Huquqaz.com

Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir

15.10.2022
1.862
Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir

Bu gün xalqımız ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti, ordumuzun güc-qüdrəti ilə nail olunan zəfər sevincini yaşayır. Uzun illərdən bəri dərin intizarla gözlədiyimiz bu Qələbə, eyni zamanda, Azərbaycanın erməni işğalçıları tərəfindən pozulan ərazi bütövlüyünün bərpasının təsdiqidir.

Ötən il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində dövlətçilik tariximizin ən parlaq səhifələri yazıldı, düşmən üzərində möhtəşəm qələbə qazanıldı. Ordumuzun əks-hücum əməliyyatları nəticəsində 300-ə yaxın kənd, 5 şəhər və 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər işğalçılardan təmizləndi, bununla bərabər, qəsbkarın texnikasına, canlı qüvvəsinə ciddi zərbə vuruldu.

Silahlı Qüvvələrimiz daha sonra Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardıca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi işğalçıdan təmizləməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Beləliklə, 30 il ərzində aparılan danışıqlar prosesində düşmən dövlətin niyyəti reallaşmadı, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi gerçəkləşmədi, bu bölgədə yeni erməni dövlətinin yaradılması planı isə tamamilə alt-üst oldu. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab  İlham Əliyev çıxışlarının birində demişdir:

”İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı.

Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq”.

 

Zərdab rayon Şahhüseynli kənd tam orta məktəbin müəllimi -Bəkirov Rövşən

Şərhlər

Şərh yazılmayıb.