Xalqa həsr olunmuş ömür
Xalqa həsr olunmuş ömür
Müasir Azərbaycan tarixindən söhbət düşəndə ilk öncə gözümüzün önündə bütün həyatını xalqının xoşbəxtliyinə həsr edən Heydər Əliyev canlanır. Özünün dediyi kimi azərbaycanlı olması ilə daim qürur duyan bu böyük şəxsiyyətin həyatının 40 ildən artıq bir dövrü ölkəmizin tərəqqisi naminə apardığı mübarizəyə həsr olunub. Odur ki, Azərbaycanın inkişaf prosesinin əsasını qoyan, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyev xalqımızın qəlbində daim yaşayır və yaşayacaqdır.Ümummilli lider Heydər Əliyev XX əsrdə xalqımızın taleyində müstəsna rolu olan belə tarixi şəxsiyyətdir. Aradan illər, onilliklər keçdikcə Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərinin nəticələrini daha yaxından görür, mahiyyətini daha dərindən anlayırıq.Heydər Əliyev həm sovet hakimiyyəti illərində, həm müstəqillik dövründə Azərbaycan dövləti qarşısında olduqca böyük və tarixi xidmətlər göstərmişdir. Ulu Öndərin respublikamıza ilk rəhbərliyi 1969-cu ildən başlayır. Həmin dövrü xatırlayanlar yaxşı bilirlər ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində yeniliklər baş verdi.
1993-cü ilin iyununda Azərbaycan xalqı dövlətin idarə olunmasını Heydər Əliyevə etibar edəndə, bu dövlətin taleyi Tanrının ümidinə qalmışdı. Ölkədə hakimiyyətsizlik, hərc-mərclik baş alıb gedirdi.Ümummilli lider Heydər Əliyev o dövrdə 1993-cü ilin iyunundan başlayaraq, ilk növbədə, hakimiyyət boşluğu aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində baş qaldırmış separatçı qüvvələr və parçalanma meyilləri sağlam düşüncəli vətəndaşların, xalqın böyük əksəriyyətinin fəal köməyi ilə zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr ləğv edilməyə başlandı, Azərbaycan dövlətçiliyinə, müstəqilliyə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi və cəzalandırıldı. Dövlət qurumları ilə xalqın birliyi, yekdilliyi təmin edildi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarda dövlətə və Vətənə mənsubluq hissləri aşılanmağa başlandı.
Məhz Heydər Əliyevin qayıdışı ilə Azərbaycan xalqında ruh yüksəkliyi, öz gələcəyinə inam yarandı və Heydər Əliyev ölkəyə milli dövlətçilik yaratmağın mümkün olması barədə yeni stimul verdi, zaman-zaman Azərbaycanın başı üstündə dolaşan qara buludlar dağılmağa başladı, Azərbaycan parçalanma təhlükəsindən xilas oldu. Nəzərə alsaq ki, milli azadlığa gedən yol məhz milli oyanışdan, milli dirçəlişdən, milli ruhun canlanmasından keçir, onda Heydər Əliyevin gəlişinin nə demək olduğunu açıqlamağa ehtiyac qalmır. Ümummilli liderimiz Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmağa yönəlmiş, xarici siyasətinin əsasını isə sülh, beynəlxalq hüquq normalarına, dövlətlərin ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edirdi. Onun sülhsevər xarici siyasətinin əsasında ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması dayanırdı. Bu prinsipləri çox məharətlə həyata keçirən Ümummilli Lider Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı onu dünya siyasətinin tamhüquqlu subyektinə çevirdi.
Ulu öndərt Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması idi. Bu həm də Ulu Öndərin möhtərəm İlham Əliyevə ata vəsiyyəti idi. Prezidentimiz İlham Əliyev bu vəsiyyəti layiqincə, əsl Azərbaycan oğluna məxsus şəkildə yerinə yetirdi. İndi Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Çünki bu qələbə ilə Prezident, Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin vəsiyyətini, xalqımızın arzusunu yerinə yetirdi.44 günlük Vətən müharibəsi günlərində xalqımız cənab Prezidentimiz İlham Əliyevin necə bir qətiyyətli, cəsarətli lider olduğunu gördü. Dövlət başçısının müdrikliyi, nüfuzu, xarizması nəticəsində beynəlxalq ictimaiyyət Azərbaycanın haqq işinə ehtiramla yanaşdı. Təsadüfi deyil ki, beynəlxalq ictimaiyyət İkinci Qarabağ müharibəsinin nəticələrini tam qəbul edir. Eyni zamanda bütün dünya Azərbaycanı qüdrətli və həm də güclü lideri olan dövlət kimi tanıyır.
Zərdab rayon Şıxbağı kənd tam orta məktəbin direktoru -Sabir Əhmədov
Şərh yazılmayıb.