Xalq-dövlət birliyi
Xalq-dövlət birliyi.
13 sentyabr 2022-ci il səhərini cəbhə xəttindən həyəcan dolu xəbərlərlə açdıq: yenə ərazi bütövlüyümüzə qarşı təxribat, yenə atəş səsləri və nəticədə yenə insan itkiləri. Səbəb birdir – məğlub Ermənistanın əvvəl-axır, gec-tez birdəfəlik sonuna çıxacaq, onu dünya xəritəsindən siləcək “Böyük Ermənistan xülyaları”, revanş hissləri ilə alışıb yanmaları. Ermənilərin belə təxribatlara əl atması nə birinci, nə sonuncudur. Ermənistan tərəfi, onların havadarları anlamalıdırlar törətdikləri təxribatlarla heç nə əldə edə bilməyəcəklər. Onların qarşısında güclü və yenilməz, iki il öncə təcavüzkar ordularını məhv etmiş Qalib rəhbər, Müzəffər ordu dayanır. Ona görə hələ də gec deyil, yeni reallıqları qəbul etmək lazımdır, insan itkiləri ilə nəticələnən təxribatlardan əl çəkilməlidir. Başa düşürük, Ermənistanın keçmiş və indiki rəhbərliyi üçün insan həyatının heç bir dəyəri yoxdur. Əks halda 44 günlük Vətən Müharibəsində aldıqları zərbələrin ağrı-acısı unudulmamış, yeni müharibəyə səbəb olacaq davranışlar sərgiləməzdilər. Azərbaycanın sülh səylərinə qarşılıq verməlidirlər. Əks halda yanlış düşüncələri ilə, nəinki Qafqazdan, Yer kürəsindən silinib, yox olmaları an məsələsi olacaq.
Özünü ən müxtəlif formalarda göstərən ümumxalq həmrəyliyi milli ordumuzun güc mənbəyidir. İkinci Qarabağ müharibəsi dövründə və 12-13 sentyabr tarixlərində ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatı zamanı da xalqımız ordu ilə və Ali Baş Komandanla birlikdə olduğunu bir daha göstərdi. Xalqımızın orduya göstərdiyi həmrəyliyin sarsılmaz əsasları var. Ordumuzun böyük rəşadət göstərməsi, bir addım da geri çəkilməməsi, bütün mövqeləri şərəflə qoruya bilməsi, düşməni böyük itkilərə məruz qoyması, səngərlərdə sıravi əsgərlərlə general və zabitlərin yanaşı həlak olması cəmiyyətimizin orduya inam və rəğbətini bir daha artırır və bu da insanların fəal dəstəyini birbaşa müəyyən edən faktorlardır. Vətənpərvər gənclərin orduya könüllü dəstək nümayişləri əyani sübut edir ki, ordumuzla cəmiyyətin birliyi möhkəmdir.
Hərbçi arxa cəbhədən arxayın olanda daha böyük güclə, həvəslə döyüşür. Bu həmrəyliyi ən kiçik elementdə belə görmək olar, məsələn, cəbhə bölgəsinə yaxın kəndlərdə yaşayan insanların dəstəyindən, onların əsgərlərimizə münasibətindən, yəni hər kəs gücü çatan köməkliyi etməyə çalışır. Azərbaycan xalqı heç vaxt demədi ki, şəhidlərimiz var, döyüşü dayandırın, əksinə yalnız irəliyə səslədilər. Biz dünyaya ordu ilə cəmiyyətin həmrəyliyini nümayiş etdirə bildik. Son döyüşlər də bir daha göstərdi ki, hər bir hərbçimiz ölkə sərhədlərini qorumağa və düşmənə layiqli cavab verməyə hazırdır. Erməniləri ciddi şəkildə narahat edən və qorxu altında saxlayan başlıca amil də elə budur. Danılmaz faktdır ki, bu gün adı güclü ordular sırasında çəkilən Azərbaycan Ordusunda iradəli, əzmli, cəsarətli, qəhrəman və gənc nəslə nümunə olan qeyrətli Vətən oğullarımız var. Vətənin, millətin keşiyini çəkən oğullarımızın arxasında da Azərbaycan xalqı dayanır.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə.
Şərh yazılmayıb.