Huquqaz.com

Andına və xalqına sadiq qalmış Ulu Öndər

04.10.2022
2.145
Andına və xalqına sadiq qalmış Ulu Öndər

Andına və xalqına sadiq qalmış Ulu Öndər

Ümummilli lider Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Ulu Öndər Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Ümummilli liderin andiçmə mərasimindəki nitqini yada salaq: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.
Ulu Öndər xalqa verdiyi sözə sadiq qaldı, 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. İlk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparan Ümummilli lider qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirdi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitliyi bərqərar etdi. Ulu Öndərin uzaqgörən siyasəti və idarəçiliyi ilə dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Ulu Öndər Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir. Siyasi uzaqgörənliyində, fitri istedadında, müdrikliyində, ölçülüb-biçilmiş qərarlarında, qətiyyətliyində, siyasi iradəsində, dərin zəkasında, ensiklopedik biliyə malik olmasında, geniş dünyagörüşündə, milli maraqlara əsaslanmasında, tarixi şəraitdən düzgün baş çıxarmasında, zaman və məkan amilini qiymətləndirməsində, dözüm və səbrliliyində, nəzəriyyəyə istinad etməsində və bir çox digər məsələlərdə Ümummilli lider Heydər Əliyevin fenomenallığı sübut olunmuş faktdır.Ulu Öndər xalqımıza yeni bir nəfəs,bir can oldu.Dahi rəhbərin hakimiyyəti illərində ölkəmiz uğurlu inkişaf yolu keçdi və bu gün bu yol Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən yüksələn xətlə davam etdirilir.

 

Jalə Kərimli – Fəal gənc

Şərhlər

Şərh yazılmayıb.