Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir
Ulu Öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə dostluğunun, qardaşlığının əbədi və sarsılmaz olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” kəlamı hər iki dövlətin vətəndaşları üçün örnəkdir. İki ölkə arasındakı bu dostluq, bu qardaşlıq qədim tarixə malikdir. Azərbaycan və Türkiyə arasında əlaqələrin böyük tarixi var. Kökümüz, dilimiz, dinimiz, mədəniyyətimiz, adət-ənənələrimiz eynidir. Azərbaycan və Türkiyə hər zaman biri-birinə dəstək olub. Ən ağır günlərdə biri-birinin yanında olub. Azərbaycan ilə Türkiyə arasında dostluq qardaşlıq münasibətləri uğurla inkişaf edir, bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri vardır. Həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilibdir. Dövlətimizin başçısı cənab İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu 44 gündə Zəfər tarixini yazdı. Vətən müharibəsi 44 gün davam etsə də, onun nəticəsi, Azərbaycanın hərbi-siyasi qələbəsi min illərlə danışılacaq. Vətən müharibəsi ərazi bütölüyümüzün təmin olunması üçün haqqın-ədalətin bərpası istiqamətində göstərilən şücaəti, eyni zamanda, kimin kim olduğunu, kimin dostun, kimin düşmənin yanında olduğunu nümayiş etdirdi. Bu həlledici məqamda yenə də Azərbaycan-Türkiyə birliyi öz sarsılmazlığı ilə diqqətdə oldu. Müharibənin ilk günündən Azərbaycanın tək olmadığını, Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən dost, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfərimizin, Azərbaycan Ordusunun Qələbəsinin dünyaya təqdimatı olan Zəfər paradında da ölkəmizi tək qoymadı, birlik, həmrəylik nümayiş etdirərək bu fikri böyük inam və qətiyyətlə səsləndirdi: Rəbbimə bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm. Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir. Allah köməyimiz olsun!
Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi bu günün, dünənin dostluğu deyil. Bu dostluq, qardaşlıq dərin köklərə, tarixə malikdir. Azərbaycanın müstəqilliyini ilk tanıyan qardaş Türkiyə təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda ölkəmizi dəstəkləməklə haqq işimizin müdafiəsi üçün bizim qədər əzmkarlıq göstərir. Prezident cənab İlham Əliyevin bildirdiyi kimi, türk dünyası böyük qüvvədir. Bu böyüklük öz möhkəmliyini və yenilməzliyini xalqların birliyi ilə sübut edir. Ən qüdrətli dövlətlərin iqtisadi inkişafının əsas amili kimi diqqət yetirilən enerji təhlükəsizliyinin təminatında böyük rolu olan Türkiyə və Azərbaycanın gələcəkdə daha böyük layihələrin təşəbbüsçüsü olacaqlarına, inamların tükənməzliyi bu gün də aktuallığını qoruyur. Bu gün Türkiyə ilə Azərbaycan birliyi təkcə xalqlarımız üçün deyil, bölgə üçün, dünya üçün çox böyük önəm daşıyır. Çünki bizim siyasətimiz əməkdaşlığa, ölkələr arasındakı işbirliyinə hesablanıb. Bu tarixi Zəfərdən sonra başlanan yeni dövr üçün də biz tam hazırlıqlıyıq. Ölkələrimiz arasında olan münasibətlər bundan sonra yüksələn xətlə ancaq irəliyə doğru gedəcək. Artıq Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Gülbəniz Əhmədova.
Şərh yazılmayıb.