Ölkəmizin beynəlxalq nüfuzu daha da artıb
ÖLKƏMİZİN BEYNƏLXALQ NÜFUZU DAHA DA ARTIB
Azərbaycanın dinamik inkişafı bu il də uğurla davam etməkdədir. Cari ilin birinci yarısında müşahidə etdiyimiz müsbət inkişaf tendensiyaları, əldə olunan nəticələr bunu deməyə əsas verir. İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirədə dövlət başçımızın öz çıxışında qeyd etdiyi kimi, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr icra edilir. İlk növbədə, ötən dövr ərzində Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasını əldə olunan nailiyyətlər sırasında qeyd edə bilərik. O cümlədən, ölkəmizin Qoşulmama Hərəkatına sədrlik müddətinin gələn ilin sonuna qədər artırılması bu uğurun bariz göstəricilərindən biridir.
Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafına böyük töhfələr verib. Bu istiqamətdə atılan önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması idi. Azərbaycanın paytaxtında keçirilmiş bu önəmli tədbir bir daha göstərdi ki, Qoşulmama Hərəkatının çox böyük potensialı var və bu təşkilat həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün çox önəmli platformadır: Dövlətimizin başçısı, həmçinin qeyd etdi ki, Azərbaycan öz sözünə sadiq qalan ölkədir və bunun sübutu olaraq beynəlxalq arenada Azərbaycanın oynadığı rolu, göstərdiyi həmrəyliyi və ehtiyac içərisində olan ölkələrə verdiyi həm humanitar, həm də maliyyə dəstəyini misal çəkmək olar. Birmənalı olaraq demək lazımdır ki, bu gün ölkəmizin beynəlxalq nüfuzunun durmadan artması Prezident cənab İlham Əliyevin xarici siyasətinin məntiqi nəticəsidir.
Bu gün Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı möhtəşəm yenidənqurma işləri də ölkənin iqtisadi qüdrətinin daha bir nümayişi kimi qiymətləndirilməlidir: Ölkəmiz işğaldan azad edilmiş ərazilərini tamamilə yenidən qurur. Prezident İlham Əliyevin dediyi kimi, heç bir yerdən heç kim bizə bir manat yardım etməyib. Azərbaycan öz gücünə, öz imkanları hesabına şəhərlər salır, kəndləri yenidən qurur, binalar tikir. İşlərin miqyası bütün dünyanı sözün əsl mənasında heyrətə gətirir. Dövlət başçısının dediyi kimi, büdcənin böyüməsi dürüstləşmə və aparılan uğurlu islahatlar nəticəsində mümkün olmuşdur. Həmçinin iqtisadi sahədə aparılan islahatlar nəticəsində ilin ilk 6 ayı ərzində vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldı. Biznes dairələrinə imkan verildi ki, onlar kölgə iqtisadiyyatından çıxsınlar. Nəticə həqiqətən də uğurlu oldu. Həmçinin hesabat dövrü ərzində əhalinin gəlirləri təxminən 20 faiz artıb. Bütün bunlar Azərbaycan iqtisadiyyatının davamlı inkişafının bariz göstəriciləridir.
Ermənistanın bugünkü qeyri-müəyyən, daha dəqiq desək, qeyri-adekvat mövqeyi tamamilə anlaşılmazdır. Öz çıxışında Prezidentimiz cənab İlham Əliyev də bildirdi ki, cari ilin altı ayı ərzində Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr əldə olunmayıb. Bunun yeganə səbəbi isə məhz Ermənistanın hələ də öz öhdəliklərinin icrasından boyun qaçırmasıdır. İlk növbədə 2020-ci ildə imzalanmış 10 noyabr Bəyannaməsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqənin qurulması nəzərdə tutulub ki, bu günə qədər bu imkan yaradılmayıb. Zəngəzur dəhlizinin açılması isə sülh müqaviləsinin imzalanması üçün zəruri şərtlərdən biridir. Bundan başqa, son vaxtlar Ermənistan tərəfindən yenidən hansısa status haqqında fikirlər səsləndirilməyə başlanıb. Halbuki, status məsələsi ümumiyyətlə müzakirə olunmayacaq və artıq çoxdan gündəmdən çıxarılmış mövzudur. Həm də nəzərə almaq lazımdır ki, Ermənistan özü üçün faktiki kapitulyasiya aktı olan 10 noyabr Bəyannaməsini imzalayarkən Azərbaycan, Rusiya və Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə bundan sonra ümumiyyətlə toxunulmayacaq. Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, status haqqında danışmaq Ermənistan üçün çox təhlükəli bir məsələdir və bu kimi çıxışlar qarşı tərəfi daha böyük fəlakətlər qarşısında qoya bilər.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru– KÖNÜL RƏHİMOVA
Şərh yazılmayıb.