Huquqaz.com

Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir

21.09.2022
1.825
Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir

Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir.

Əlverişli coğrafi mövqeyindən yararlanaraq mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə çevrilən Azərbaycan Cənubi Qafqazın geoiqtisadi, logistik mərkəzi kimi qəbul edilir. İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan ölkəmiz müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir.

Əlbəttə ki, müxtəlif ölkələri birləşdirən nəqliyyat layihəsinin təməlində geosiyasət dayanır və bu layihələr siyasi vəziyyətə təsir edir, sabitliyə töhfə verir. Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan yolun üzərində yerləşən Azərbaycan bu imkanından istifadə etməklə qitələri və ölkələri birləşdirir. Ölkəmizin ərazisindən keçən “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın logistik haba çevrilməsi üçün real imkanlar yaradır.

Azərbaycanın Avrasiyanın əhəmiyyətli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsinə yönəlmiş irimiqyaslı infrastruktur layihələri, ən yeni texnoloji standartlar səviyyəsində Gəmiqayırma Zavodunun istifadəyə verilməsi, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı və 2018-ci ildə Xəzərdə ən böyük Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi son illər Azərbaycanda bu istiqamətdə məqsədyönlü strateji planın uğurla reallaşdırılmasının bariz nümunələridir.

Azərbaycan Prezidentinin təşəbbüsü və prinsipial mövqeyi sayəsində tikilən və əhəmiyyətinə görə “Dəmir İpək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Asiya və Avropa dəmir yollarının inteqrasiyasına öz töhfəsini verməkdədir.

Sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxış edən Prezidentimiz cənab  İlham Əliyev Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə ətraflı məlumat verərək dedi ki, ölkəmiz “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib.

 

Zərdab rayon  Qaravəlli kənd tam orta məktəbin müəllimi- Əfsanə Şirinova

Şərhlər

Şərh yazılmayıb.