Huquqaz.com

Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

04.09.2022
1.744
Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndərimiz Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdı. Sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı.  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarlar o illərdə nəinki Naxçıvan üçün, Azərbaycan üçün də mühüm əhəmiyyətə malik idi. 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilən Ümummilli liderimiz Heydər Əliyev Naxçıvanda mövcud ictimai-siyasi böhranı aradan qaldırmaq istiqamətində yorulmaz fəaliyyətə başladı. Muxtar Respublikanın siyasi və hüquqi əsaslarının gücləndirilməsi, qanunçuluğun möhkəmləndirilməsi istiqamətində Dahi şəxsiyyətin rəhbərliyi ilə bir sıra layihələr hazırlanıb həyata keçirildi. Ulu Öndər Heydər Əliyev dühası və dövlətçilik təcrübəsi sayəsində heç kəsin görə bilməyəcəyi işlər Muxtar Respublikada qısa müddətdə həyata keçirildi. Naxçıvan Ali Məclisi Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə artıq milli dövlətçilik ənənələrinin təşəkkül tapmasına istiqamətlənmiş mühüm tarixi qərarları qəbul etməkdə davam edirdi. Əvvəlcə hadisələrin sürətlə fəlakətə doğru inkişafının qarşısı alındı. Muxtar Respublikanın ağır hərbi blokada şəraitindən çıxarılması istiqamətində gərəkli addımlar atıldı. Naxçıvan Muxtar Respublikasında tənəzzülün qarşısı alındı, aqrar islahatlar reallaşdırıldı, infrastrukturun yaradılması istiqamətində ardıcıl işlər görüldü. Bütövlükdə həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasının həyatında dönüş nöqtəsi olmaqla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.

Zərdab rayon Gənclər və İdman idarəsinin rəis müavini- Əvəz Soltanov

Şərhlər

Şərh yazılmayıb.