Azərbaycanın enerji siyasəti regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır
Azərbaycanın enerji siyasəti regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır
Azərbaycan uğurlu xarici siyasəti nəticəsində bütün ölkələrlə, güc mərkəzləri ilə səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qurub və zaman keçdikcə əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin daxili işinə qarışmamaq prinsipləri əsasında inkişaf etdirilir. Hazırda Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin yüksələn xətlə inkişafı keçilən yola bir daha nəzər salmağı bir tələb kimi qarşıya qoyur. Qurumun tarixi Zəfərimizdən sonra bölgədə dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində göstərdiyi səylərdən, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin üç dəfə keçirilən görüşündən, bir sözlə, hazırda qurumun vasitəçiliyini neytrallığı qorumaq şərti ilə həyata keçirməsindən bəhs etmədən öncə enerji sahəsində əməkdaşlığımızın dünəninə nəzər yetirmək zərurəti yaranır. Avropa İttifaqı hər zaman Azərbaycanın iştirakçısı və təşəbbüskarı olduğu, dünyanın enerji xəritəsini yenidən tərtib edən layihələrini dəstəkləyir və onların uğurlu sonluqla başa çatmasına öz töhfəsini verməyə səy göstərir. Dövlət başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir, Avropa Komissiyası ilə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayır. Bu ilin iyun ayında Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində də Prezident İlham Əliyev Azərbaycanın enerji sektorunda qazandığı nailiyyətlərdən, Cənub Qaz Dəhlizinin uğurlu sonluqla başa çatmasından geniş bəhs edərək bildirmişdir ki, Azərbaycan və Avropa Komissiyası arasında məhsuldar əməkdaşlıq mövcuddur. Bu da Cənub Qaz Dəhlizi layihəsinin icrasında mühüm rol oynayıb və gələcək planlarımızın reallaşdırılmasına öz müsbət təsirini göstərəcək. Azərbaycan daim Avropa Komissiyası ilə təmasdadır. Avropa İttifaqı və Azərbaycan arasında enerji dialoqu yaradılıb. Buraya neft və qaz kimi ənənəvi sahələr, həmçinin elektrik enerjisi, bərpaolunan enerji, hidrogen və enerjinin səmərəliliyi məsələləri də daxildir.
Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Uğurlarımızın davamlılığı öz növbəsində beynəlxalq əməkdaşlığın inkişafına da öz müsbət təsirini göstərir. Bu baxımdan Azərbaycanla Avropa İttifaqı arasında 2018-ci ildə imzalanmış “Tərəfdaşlıq prioritetləri” sənədi ikitərəfli tərəfdaşlıq əlaqələrinin inkişafı üçün yeni imkanlar açdı. Avropa İttifaqı əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin və mühüm enerji layihələrinin həyata keçirilməsində rolunu yüksək qiymətləndirir. Qeyd olunan sənəddə Azərbaycanın yerləşdiyi coğrafi məkanın rolu da əsaslı şəkildə təhlil edilib. Azərbaycan müxtəlif dinlərin, mədəniyyətlərin qovşağında yerləşən ölkə olaraq mədəniyyətlər, sivilizasiyalararası dialoqa öz töhfələrini verir. Ölkəmiz, eyni zamanda, tolerant, multikultural cəmiyyətlərin formalaşmasına töhfələr verən ölkə kimi nüfuz qazanır. “Tərəfdaşlıq prioritetləri” sənədi Azərbaycanın bu sahədəki uğurlarına işıq salır. Belə ki, Avropa İttifaqı Azərbaycanın dünyəvi və müasir cəmiyyət quruculuğu sahəsində müsbət təcrübəsini yüksək qiymətləndirir.
Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Şərh yazılmayıb.