Qələbəyə aparan yol
Qələbəyə aparan yol.
27 Sentyabr 2020-ci il tarixdə xalqımızın qəhrəmanlıq salnaməsində yeni bir mərhələ başladı. Həmin gün Azərbaycan Ordusunun torpağımızın erməni işğalından azad olunması uğrunda zəfər yürüşü başladı. Xalqımızın mübarizə əzmi, şanlı ordumuzun döyüş qabiliyyəti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yenilməz siyasi iradəsi və qətiyyətli mövqeyi möhtəşəm Qələbəni Azərbaycan xalqına bəxş etdi. Xalqımızın yenilməzliyi, məğrurluğu Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər, Ağdam, Şuşada mənəvi birliyimizin, torpaqlarımızın bütövlüyünün rəmzi olan üçrəngli bayrağımızın dalğalanması ilə təsbit olundu.
Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən, siyasi iradə tələb edən tarixi günlər mövcud olub. Həmin tarixi günlər millətimizin, dövlətimizin zəfərli gələcəyinə təsir göstərərək, bir çox nailiyyətlərimizi, o cümlədən Böyük Qələbəni yaxınlaşdıran günlərdən birinə çevrilir. Ərazilərimizin iyirmi faizinin işğaldan azad olunması, ölkəmizdə hökm sürən siyasi, iqtisadi, hərbi, sənaye böhranının aradan qaldırılması uğrunda işlər başladı. Ötən əsrin 90-cı illərindən bu günə qədər Azərbaycan Respublikası böyük inkişaf yolu keçib. Bu inkişafın təməlində ilk növbədə xalqımızın dahi Lideri Heydər Əliyevin dühası və onun layiqli davamçısı möhtərəm İlham Heydər oğlu Əliyevin müdrikliyi, diplomatiya mahirliyi, bəsirətliyi dayanıb.
İlk gündən hüquqi, dünyəvi, sivil dövlətçilik yolunu tutan Azərbaycanın bütün sahələrində əldə etdiyimiz uğurlar hamımıza bəllidir. Bu nailiyyətlər ölkəmizin beynəlxalq arenada nüfuzunun yüksəlməsinə, onun dünya birliyində öz layiqli yerini tutmasına təsir göstərdi. Bu gün Azərbaycan digər dövlətlərlə münasibətlərdə etibarlı tərəfdaş və söz sahibliyinə malik olan bir ölkədir. Məhz bu gün Azərbaycan sözünü döyüş meydanında deyərək, ərazi bütövlüyünün bərpa olunmasına nail olan güclü dövlətdir. Azərbaycan xalqı tariximizin şərəfli dönəmini yaşayır. Xalqımız bu tarixin həm istedadlı müəllifi, həm müzəffər iştirakçısıdır. Ölkəmiz bir çox regional, beynəlxalq tədbirlərə evsahibliyi edərək, nümunəvi təcrübənin meydana qoyulması ilə seçilən dövlətlərdəndir. Bu gün dünya birliyi Azərbaycanın hərbi, antiterror əməliyyatlarının aparılmasında dünya miqyasında bu günə kimi görünməyən strategiyanı nümayiş etdirdi. Ali Baş Komandanın hikməti, diplomatik kübarlılığı, siyasi səriştəsi, heyrətamiz təmkini və səbri, əsgərlərimizin misilsiz şücaəti, millətimizin mübarizlik əzmi və həmrəyliyi dünya ictimaiyyətinin gözü önünə qoyuldu. Ermənistan-Azərbaycan münaqişəsinin və Qarabağ probleminin tənzimlənməsi, işğal olunmuş ərazilərin azad edilməsi, dövlətin ərazi bütövlüyünün bərpası, Ermənistan tərəfindən hərbi təcavüzün ağır nəticələrinin aradan qaldırılması, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması mühüm istiqamətlərindən biri idi. Ulu Öndərin sağlığında səsləndirdiyi “Gün gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq” fikri bu gün yeni bir təzahürünü tapır. 27 sentyabr 2020-ci ildən Azərbaycan dünyaya növbəti dəfə şəfəq saçdı. Bu şəfəq ilə millətimizin yenilməzliyinin, məğrurluğunun, məğlubedilməzliyinin nümayişi yer aldı.
Ulu Öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” sözləri Azərbaycan xalqının milli özünüdərkinin, milli özünəqayıdışının, milli mənliyinın oyanmasının düsturuna çevrilmişdir. Azərbaycanımız gücləndi, inkişaf etdi, xarici qüvvələrə müqavimət göstərə biləcəyi qədər qüdrətləndi. Cənab Prezident İlham Əliyev milli şüuru formalaşmış, milli ləyaqət hissi möhkəmlənmiş xalqımıza yeni düstur təqdim etdi. “Qarabağ Azərbaycandır!” şüarı Vətən müharibəsinin şüarı olaraq gələcək nəsillər üçün, ulu torpaqlarımızın bölünməzliyinin, ərazi bütövlüyümüzün müqəddəsliyinin, xalqımızın yenilməzliyininin, milli həmrəyliyimizin və milli qeyrətimizin əbədi şüarıdır.
Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova
Şərh yazılmayıb.