28 il ərzində Minsk Qrupunun nəticəsi sıfıra bərabərdir
Dünyanın siyasi müstəvisində özünü qabarıq şəkildə göstərən əsas problemlərdən biri də ikili standartlarla bağlıdır. Xüsusən də Qərb dövlətləri və onların təmsil olunduğu bəzi beynəlxalq təşkilatlar tərəfindən dünyada gedən proseslərə ikili standartlar əsasında yanaşılması özünü getdikcə daha çox büruzə verməkdədir.
1992-ci il martın 24-də ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupun 1997-ci ildən həmsədrləri (ABŞ, Fransa və Rusiya) münaqişənin ədalətli həlli üçün təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmayıb. Qrupun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilirdi. Lakin tərəfsiz vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti göstərirdi ki, münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyiş olmayacaq. Belə olan halda sual yaranır: əgər münaqişə tərəfləri öz aralarında razılığa gələ bilirdilərsə, onda Minsk qrupunun yaradılması hansı məqsədi daşıyırdı və bu qurumun keçən dövr ərzində apardığı çoxsaylı danışıqların mənası nə idi?
Təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirmişdi. Minsk qrupu yarandığı vaxtdan indiyədək qəbul etdiyi sənədlərdə bir dəfə də olsun Ermənistanın işğalçılıq siyasətindən nəinki danışılmır, əksinə, müxtəlif vaxtlarda digər beynəlxalq təşkilatların da işğal faktının əks olunduğu sənədlərin qəbuluna etiraz edərək məsələnin yalnız qurum çərçivəsində həll edilməsinə üstünlük vermişdi.
Ötən müddət ərzində Ermənistan danışıqlar adı altında imitasiya ilə məşğul idi. Təbii ki, buna rəvac verən ATƏT-in Minsk qrupunun mücərrəd və ənənəvi bəyanatları da elə status-kvonu qoruyub saxlamağa çalışan Ermənistanı hər dəfə bir az da şirnikləndirirdi. ATƏT-in Minsk qrupu təcavüzkarı öz adı ilə çağırmalı, onu sülhə məcbur etmək üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr əsasında qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmasını birmənalı şəkildə tələb etməli idi.
Beləliklə, Minsk qrupunun həll etməli olduğu problemi 2020-ci ilin Vətən müharibəsində Azərbaycan 44 günə hərbi yolla həll etdi. Xatırladaq ki, müharibə müddətində Minsk qrupunun həmsədrləri onilliklərdi uzadaraq yubatdıqları problemin sülh yolu ilə həllinin vacibliyini diqqətə çatdırırdılar. Ancaq hər kəs şahidlik edirdi ki, sülhü onlar heç vaxt təmin edə bilmədilər. Çünki sülhün əldə edilməsinin yolları beynəlxalq hüquqla dəqiq təsbit olunmuşdu. Elə buna görə də hələ 2020-ci ilin dekabrında Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edən Prezidentimiz cənab İlham Əliyev Minsk qrupunun 28 il ərzində problemin həllində heç bir rol oynamadığını birbaşa onların özlərinin diqqətinə çatdırmışdı. Azərbaycan Prezidenti bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycanın Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq. Bəs onda Minsk qrupu nə ilə məşğul olmaq istəyir? Vətən müharibəsi başa çatdıqdan indiyə qədər bu qurum göstərəcəyi fəaliyyətin istiqaməti ilə bağlı heç bir təklif verməyib. İndiki şəraitdə isə Minsk qrupu, onun həmsədrlər formatı faktiki olaraq qeyri-funksional vəziyyətdədir. Bunu artıq həmsədr ölkələrin yüksəkvəzifəli şəxsləri də bildirirlər və belə olan halda əlbəttə ki, hər hansı bir qrup şəklində fəaliyyətdən söhbət gedə bilməz. ATƏT-in Minsk qrupu ona bəslənən ümidləri doğrultmadı. Prezidentin söylədiyi kimi, ATƏT yalnız bir mötəbər beynəlxalq təşkilat kimi öz rolunu oynaya bilər.
Zərdab rayon Şıxbağı kənd tam orta məktəbin müəllimi -Həsənli Turanə.
Şərh yazılmayıb.