Huquqaz.com

Astanada keçirilən Zirvə Toplantısı Azərbaycanın Avropadakı diplomatik qələbəsinin Şərqdə bəyanı baxımından müstəsna imkan oldu

14.10.2022
2.131
Astanada keçirilən Zirvə Toplantısı Azərbaycanın Avropadakı diplomatik qələbəsinin Şərqdə bəyanı baxımından müstəsna imkan oldu

Son bir həftə ərzində Azərbaycanın xarici siyasəti üçün, sözün əsl mənasında, tarixi sınaq dövrü olub və Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə istisnasız olaraq bu mürəkkəb dövrdən qalib kimi çıxıb.

Sirr deyil ki, Ermənistan və Qərbdəki havadarları 12-14 sentyabr təxribatlarını və Azərbaycanın əks-həmləsi ilə düşmənin zərərsizləşdirilməsi fonunda yaratdıqları süni ajiotaja istinad edərək, Praqa görüşündə Azərbaycanın mövqeyinə ciddi zərbə vurmağı planlaşdırır, hətta bunun üçün kifayət qədər münbit mühit də formalaşdırmışdılar. Ermənistan və Fransa rəhbərlərinin ritorikasından aydın idi ki, onlar artıq Azərbaycanın fiaskosuna əmindirlər. Amma Prezident İlham Əliyev nəinki Praqadan məğlub ayrılmadı, əksinə, “Avropa siyasi birliyi”nin ilk Zirvə Toplantısını Bakı üçün zəfərə çevirdi. Hətta İrəvan öz havadarı Fransanın gözü önündəcə Alma-Ata Bəyanatının şərtlərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən bəyan etməyə məcbur oldu. Bu, Qərb siyasi səhnəsinin açıq-aşkar fəthi, Azərbaycanın bölgədə status-kvo yaradan güc mərkəzi kimi bir daha rəsmən tanınması demək idi.

Praqa görüşünün ardınca Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı çərçivəsində təmaslar Azərbaycanın “Köhnə qitə”dəki diplomatik qələbəsinin Şərqdə bəyanı baxımından müstəsna imkan oldu. Təbii ki, Prezident İlham Əliyev milli maraqları rəhbər tutaraq bu ali platformanın imkanlarından maksimal şəkildə istifadə etdi. Dövlətimizin başçısı istər ikitərəfli görüşlərdə, istərsə də AQEM-in plenar iclasındakı tarixi çıxışında reallıqları bir daha bəyan edərək, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini ali tribunadan bütün dünyaya çatdırdı. Azərbaycan Prezidenti çıxışı və ifadə etdiyi fikirlərin əhəmiyyəti ilə iclasın auditoriyasının çoxtərkibli olması isə xüsusi çalar qatdı.

İlk növbədə, bölgə dövlətləri Prezident İlham Əliyevin Cənubi Qafqazda yaratdığı yeni reallığa dair mövqeyində qətiyyətli olduğunu bir daha görərək, Bakı ilə əməkdaşlıq xaricində regionda maraqlarını reallaşdıra bilməyəcəklərinə bir daha əmin oldular.

İkincisi, birbaşa bölgəni təmsil etməyən Asiya ölkələri üçün Azərbaycanın güc və imkanları, o cümlədən Qafqazdakı müstəsna formada artan nüfuzu onları regiona münasibətdə siyasətlərinə bir daha nəzər yetirməyə təşviq etdi. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müstəvisində həmin dövlətlərin Azərbaycana baxış bucaqlarında yenilənmə edəcəkləri şübhəsizdir.

Ən nəhayət, Müşavirədən Azərbaycan Prezidentinin səsləndirdiyi bəyanatlar – Bakının haqqa və ədalətə əsaslanan hüquqi-siyasi mövqeyi informasiya müharibəsində bu həftə ərzində Praqa zirvəsindən sonra Ermənistana ikinci zərbə oldu.

 

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor

Şərhlər

Şərh yazılmayıb.