“Azərbaycan İncəsənət Məktəbinin şagirdləri şanslıdırlar” – Teatrşünas
“Bəzi insanlar incəsənəti başa düşür, bəziləri hiss edir, bəziləri isə həm başa düşür, həm də hiss edir” Robert Uilyam Holli (Amerikalı biokimyaçı)
Bəli, həqiqətən də belədir…
İncəsənət nümayəndələri hər zaman öz tələbələrinə adətən bu iki fikri təbliğ edirlər. Mədəniyyəti və incəsənəti başa düşmək və onu hiss etmək hər bir insana, hər sənət ocağına nəsib olmur. Bu baxımdan Azərbaycan İncəsənət Məktəbinin şagirdləri şanslıdırlar. AİM-in şagirdləri ilə söhbət zamanı onlar bildirdilər ki, Azərbaycan İncəsənət Məktəbi onların indiki və gələcək həyatlarında böyük önəm kəsb edir.
Azərbaycan İncəsənət Məktəbi (AİM) 1 yanvar 2022-ci il tarixindən etibarən fəaliyyətə başlayıb. AİM-in təsisçisi Fərid Bağırov, direktoru Tural Əliyevdir. Tural Əliyev həmkarı Fərid Bağırov ilə birgə İncəsənət Məktəbini yaradaraq istedadlı gənclərə aktyorluq sənəti və incəsənətin digər sahələri üzrə öz bilik və bacarıqlarını inkişaf etdirmək üçün böyük imkanlar yaradıblar.
Azərbaycan İncəsənət Məktəbinin nəzdində aktyorluq məktəbi yaradılıb. Bura müxtəlif sənət növləri daxildir:
1. Aktyor sənəti
2. Səhnə danışığı
3. Səhnə döyüşü
4. Rəqs
5. Vokal
6. Rəsm
7. Səhnə hərəkəti
8. Qılınc təlimi
9. Kamera qarşısında oyun
10. Plastika və pantomima
11. Rejissorla iş
12. Ritmika
13. Qrim
14. Aktyor sənəti nəzəriyyəsi
15. Xoreoqrafiya
16. Dublyaj
17. Qrafik-dizayn
Azərbaycan İncəsənət Məktəbində 50-yə yaxın şagird təhsil alır. Rus bölməsi üzrə də qruplar fəaliyyət göstərir.
AİM-in müəllim kollektivinin üzvləri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professional müəllim heyətidir:
Pərviz Məmmədrzayev- Xalq artisti
Məmmədsəfa Qasımov- Xalq artisti, professor
Sain Fərhad- Hollivud akademiyasının məzunu, 1-ci dərəcəli döyüşçü
Gümrah Ömər- Azərbaycan Dövlət Yuğ Teatrının rejissoru, Səda Tədris Teatrının direktoru
Fərid Bağırov- Respublika üzrə 1-ci dərəcəli “Gənc Bədii Qiraətçi” laureatçısı, respublika və beynəlxalq tədbirlərin aparıcısı, qiraətçi, aktyor
Abdulla Elşadlı- Boris Şukin adına Moskva Dövlət Teatr İnstitutunun məzunu, Vaxtanqov məktəbinin davamçısı, Rus Dram Teatrının aktyoru
Racu Şıxlı- rejissor müəllimi, yeniyetmələrdən ibarət qrupun kurs rəhbəri
Nərmin Əliyeva- Qrafik-dizayn üzrə müəllim
Zeynəb Tahir- rejissor
Raciyyə Əsgərova- peşəkar vokalist
Ləman Şəfəqətova- Xoreoqraf
Ramil Zeynalov – peşəkar aktyor.
Volter Vitmen demişkən, “İncəsənət bütövdür. O, yalnız Şərqə, yaxud yalnız Qərbə aid ola bilməz”.
Bu məktəbin əsas özəlliyi buradakı kollektiv və şagirdlər arasında güclü birliyin olmasıdır.
AİM aktyorlar və incəsənətin digər sahələrində təhsil alan tələbələr üçün ödənişsiz təlimlər təşkil edir və tələbələr məktəb tərəfindən sertifikatla təltif olunur. Abdulla Elşadlının “ Aktyor sənətinin Biznes həyatınızdakı rolu”, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Anar Babalının “ Teatr rejissorluğunda müşahidənin rolu və önəmi” adlı təlimlər keçirilib.
Teatr Xadimləri İttifaqının gənclər sektorunun müdiri Dağlar Yusifin “Müasir incəsənətdə aktyor sənətinin yeni formasiyaları” adlı təlimi baş tutub.
“Dolu”, “Savaşçı”, “Ata ocağı”, “Tufanlı səma” , “ Sənin deyil”, “ İkinci bahar” , “Qanun naminə” , “Son hədd”, “Sənə inanıram” , “Sübhün səfiri”, “Tərsinə çevrilən dünya” , “Durnalar qayıdanda”, “Biznesmen həyatımın rolu” kimi ekran işlərində aktyor və rejissor kimi çalışan Elvin Əhmədov məktəbin qonağı olub. Məktəbin gənclərinə aktyor sənətinin predmetlərindən ətraflı məlumat verərək gəncləri maarifləndirib.
Məktəbdə təlimçi İmran Ali Qurban tərəfindən “ Aktyor olmaq üçün nə etməliyəm” təlimi keçirilib. Təlim zamanı “Aktyor sənəti” ixtisası üzrə bu sənətin əsasları, obraz və mətn üzərində iş prosesləri, bədii zövqün formalaşması haqqında məlumat verilib.
Avqust ayının 21-də Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru, prezident mükafatçısı Vüsal Mehrəliyevin “Vaxtanqov məktəbin əsasında aktyor və rejissor sənətinin prinsipləri” adlı təlimi keçiriləcək.
Avqust ayının 28-də isə Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü ilə şair, yazıçı, kinodramaturq İlqar Fəhmi ilə görüş keçiriləcək.
Azərbaycan İncəsənət Məktəbi vətənin azadlığı uğrunda canından keçmiş şəhid qardaşlarımızın övladlarından öz qayğı və diqqətini əsirgəməmişdir. “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin (UYD) dəstəyi, “ Yardım Yolumuz” və “Lead Education”, Təhsil İnkişaf Mərkəzinin təşəbbüsü ilə Vətən müharibəsində şəhid olan hərbçilərin övladlarına ödənişsiz 3 aylıq aktyor sənətinin əsaslarının öyrədilməsi, eyni zamanda “Mən Atamın Davamçısıyam” adlı layihəyə start verilib.
Layihənin əsas məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanları yenidən anmaq, şəhidlərimizin övladlarına qarşı xalqın və dövlətin qayğısının daimi olduğunu hiss etdirməkdir.
Azərbaycan İncəsənət Məktəbinin növbəti uğurlarından biri məktəbin fəaliyyətinə görə mükafatlandırılmasıdır. Emedia qrupunun təşkilatçılığı ilə 22 iyul milli mətbuat gününün 147-ci il dönümünə həsr olunmuş “ Əkinçi Milli Mükafat” təqdimetmə mərasimi keçirilmişdir. Tədbirdə dövlət nümayəndələri, media təşkilatları, televiziya kanalları və jurnalistlər iştirak etmişdir. Əvvəlcə Azərbaycan Respublikasının himni səsləndirilib və sonra 2-ci vətən müharibəsində canlarından keçmiş qəhrəmanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Azərbaycan İncəsənət Məktəbinin şagirdləri tərəfindən “ Əkinçi” səhnəciyi ilə tədbirə start verilib.
Səhnədə yüksək performans nümayiş etdirdiklərinə görə AİM və şagirdləri Emedia qrupunun təsis etdiyi “ Əkinçi” mükafatına layiq görülüb.
Mayın 8-də Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində Azərbaycan İncəsənət Məktəbinin (AİM), Bakı Teatr Mərkəzinin və “ Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin (UYD) təşkilatçılığı ilə yazıçı-dramaturq Pərvin Nurəliyevanın “ Dəcəl Keçi” pyesi əsasında quruluş verilmiş eyniadlı tamaşa balacalara təqdim olunub.
Modern üslubda olan tamaşada bütün
rolları AİM-in kiçik yaşlı aktyor tələbələri- Selcan Bəşirli, Vaqif Babayev, Günhan Cabbarlı, Selin Əhədzadə, Əmrah Əlizadə, Aysu Yusifova, Elcan Yusifzadə, Tural Məmmədli, Elcan Qarayev canlandırıblar. Səhnə əsərinin quruluşçu rejissoru Racu Şıxlıdır.
AİM-in nəzdində uşaqlar və xanımlar üçün ənənəvi oxçuluq kursları yaradılıb. Kursda türk oxçuluğu tarixi, fəlsəfəsi və mədəniyyəti, fiziki hazırlıq, təhlükəsizlik qaydaları, terminlər, texniki biliklər, stresli vəziyyətdə atışlar öyrədilir.
Azərbaycan İncəsənət Məktəbi aktyor olmaq arzusunda olan gənclərə səslənir: “Əslində aktyor sənəti düşündüyünüz qədər də çətin deyil. Sadəcə onu çətinləşdirən insan özüdür. Aktyor olmaq istəyirsən? Azərbaycan İncəsənət Məktəbi Səni gözləyir!
R.Rollan: “ Həyatın bütün sevinci yaradıcılıqdadır”… Həyatınızın və yaradcılığınızın sevincə qərq olmasını istəyirsinizsə, Azərbaycan İncəsənət Məktəbinə gəlin. Yaradıcı kollektivə uğurlar arzu edirəm!
Hörmətlə: ADMİU-nun “ Teatr Sənəti” fakültəsinin tələbəsi, teatrşünas Sabina Zeynalova.
Şərh yazılmayıb.