Huquqaz.com

Xoşbəxt nəsil

28.09.2022
1.431
Xoşbəxt nəsil

Xoşbəxt nəsil

 Ulu Öndər Heydər Əliyev demişdir: “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”. Bu müdrik kəlamı ilə ölkə gənclərinə verdiyi önəmi vurğulayan Ümummilli Lider 1993-cü ildə hakimiyyətə qayıdışından dərhal sonra gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Ümummilli Lider Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb.

Ulu  Öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyuldu.

Bu gün ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Gənclər siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Cənab Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir.

Cənab Prezident İlham Əliyevin Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfəri zamanı “son 17 ildə yetişən gənclər bu torpaqları azad etdilər” fikri heç də təsadüfi deyildi. Bu fikrin arxasında gənclərimizin inkişafı, düzgün tərbiyə edilməsi istiqamətində görülən uzun illərin fəaliyyəti dayanır. Azərbaycan gəncliyi vətənpərvər, cəsarətli və güclüdür. Ona bu gücü verən, özünəinam hissini təlqin edən isə ailə, vətən, torpaq sevgisidir. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycan gəncliyinin müstəsna xidmətləri var. Doğrudur, Qarabağımızın azad edilməsində bütün nəsillərin nümayəndələri fədakarlıq nümayiş etdiriblər. Amma cənab Prezidentin də qeyd etdiyi kimi, əsas yük, əsas vəzifə gənclərin çiyinlərinə düşüb və onlar bu vəzifəni şərəflə, ləyaqətlə yerinə yetiriblər.

44 günlük Vətən müharibəsində Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

Şərhlər

Şərh yazılmayıb.