Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin təməlində duran siyasi irsi
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin təməlində duran siyasi irsi
Hər bir dövlətin inamlı inkişafını təmin edən strateji amillərdən biri də liderlik fenomenidir. Tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Bu mənada Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu və inkişafı liderlik amili ilə birbaşa bağlıdır.
İnkaredilməz reallıqdır ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət Heydər Əliyev olmuşdur. İctimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslər aradan qaldırıldı. Təsadüfi deyil ki, Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrilmişdir.
Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Ən əsası, Azərbaycanda uğurlu dövlət quruculuğu prosesinin əsası qoyuldu. Təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması bu kontekstdə xüsusi əhəmiyyətə malikdir. Dövlət quruculuğu prosesi fonunda müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsi, parlament seçkilərinin keçirilməsi dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları təmin edildi.
Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar da xüsusi vurğulanmalıdır. Digər tərəfdən, ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi. Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən mühüm faktor oldu. Bir sözlə, Ulu Öndər Azərbaycanı sözün əsl mənasında müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi. Praqmatik xarici siyasət nəticəsində Azərbaycan nüfuzlu dövlətə çevrildi, ölkəmizin dostlarının və tərəfdaşlarının sayı artdı.
Ümumilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsini, ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin formalaşmasını da təmin etdi. Ulu Öndərin həyata keçirdiyi praqmatik xarici siyasət kursunun mühüm istiqamətlərindən birini enerji resurslarından səmərəli istifadə olunması və bu kontekstdə Azərbaycanın etibarlı strateji tərəfdaşa çevrilməsi təşkil edirdi. İlk növbədə, 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə “Əsrin müqaviləsi” adlanan beynəlxalq saziş imzalandı. Bununla da Azərbaycanın iqtisadi müstəqilliyinin və dünya iqtisadi sisteminə inteqrasiyasının möhkəm təməli qoyuldu.
Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində imzalanmış “Əsrin müqaviləsi”ndən başlanan enerji siyasəti Azərbaycanın regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatına müstəsna töhfələr bəxş etməsini şərtləndirməklə yanaşı, ölkəmizin gücünü və nüfuzunu artıran faktor kimi çıxış etdi. Bundan sonra milli maraqlarımıza müvafiq enerji layihələri gerçəkləşdirildi və bütün bunlar Azərbaycanın etibarlı strateji tərəfdaş kimi ikitərəfli və çoxtərəfli xarici əlaqələrinin səmərəlilik səviyyəsini artırdı. Ölkəmiz miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli strateji layihələrin əsas iştirakçısına çevrildi.
Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan yüksəlişə və dinamik inkişafa nail olub. Cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi yazılır. Dövlət başçısının rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunur. Ötən müddət ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyinə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib. Təbii ki, bu inkişafın və sabitliyin əsasında uğurla reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmini və davamlı olması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir Azərbaycanın gerçəklikləridir. Digər tərəfdən, çoxşaxəli, tarazlaşdırılmış, milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb.
Ən mühüm məqam isə budur ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti layiqincə davam etdirən Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar onun rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin yazdıgı Qələbə salnaməsinin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. İlham Əliyev son 200 illik tariximizdə ilk dəfə torpaqlarımızı işgaldan azad edən müzəffər Sərkərdə oldu. Bu həm də Prezidentin ATA vəsiyyətini yerinə yetirməsi idi.
Hazırda ölkəmizin qarşısında mühüm vəzifə – işğaldan azad edilmiş ərazilərin bərpası və insanların öz doğma yurdlarına qayıtması durur. Şübhə yoxdur ki, Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu mərhələni də uğurla dəf edəcək və müstəqil ölkəmiz quruculuq sahəsində də zəfər qazanacaq.
Könül Rəhimova
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru
Şərh yazılmayıb.