Huquqaz.com

Heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgərlərimizdir

28.07.2022
1.564
Heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgərlərimizdir

HEÇ KƏS UNUTMAMALIDIR Kİ, AZAD EDİLMİŞ TORPAQLARIMIZA BAYRAĞIMIZI SANCAN BİZİM QƏHRƏMAN ƏSGƏR VƏ ZABİTLƏRİMİZ OLUB

 

Azərbaycan Ordusu müasir standartlara cavab verir. Ordumuzun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu qazanılan hərbi uğurlar da aydın surətdə təsdiqləyir. Ordunun kadr potensialının artırılması, şəxsi heyətin bilik və bacarığının, döyüş ruhunun yüksəldilməsi, hərbçilərin sosial problemlərinin həlli dövlətin qarşıya qoyduğu prioritet məsələlərdəndir. Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi, bu istiqamətdə uğurlu siyasət həyata keçirir.

Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda böyük təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.

Azərbaycan Ordusunun qüdrəti daim artıb, qələbələr, nailiyyətlər bir-birini əvəzləyib. Ordumuzun Aprel döyüşlərində qazandığı qələbə, eləcə də 2018-ci ildə həyata keçirdiyi uğurlu Naxçıvan əməliyyatı ərazi bütövlüyümüzün bərpa olunacağı günün yaxınlaşdığına işarə edən mesajlar idi. Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.

Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. 44 gün ərzində müntəzəm surətdə fərqli mənbələrdən və ünvanlardan müxtəlif təzyiqlərin, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi.

İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Təsadüfi deyil ki, hazırda Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Əlbəttə ki, biz tarixi Zəfərin qazanılmasında qəhrəman hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borcluyuq. Qələbə sevincini yaşatdığı üçün dövlətimiz tərəfindən hərbçilərimiz orden və medallarla təltif olunur, şəhid ailələri və qazilər yüksək qayğı ilə əhatə olunurlar. Bir sözlə, cəmiyyətimiz hər zaman onları uca tutur. Biz müzəffər ordumuzla hər zaman qürur duyuruq!

 

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı- Xanım İmanova

Şərhlər

Şərh yazılmayıb.