Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır
Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır
Regional və beynəlxalq təhlükəsizliyin təmin olunması baxımından Azərbaycan-NATO əlaqələri xüsusilə vurğulanmalıdır. Təşkilat ənənəvi təhdidlər, terrorizm və digər məsələlərə qarşı mübarizədə əməkdaşlığını genişləndirərək NATO üzvü olmayan ölkələrlə də hərbi-strateji münasibətlər qurub. Hazırda qarşılıqlı anlaşmaya əsaslanan bu əməkdaşlığı genişləndirir. Təbii ki, bu addımlar yeni müstəqil ölkələrin dərhal təşkilata üzv olacağı anlamına gəlmir. NATO-ya üzv olmaq çoxmərhələli və mürəkkəb bir prosesdir. Azərbaycan qlobal sistemə inteqrasiya prosesindədir. Beynəlxalq arenada ciddi uğurları, regional və qlobal enerji layihələrində etibarlı tərəfdaşlığı, qalib dövlət imici dünya ölkələrinin Azərbaycana olan marağını artırmaqdadır. Hərbi-siyasi təşkilatlar arasında Şimali Atlantika Müqaviləsi Təşkilatı ilə əməkdaşlıq dövlətimizin xarici siyasət strategiyasında mühüm yer tutur. Mövcud olduğu geosiyasi region və bu bölgədə yaratdığı yeni reallıq ölkəmizi bütün imkanlardan istifadə edərək beynəlxalq əlaqələrini genişləndirməyə, müstəqilliyinə və ərazi bütövlüyünə təhdidlərə xüsusi diqqət yetirməyə vadar edir. Azərbaycan özünün milli maraqları əsasında NATO-ya paritet inteqrasiya strategiyası həyata keçirir ki, bu da milli, regional və beynəlxalq təhlükəsizlik nöqteyi-nəzərindən olduqca mühüm əhəmiyyət kəsb edir. Bu həm milli maraqlarımızın təmin olunması, həm də regional, beynəlxalq təhlükəsizliyə fundamental töhfələr bəxş edilməsi nöqteyi-nəzərindən strateji önəm daşıyır.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova
Şərh yazılmayıb.