Azərbaycançılıq fəlsəfəsi İlham Əliyev siyasətinin mənəvi dayağına çevrildi
Hər kəsə məlumdur ki, müstəqil və inkişaf etmiş Azərbaycanın banisi Ümummilli Lider, fenomen şəxsiyyət Heydər Əliyevdir. Məhz Ümummilli Lider Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etmiş, ölkədə bütün sahələr üzrə əsaslı quruculuq işləri, islahatlar apararaq sürətli inkişafa nail olmuş, Azərbaycanı müstəqil dövlət kimi bütün dünyaya tanıtmışdır. Dahi şəxsiyyət, dünya miqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin siyasi kursunun ən layiqli şəkildə davam etdirilməsi isə birbaşa Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Ümummilli Lider Heydər Əliyev 2003-cü ilin oktyabrında keçiriləcək seçkilərlə bağlı Azərbaycan xalqına müraciət edərək həmvətənlərimizi özünün siyasi varisi olan İlham Əliyevi dəstəkləməyə çağırmışdır. Dahi şəxsiyyət canından çox sevdiyi xalqına müraciətində deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Beləliklə, 2003-cü il oktyabr ayının 15-də baş tutan prezident seçkilərində Azərbaycan xalqı öz layiqli liderini seçdi. Dövlətimizin başçısı İlham Əliyevin səs üstünlüyü ilə prezident seçilməsi xalqımızın Heydər Əliyev siyasi kursuna və onun davamçısına olan böyük inamının, rəğbətinin göstəricisi idi. İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqımız və dövlətimiz üçün taleyüklü məsələ idi. Tarix göstərdi ki, 2003-cü ildə prezident seçkilərində düzgün seçim etməklə Azərbaycan xalqı özünün işıqlı gələcəyini, sürətli inkişaf yolunu, rifahını və nəhayət, bütün dünyaya səs salan möhtəşəm Qələbəsini təmin etdi. Prezident cənab İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən etibarən siyasi varislik missiyasını uğurla və ən layiqli formada icra edir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan sürətlə inkişaf edir və bütün dünyada qüdrətli bir dövlət kimi tanınır. Ümumiyyətlə, Azərbaycan Prezidentinin siyasi arenada qazandığı irimiqyaslı nailiyyətlərin əsasında onun Heydər Əliyev siyasətini uğurla davam etdirməsi, siyasi peşəkarlığı və ölkəmizin milli maraqlarını hər şeydən üstün tutması dayanır. 2003-cü ildən etibarən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Ölkəmizdə həyata keçirilən iqtisadi inkişaf modeli Azərbaycan iqtisadiyyatının yüksəlişini təmin edir. TAP, TANAP, Bakı-Tbilisi-Qars kimi nəhəng neft-qaz layihələrinin həyata keçirilməsi, habelə qeyri-neft sektorunun inkişafı, makroiqtisadi sabitliyin möhkəmləndirilməsi və sair Azərbaycanın iqtisadi yüksəlişinin əsas istiqamətlərini təşkil edir. Məhz iqtisadi tərəqqi nəticəsində Azərbaycanda bir çox sahələrin inkişafı üçün imkanlar yarandı və genişləndi. Bütün bunlarla yanaşı, Prezident cənab İlham Əliyev Azərbaycanın milli-mədəni irsinin qorunmasına, azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsinə daim xüsusi diqqət göstərib. Təsadüfi deyil ki, zaman-zaman azərbaycançılıq fəlsəfəsi İlham Əliyev siyasətinin mənəvi dayağına çevrilib. 2020-ci ildə isə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri yazıldı. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə nəticəsində Qarabağ işğaldan azad edildi. Bu tarixi Zəfər Prezident cənab İlham Əliyevin müdrik siyasəti, güclü iradəsi, beynəlxalq təzyiqləri layiqincə dəf etməsi, rəşadətli Ordumuzun misilsiz şücaəti və Azərbaycan xalqının öz Lideri ətrafında yumruq kimi birləşməsi nəticəsində qazanıldı. Qarabağı düşmən işğalından azad etməklə Prezident İlham Əliyev Ulu Öndərin də ən böyük arzusunu, vəsiyyətini həyata keçirmiş oldu. Bugünkü müasir Azərbaycanın qüdrəti Prezident İlham Əliyevin yürütdüyü siyasətlə birbaşa bağlıdır. Çünki dövlət, xalq və ordu o zaman güclü olur ki, ona qüdrətli siyasi lider başçılıq edir. Azərbaycanın inkişafının, parlaq gələcəyinin, möhtəşəm Qələbəsinin təminatçısı olan Prezident İlham Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə həkk edildi.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova
Şərh yazılmayıb.