezident seçildikdən sonra yenə ənənəsinə sadiq qalaraq ilk səfər etdiyi ölkələrdən biri kimi qardaş Azərbaycanı seçməsi, onu deməyə imkan verir ki, yaxın gələcəkdə dünya hələ çox nümunəvi qardaşlıq münasibətlərinə şahidlik edəcək.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

44 günlük İkinci Qarabağ müharibəsindən bugünədək dünya Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndiyinin şahidi olur

Qardaşlığın əsl nümunəsini dünyaya nümayiş etdirən Azərbaycan və Türkiyə əlaqələrin yeni istiqamətlər üzrə inkişafında maraqlı olduqlarını atdıqları bütün addımlarda, irəli sürdükləri təşəbbüslərdə təsdiqləyirlər. Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərindən sonra Şimali Kipr Türk Respublikasının ardınca Azərbaycana dövlət səfəri bu qardaşlığın ən parlaq nümunələrindən biridir. Azərbaycan və Türkiyə prezidentləri istər təkbətək, istərsə də geniş tərkibdə görüşlərində bu günümüzün əsas çağırışları ətrafında geniş fikir mübadiləsi apararaq gələcək hədəfləri açıqladılar. Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi münasibətlərimizin bundan sonra daha da inkişafında öz sözünü deyəcək. “Türkiyə-Azərbaycan birliyi, qardaşlığı – bu, beynəlxalq amildir, sabitlik, inkişaf və təhlükəsizlik amilidir. Prezident seçkilərində türk xalqının Sizə göstərdiyi inam bir daha Sizin uzun illər ərzində Türkiyə xalqına göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir”, – söyləyən dövlətimizin başçısı İlham Əliyev onu da əlavə etdi ki, Türkiyə və Azərbaycan xarici siyasət sahəsində bundan sonra da vahid mövqedən çıxış edəcəklər. Xarici siyasətlə əlaqədar aparılan birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır. Bölgənin inkişafı, sabitliyi və güvənliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi faktoru çox önəmlidir.

Bu fikirlərin davamı olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldilən əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq. Şuşadakı baş konsulluğu istənilən vaxt açmağa hazırıq. Şuşadakı baş konsulluğun açılması başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaq.

44 günlük İkinci Qarabağ müharibəsindən bugünədək dünya Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndiyinin şahidi olur. Prezident İlham Əliyevin bütün çıxışlarının mahiyyətində bu mühüm məqam xüsusi qeyd edilir ki, qardaş Türkiyə Vətən müharibəsi başlandığı andan sonadək ölkəmizə mənəvi və siyasi dəstəyini əsirgəmədi. Bu dəstək Azərbaycana güc verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata birgə bəyanatlarında da Prezident İlham Əliyev bu kimi məqamlara xüsusi diqqət yönəldərək bildirmişdir ki, əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır. İki gündən sonra Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümü qeyd ediləcək. Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, dünya bu qardaşlığın növbəti nümunəsini Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı gördü. Azərbaycan hökuməti və xalqı Türkiyə xalqının dərdini öz dərdi kimi bölüşdü və dərhal zəlzələ bölgəsinə heyət göndərdi. Dəstək yalnız maddi və humanitar sferalarla məhdudlaşmadı. Eləcə də siyasi müstəvidə özünü göstərdi. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fövqəladə Zirvə görüşü keçirildi. Bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Prezident İlham Əliyev Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış etdi. Bu Zirvə görüşünün ardınca İstanbulda “TEXNOFEST” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində Azərbaycanın zəlzələ baş verən Kahramanmaraş vilayətində inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməli qoyuldu.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

 

Liderlərimizin şəxsi dostluq münasibətləri türkdilli dövlətlərin birləşməsinə böyük təkan verir

Azərbaycan və türk xalqlarının dostluğu, qardaşlığı tarixin sınaqlarından keçərək bu gün ən yüksək səviyyəyə çatıb. Çanaqqala savaşında yüzlərlə azərbaycanlı türk qardaşları ilə çiyin-çiyinə vuruşaraq şəhid olublar. Türk zabit və əsgərləri 1918-ci ildə Bakının və digər ərazilərimizin erməni işğalından azad edilməsində böyük qəhrəmanlıq göstərib şəhid olublar. Bütün bunlar Azərbaycan və Türkiyə arasında tarixi qardaşlıq əlaqələrinin göstəricisidir. Bir millət, iki dövlət istər daxili məsələlərdə, istərsə də beynəlxalq arenada hər zaman həmrəylik nümayiş etdiriblər. Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri kontekstində ölkələrimiz arasında əlaqələr daha da güclənib. İki lider arasında səmimi dostluq dövlətlərarası münasibətlərin dərinləşməsinə və özünün ən pik səviyyəsinə çatmasına imkan verib.

Türkiyə Cümhuriyyəti 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan dövlətinə öz dəstəyini, köməyini əsirgəməyib. Türkiyə bir dövlət olaraq bütün beynəlxalq təşkilatları Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanı işğalçı dövlət kimi tanımağa çağırıb. Vətən müharibəsində Türkiyə bütün dünyaya Azərbaycanın yanında olduğunu bəyan etdi. Azərbaycan öz hərbi gücü ilə torpaqlarını işğaldan azad etdi. Türkiyənin siyasi və mənəvi dəstəyi isə hadisələrin gedişatına kənar məkrli qüvvələrin müdaxiləsinin qarşısını aldı. Bütün bu dostluğun, qardaşlığın ən yüksək zirvəsi olaraq 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada iki dövlət arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalandı. Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən mühüm sənəddir. Məhz bu baxımdan Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu.

Şuşa şəhərində iki qardaş dövlətin ay-ulduzlu bayraqlarının birgə dalğalanması birliyimizi nümayiş etdirir. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında bütün sahələrdə münasibətlərin davamlı inkişafına xidmət edəcək. Bəyannamədə Azərbaycan və Türkiyə arasında beynəlxalq aləmdə iqtisadi, siyasi, ordu quruculuğu, təhsil, ticarət sahələrində birgə əməkdaşlıq nəzərdə tutulur.

Hazırda dövlətimiz tərəfindən Qarabağda aparılan bərpa-yenidənqurma işlərində də Türkiyə yaxından iştirak edir, hər zaman olduğu kimi, Azərbaycanla həmrəyliyini nümayiş etdirir. Bəyannamə Qarabağ və Şərqi Zəngəzur üçün iqtisadi münasibətlərin qurulmasına böyük dəstək olacaq. Azərbaycan və türk xalqlarının qardaş və dost kimi sıx tellərlə bir-birinə bağlanmasında xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur. XX əsrin əvvəllərində Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, əsrin sonlarında Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir” kəlamları xalqlarımızın bir-birinə ürəkdən necə bağlı olduğunun sübutudur.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Əslində Şuşa bəyannaməsinin imzalanması ilə Türkiyə dünya birliyinə Azərbaycanın arxasında olacağını çatdırmışdı

Prezident seçildikdən sonra Rəcəb Tayyib Ərdoğanın ilk olaraq dövlət səfəri ilə Azərbaycana gəlməsi iki ölkə arasındakı dostluq və qardaşlıq bağlarının möhkəm olmasını nümayiş etdirməklə yanaşı, həm də rəsmi Ankaranın qlobal siyasi proseslərdə fəal rol oynadığını da göstərir.

İndiki məqamda Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın işğalı altında qalan torpaqlarını azad edərək regionda yeni siyasi reallıqlar yaratdı. Bütün beynəlxalq təşkilatlar çox yaxşı başa düşürlər ki, Azərbaycan heç bir beynəlxalq hüququ pozmadan ərazi bütövlüyünü bərpa edib. Lakin geosiyasi maraqlar Qərbin bəzi siyasi dairələrinə həqiqəti etiraf etməyə imkan vermir. Bu qüvvələr Ermənistanı dəstəkləməkdə davam edirlər. Belə bir məqamda Türkiyənin Azərbaycanın yanında olması onu deməyə əsas verir ki, həmin qüvvələr Ermənistanı dəstəkləsələr də, heç bir real addım ata bilməyəcəklər. Çünki R.T.Ərdoğan birmənalı şəkildə bəyan etdi ki, Türkiyə həm siyasi, həm də hərbi sahədə Azərbaycanın yanında yer alacaq.

Türkiyə Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuat qarşısında birgə bəyanatla çıxış etmələri və bu bəyanatda toxunduqları məsələlər, iki ölkənin yalnız siyasi və hərbi deyil, eyni zamanda nəqliyyat-tranzit, təhsil, mədəniyyət və başqa sahələrdə də əməkdaşlıq əlaqələrinin bundan sonra daha da genişlənəcəyini deməyə əsas verir.

Azərbaycan Türkiyəyə 20 milyard dollar həcmində sərmayə yatırıb və iqtisadiyyatının enerji sektorunda aparıcı rola malikdir. Bundan başqa, Azərbaycan qazı Trans Anadolu (TANAP) və Trans Adriatik (TAP) qaz kəmərləri vasitəsi ilə Avropaya ixrac olunur. Cari ildə Azərbaycan Türkiyə vasitəsi ilə Avropaya 12 milyard kubmetr qaz nəql edəcək. Hər iki dövlət Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq.

Mühüm məsələlərdən biri də Zəngəzur dəhlizinin reallaşmasıdır. Türkiyə bu beynəlxalq layihəyə həm siyasi, həm də sərmayə baxımından dəstək verməyə hazırdır. Bu nəqliyyat yolunun həyata vəsiqə alması regionun bütün dövlətləri üçün faydalıdır və buna Avropa da dəstək verir. Baxmayaraq ki, bu nəqliyyat və tranzit layihəsi Ermənistan üçün də faydalıdır. Rəsmi Yerevan buna maneə olmağa çalışır. Bu fakt isə onu deməyə əsas verir ki, Ermənistan müstəqil siyasət apara bilmir və regionda geosiyasi maraqları olan qüvvələrin alətinə çevrilib. Burada da Türkiyə əhəmiyyətli siyasi aktor kimi həmin qüvvələrin qarşısını almaq iqtidarındadır. Birgə bəyanatda R.T.Ərdoğan təsadüfən bu məsələyə toxunmadı. Türkiyə öz nüfuzu və iqtisadi inkişafı ilə destruktiv qüvvələri neytrallaşdırmaq imkanına malikdir.

Bütün bunlara hər iki ölkənin dövlət başçılarının şəxsi dostluq əlaqələri sahəsində nail olunub. Siyasi təcrübə göstərir ki, dövlət başçılarının dostluq əlaqələri ölkələr və xalqlar arasındakı dostluğu da stimullaşdırır.

Yaxın perspektivdə Türkiyə-Azərbaycan əlaqələrinin inkişafını və dünya siyasətində baş verən proseslərdə əhəmiyyətli siyasi subyekt kimi fəaliyyət göstərəcəklərini müşahidə edəcəyik.

Türkiyə-Azərbaycan müttəfiqliyi, dostluq və qardaşlığının əsasında səmimiyyət, xalqların sosial rifahının yüksəldilməsi, dövlətlərin inkişaf etdirilməsi amilləri dayanır.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

Şərhlər

Şərh yazılmayıb.