Huquqaz.com

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir

19.07.2022
1.971
Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirədə Prezident İlham Əliyev 6 ayın yekunlarını müsbət qiymətləndirmiş, ölkə həyatının bütün istiqamətləri üzrə inkişaf dinamikasının əldə edildiyini vurğulamışdır. Məsələyə bu xüsusda yanaşdıqda xarici siyasət sahəsində əldə edilmiş uğurlar daha böyük miqyası ilə seçilmişdir. Bu, ilk növbədə, Qoşulmama Hərəkatına Azərbaycanın uğurlu sədrliyində öz təsdiqini tapmışdır. “Bizim sədrliyimiz bildiyiniz kimi, 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılıb. Bu, onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır. Biz də məsuliyyətli ölkə olaraq və Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına da böyük töhfə vermişik. Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması idi. Bakıda keçirilmiş bu önəmli tədbir bir daha göstərdi ki, bu Hərəkatın çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır” ,- deyən Prezident İlham Əliyev əslində sadalalan addımlar fonunda bu Hərəkatın gələcəkdə beynəlxalq təşkilata çevrilməsinin mümkünlüyünün anonsunu vermiş oldu. Bu reallığın formalaşmasında Azərbaycanın sədr dövlət olaraq oynadığı rola toxunan dövlətimizin başçısı xüsusi olaraq qeyd etdi ki, COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsində, bu konteksdə ehtiyacı olan 80-dən artıq üzv ölkələrə iqtisadi, maliyyə və humanitar yardımların göstərilməsində ölkəmizin xidmətləri kifayət qədər böyükdür.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Respublikasının müstəqil və milli maraqlara əsalanan uğurlu xarici siyasət kursu sayəsində dünyanın diğər aparıcı beynəlxalq təşkilatları və güc mərkəzləri ilə münasibətləri yüksələn xətt üzrə inkişaf etmişdir. Bu, baxımdan İslam Əməkdaşlıq Təşkliatı ilə əməkdaşlıq xətti artma dinamikasına malik olmuşdur. Bu məsələyə diqqət çəkən dövlət rəhbərimiz vurğulamışdır ki, sözügedən qurumun yeni rəhbəri Azərbaycanda olmuş və bu səfəri çərçivəsində işğaldan azad edilmiş ərazilərimizə-Füzuliyə və Şuşaya getmişdir. Bu səfərin əhəmiyyətinə və bütövlükdə İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərin dərinləşdirilməsinə toxunan cənab İlham Əliyev xüsusi olaraq vurğulamışdır ki, “Əlbəttə ki, biz görüş zamanı Ermənistanın Azərbaycana qarşı, bizim mədəni irsimizə qarşı törətdiyi vandalizm haqqında danışmışıq. Bu gün azad edilmiş torpaqlara səfər edən hər bir insan, – istər Azərbaycan vətəndaşı olsun, istər xarici vətəndaş olsun, – erməni vəhşiliyinin təzahürlərini öz gözü ilə görür. Biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində öz fəaliyyətimizi bundan sonra da uğurla davam etdirəcəyik.”

 

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

Şərhlər

Şərh yazılmayıb.