Huquqaz.com

Enerji təhlükəsizliyi məsələləri bu gün üçün heç zaman olmadığı qədər vacibdir

21.07.2022
2.177
Enerji təhlükəsizliyi məsələləri bu gün üçün heç zaman olmadığı qədər vacibdir

Enerji təhlükəsizliyi məsələləri bu gün üçün heç zaman olmadığı qədər vacibdir.

 İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşü keçirilmişdir. Görüşün nəticəsi olaraq Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində strateji əməkdaşlıq haqqında qarşılıqlı anlaşma memorandumu imzalanmışdır. Anlaşmaya əsasən, bu sahədə yeni tərəfdaşlığın əsası qoyulub və bütün qaz təchizatı zənciri boyunca metan emissiyalarını azaldılmasını Avropa Komissiyası öz öhdəsinə götürüb. Layihə həm də Avropa İttifaqının Ukraynadakı müharibədən sonra Rusiya qazından asılılığını azaltmaq səylərinin bir hissəsidir. Aİ və Azərbaycan eyni zamanda, elektrik enerjisi əlaqələrinin inkişafını araşdıracaq, bərpa olunan enerjini təşviq edəcək və gələcək hidrogen ticarətini müzakirə edəcək.Bu saziş Azərbaycana da müəyyən imkanlar yaradır ki, Avropa Birliyi ilə əməkdaşlığı bir qədər də genişləndirsin.
Prezident ilham Əliyevin dediyi kimi, enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq isə böyük nailiyyətdir. İmzalanmış Memorandum vasitəsilə Cənub Qaz Dəhlizinin imkanları daha da genişləndiriləcək. Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Bir neçə il ərzində isə onun ötürücülük imkanı 20 milyard kubmetrə çatdırılacaq. Beləliklə, Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artırılacaq və gələn ildən bu göstərici 12 milyard kubmetrə yüksələcək. Müqavilədə Azərbaycandan Trans-Adriatik kəməri (TAP) vasitəsi ilə idxal edilən qazın həcminin iki dəfə artırılması nəzərdə tutulur.
Avropa İttifaqı ilə münasibətlər həmişə Azərbaycanın xarici siyasətinin prioritetləri sırasında olub və ölkəmiz Aİ ilə münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir. Avropa İttifaqı Azərbaycandan yalnız neft-qaz deyil, yaşıl enerji də almağı hədəfləyir. Uzunmüddətli planda tərəflər arasında enerji əməkdaşlığının məhz yaşıl enerji üzərində fokuslanması real perspektivdir. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, ölkəmiz xüsusilə külək enerjisi baxımından nəhəng potensiala malikdir. Bu potensial həm quruda, həm də dənizdə mövcuddur və artıq Avropa şirkətlərinin bu sahəyə marağının sürətlə artması müşahidə olunur. Bu baxımdan, memorandumda bərpa olunan enerji sahəsində tərəflər arasında mümkün əməkdaşlığın qeyd olunması Avropa İttifaqını ölkəmiz üçün yeni bazara çevirə bilər. Prezidentin də qeyd etdiyi kimi Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialının 9200 meqavat, Xəzər dənizində külək enerjisinin potensialının 157 qeqavat olduğunu nəzərə alsaq bu, Azərbaycan üçün bərpa olunan enerjinin də Aİ-yə ixrac olunması imkanları yaradır.Memorandum tərəflər arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutsa da, bütövlükdə Avropa İttifaq ilə Azərbaycan arasında strateji əlaqələrin dərinləşməsi üçün də geniş imkanlar açır.         Azərbaycan və Avropa Komissiyası arasında məhsuldar əməkdaşlıq uzun illlərdir ki, mövcuddur. Bu da Cənub Qaz Dəhlizi layihəsinin icrasında mühüm rol oynayıb və gələcək planlarımızın reallaşdırılmasına öz müsbət təsirini göstərəcək.


Zərdab rayon Şıxbağı kənd tam orta məktəbin direktoru-Sabir Əhmədov

Şərhlər

Şərh yazılmayıb.